İrəvanda BTQ panikasının əsl səbəbi nədir? Siyasət

İrəvanda BTQ panikasının əsl səbəbi nədir?

Ermənistanın BTQ-dən kənarda qalması regionda Azərbaycan, Gürcüstan və Türkiyənin strateji müttəfiqliyinin güclənməsinə gətirib çıxarır. Digər tərəfdən bu, Azərbaycanın regiondakı mövqeyinin daha da möhkəmlənməsi kimi xarakterizə olunur.
Bu sözləri iqtisadçı Vüqar Bayramov BTQ-nin açılışından sonra növbəti dəfə böyük transmilli layihədən kənarda qalması səbəbindən İrəvanda yaranan ciddi narahatlığın səbəblərini şərh edərkən deyib. O bildirib ki, Ermənistanın narahatlığı başadüşüləndir:
"Bakı-Tiflis-Qars dəmiryol xətti Azərbaycan və region üçün xüsusi strateji əhəmiyyət daşıyır. Bu layihədən Azərbaycan həm tranzit ölkə olaraq gəlir əldə etmək imkanları qazanacaq, həm də nəqliyyat dəhlizindən istifadə edəcək. Region üçün əhəmiyyəti isə ondan ibarətdir ki, bu nəqliyyat dəhlizlərinin birləşdirilməsinə imkan verəcək. Sözügedən dəmiryol xətti vasitəsilə artıq Avropa və Asiyanı birləşdirmək mümkün olacaq. Bu baxımdan Ermənistan bu layihəyə qoşulmaq üçün yollar axtarmaqda haqlıdır. Çünki regional layihələrdən kənarda qalmaqdan fərqli olaraq, nəqliyyat layihələrində iştirak etmək daha vacibdir. Enerji layihələrində iştirak edən ölkə yalnız tranzit haqqı əldə edirsə, nəqliyyat dəhlizlərində tranzit haqqı ilə yanaşı nəqliyyat dəhlizindən istifadə etmək imkanı da qazanır. Bu da həmin ölkənin öz məhsullarını bazara çıxarmaq və ixrac imkanlarını artırmaq kimi qiymətləndirilir".
V.Bayramov qeyd edib ki, unutmamalıyıq ki, layihənin reallaşmasına münasibətin birmənalı deyildi:
"Bəzi inkişaf etmiş ölkələr xəttin Ermənistandan keçməsi ilə bağlı şərt irəli sürmüşdülər. Buna görə də bəzi ölkələr layihənin maliyyələşdirilməsinin qadağan edilməsi ilə bağlı qərar qəbul etmişdi. O baxımdan bu layihə birbaşa Azərbaycanın və Azərbaycan prezidentinin siyasi iradəsi nəticəsində reallaşdı. Hətta Azərbaycan layihədə iştirak edən dövlətlərə kredit də təklif etdi ki, layihə reallaşsın. Bütün bunlar Ermənistanın regional layihələrdən təcrid olunması və nəticədə Ermənistan üçün perspektiv inkişaf imkanlarının əldən verilməsi anlamına gəlir. Ancaq Azərbaycan tərəfinin mövqeyi birmənalı şəkildə bundan ibarətdir ki, Qarabağ konfliktinin Azərbaycan ərazi bütövlüyü daxilində həll edilməsindən sonra Ermənistan regional layihələrdə iştirak edə bilər. Amma çox təəssüf ki, hələlik rəsmi İrəvanın mövqeyi arzuolunan deyil. Bu da məntiqi baxımdan Ermənistanın regional layihələrdən kənarda qalmasına səbəb olur".
Qeyd edək ki, BTQ-nin açılışı növbəti dəfə böyük transmilli layihədən kənarda qalması səbəbindən İrəvanda ciddi narahatlığa səbəb olub. Ermənistan tərəfi hətta Bakı-Tiflis-Qars dəmiryolu layihəsində iştirakı Qarabağ danışıqları prosesinin ayrıca predmeti olaraq qeyd edilməsini də təklif ediblər.