“İndiyədək qəbul olunan heç bir sənəd və qətnamələr həqiqi mənada həyata keçirilməyib” Siyasət

“İndiyədək qəbul olunan heç bir sənəd və qətnamələr həqiqi mənada həyata keçirilməyib”

"Ərazi bütövlüyü ilə bağlı bir sıra bəyannamələr qəbul edilsə də, çox təəssüf ki, Dağlıq Qarabağ probleminin həllinə gəldikdə onlar real əməldə həyata keçirilmir və söz olaraq qalır". Bunu politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, tək "Şərq Tərəfdaşlığı" sammitinin yekun bəyannaməsi deyil, digər mötəbər qurumlar tərəfindən həyata keçirilən tədbirlərin yekun sənədlərində də Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ifadələr səsləndirilib: "Lakin təəssüf ki, indiyədək qəbul olunan heç bir sənəd və qətnamələr həqiqi mənada həyata keçirilməyib". Politoloqun sözlərinə görə, baxmayaraq ki, Aİ-də qəbul olunan sənəd Ermənistan rəhbərliyinin iştirakı və imzası ilə qəbul edilib, amma mövcud olan ikili standartlılıq yenə də onların həyata keçirilməsinə imkan vermir: "Əslində Ermənistan bu sənədə imza atmaqla öz siyasətinin iflasa uğradığını bir daha təsdiq etmiş olsa da, lakin onlar da bu cür sənədlərin konkret addımlara gətirib çıxarmadığına alışdığı üçün belə məsələlərdə özünü rahat hiss edə bilir. Çünki, onlara qarşı konkret addımlar atılmır, təzyiqlər edilmir. Bu baxımdan əhəmiyyətli olan onların qəbulu deyil, orada nəzərdə tutulan müddəaların yerinə yetirilməsidir". "Azərbaycan tərəfi dəfələrlə qəbul olunan sənədlərin yerinə yetirilməsi üçün müəyyən instansiyalara müraciət edir. Amma nədənsə ikili münasibət həqiqətlərin yerinə yetirilməsinə mane olur. Lakin bu cür sənədlər Azərbaycan tərəfinə onlara istinad etmək və onu qəbul edənlərin qarşısına müəyyən tələblər qoymaq imkanı verir. Bildiyiniz kimi Avropa İttifaqı hələ ötən ilin iyun ayında təhlükəsizliklə bağlı doktrina qəbul etmişdi. Həmin sənəddə Aİ-nin ora daxil olan və digər ölkələrin ərazi bütövlüyünü birmənalı olaraq tanıdığı, bu prinsipin həyata keçirilməsinə yardım göstərməyə hazır olduğu öz əksini tapıb. Brüsseldə qəbul edilən deklorasiya da məhz bu sənədə istinadən qəbul edilib. Amma nədənsə bu sənədlər ayrı-ayrı ölkələrə fərqli şəkildə tətbiq olunur. Misal üçün Gürcüstana, Moldovaya qəti şəkildə tətbiq edilsə də Azərbaycanın ərazi bütövlüyü məsələsində ikili standartlıq nümayiş etdirilir "- deyə, İ.Vəlizadə qeyd edib.