“Ölkəmiz artıq regionda dövlətlərarası əlaqələr mərkəzinə çevrilir” Siyasət

“Ölkəmiz artıq regionda dövlətlərarası əlaqələr mərkəzinə çevrilir”

"Tehranda keçirilən Azərbaycan-Rusiya-İran dövlət başçılarının görüşünün iqtisadi, sosial, eyni zamanda çox mühüm siyasi əhəmiyyəti var. Azərbaycan bir-birinin ardınca uğurlu layihələrə imza atır. Yəni Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən sonra Rusiya-Azərbaycan-İran dövlət başçılarının üçtərəfli görüşü və cənub-şimal dəmiryolu xətti əlaqələrinin inkişaf etdirilməsi, eyni zamanda regionda stabilliyin, sabitliyin, təhlükəsizliyin qorunub saxlanılması istiqamətində aparılan danışıqlar çox mühüm siyasi əhəmiyyə malikdir". Bunu millət vəkili Elman Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycan regionda lider dövlət olmaqla bərabər, artıq regionda bir təhlükəsizlik, dövlətlərarası əlaqələr mərkəzinə çevrilən bir dövlətdir: "Təsəvvür edin ki, şərq-qərb magistralı və cənub-şimal magistralının kəsişməsi olan Azərbaycan paylayıcı, tranzit, idarəedici dövlət kimi çox mühüm əhəmiyyətə malikdir. Siyasəti tənzimləyən çox mühüm amillər var. Onlardan biri iqtisadiyyatdır və iqtisadi əlaqələrdir. Bu gün iqtisadi əlaqələr vasitəsilə biz siyasətimizi də tənzimləyirik. Eyni zamanda təhlükəsizliyimizin təmin olunmasına çalışırıq. Mən çox qətiyyətlə deyərdim ki, İran-Azərbaycan və Rusiya əməkdaşlığının, həmçinin Türkiyə-Gürcüstan-Azərbaycan inkişaf etməsi, genişlənməsi bizim ən ağrılı problemimiz olan Qarabağ probleminin həllinə çox müsbət təsir göstərəcək. Yəni bu gizli deyil. Ermənistana nə qədər Rusiyanın güclü təsiri varsa heç ondan az olmayanlar İran amili var. Bu dövlətlərlə bizim münasibətlərimizin bütün istiqamətlərdə inkişafı təbii ki, bu işğalçı dövlətin mövqeyində məcburən də olsa dəyişiklik yaranmasına səbəb olacaq".