“Bakı islam həmrəyliyinə bel bağlamamalıdır” Siyasət

“Bakı islam həmrəyliyinə bel bağlamamalıdır”

Qarabağ Azadlıq Təşkilatının təşkilatçılığı ilə bu gün Bakıda Beynəlxalq Mətbuat Mərkəzində "İslam həmrəyliyi və Qarabağ" mövzusunda elmi praktik konfrans keçirilib.
Konfrasda bir sıra millət vəkilləri, politoloq və ekspertlər iştirak edərək islam həmrəyliyi haqqında müxtəlif fikirlər səsləndiriblər.
Konfrasda çıxış edən politoloq Elxan Şahinoğlu bildirib ki, hər bir dövlətin təhlükəsizlik maraqları fərqlidir:
"Fikir verin, Ermənistanın Azərbaycan torpaqlarını işğal faktı İran və ya Qətərin İrəvanla əməkdaşlığına mane olmur. Bunun özü islam həmrəyliyinin hansı vəziyyətdə olduğunu göstərir. Fikrimcə, hazırkı dünyada islam həmrəyliyi yoxdur. Ayrı-ayrı dövlətlər arasında ittifaqlar var. Bəzən islam ölkəsi təhlükəsizlik maraqları naminə xristian dövlətlə də tərəfdaş ola bilir. Məsələn, İran Rusiya ilə sıx tərəfdaşlıq münasibətləri qurub. Çünki Rusiya ilə tərəfdaşlıq İranın təhlükəsizlik maraqlarına cavab verir.
Birincisi, İran Qərbdən ala bilmədiyi müasir silahları Rusiyadan almaq imkanına malikdir.
İkincisi, İran və Rusiya Suriyada bir-biri ilə sıx əməkdaşlıq edirlər. İslam həmrəyliyi olsaydı, Suriya, İraq və Yəməndə müharibələr olmaz və ya İranla Səudiyyə arasında gərgin münasibətlər formalaşmazdı".
Siyasi şərhçi deyib ki, Səudiyyə ilə Qətər arasındakı soyuq münasibətlər də islam həmrəyliyindən xəbər vermir:
"İslam Əməkdaşlıq Təşkilatının bütün zirvə toplantılarında Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edən onlarla qətnamə qəbul olunsa da, biri də yerinə yetirilmir. Ermənistanda bilirlər ki, islam aləmində fərqli maraqları olan ölkələr var və həmin ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsələr də, əməldə bunun icrası üçün fəaliyyət göstərməyəcəklər. Məsələn, İƏT-in son zirvə toplantısında Qarabağ münaqişəsinin həllilə bağlı yaradılan Təmas Qrupunun fəaliyyətindən xəbər yoxdur".
Politoloq vurğulayıb ki, islam ölkələrinin Azərbaycanla ən böyük həmrəyliyi müsəlman ölkələrinin işğalçı Ermənistanla diplomatik münasibətlərinə son qoyması olardı:
"Son zamanlar Azərbaycan rəsmiləri bu məsələni gündəmə gətirməyə çalışırlar. Ancaq həmin müsəlman ölkələrin siyasətinə yenidən baxacağına ümid azdır. Azərbaycan Minsk Qrupunun həmsədrlərindən mədət ummadığı kimi, islam həmrəyliyinə də bel bağlamamalıdır".