“Azərbaycan regionda siyasi və iqtisadi güc mərkəzinə çevrilib“ Siyasət

“Azərbaycan regionda siyasi və iqtisadi güc mərkəzinə çevrilib“

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Kaliforniyanın Sədlbək Kollecinin (Saddleback College) dəvəti ilə həmin kollecin tələbə və müəllim heyəti qarşısında Azərbaycana dair geniş mühazirə ilə çıxış edib. Kaliforniyanın Orenc vilayətində yerləşən bu ali təhsil müəssisəsi 1968-ci ildən fəaliyyət göstərir və indiyədək 500 mindən çox məzunu var. Universitetdə müxtəlif istiqamətlər üzrə 160-dan çox proqram tədris olunur.
Baş Konsulluqdan verilən xəbərə görə, N. Ağayev çıxışında Azərbaycan xalqının 1918-ci ildə müsəlman dünyasında ilk demokratik respublikanı təsis edərək, dünya xalqlarının mütərəqqi tarixində öz layiqli yerini tutduğunu nəzərə çatdırıb. Azərbaycanda qədim dövrlərdən etibarən etnik və dini icmalar arasında, bu səpkidə ölkədəki müsəlmanlar, xristianlar və yəhudilərin qarşılıqlı münasibətlərində güclü tolerantlıq və qarşılıqlı ehtiram ənənələrinin olduğunu bildirən N.Ağayev bu ənənələrin bu gün Azərbaycan rəhbərliyinin xüsusi diqqəti və hərtərəfli dəstəyilə inkişaf edərək, yüksək səviyyəyə çatdığını və bütün dünyaya örnək olduğunu vurğulayıb.
Baş konsul Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.
Daha sonra baş konsul N. Ağayev aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycanın bu gün regionda siyasi və iqtisadi güc mərkəzinə çevrildiyini söyləyib. O, Azərbaycanın ABŞ, region dövlətləri və ümumilikdə beynəlxalq birlik ilə münasibətləri barədə iştirakçılara məlumat verib.
Sonda baş konsul tədbir iştirakçılarının suallarını cavablandırıb.