“Avropa İttifaqı ilə danışıqlar gələn ilin sonuna kimi bitəcək” Siyasət

“Avropa İttifaqı ilə danışıqlar gələn ilin sonuna kimi bitəcək”

"Dekabrın 15-də Avropa İttifaqıilə danışıqlarda sektoral blok üzrə əməkdaşlıq məsələlərinə dair videokonfrans olacaq. Burada enerji, ekologiya və digər sahələr müzakirə olunacaq".
Bu sözləri Azərbaycan və Aİ arasında yeni əməkdaşlıq müqaviləsinin imzalanması ilə bağlı danışıqların son durumunu şərh edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. O bildirib ki, qalan bloklar üzrə danışıqlar gələn ilin yanvar-fevralında keçirilə bilər: "Danışıqlarda tərəqqi var. Hesab edirəm ki, danışıqlar gələn ilin sonuna kimi bitəcək".
"Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması məsələsi aktualdır. Amma inanmıram ki, bu, bir-iki il ərzində mümkün olsun"-deyən nazir müavini bildirib ki, Avropa İttifaqı ilə danışıqlarda sektoral və siyasət blokunda irəliləyiş olsa da, ticarət və investisiya sahəsi üzrə danışıqlarda ləngimə müşahidə olunur.
"Bu, Azərbaycanın ÜTT-yə üzv olmaması ilə bağlı ola bilər. Onlar hər bir maddəyə ÜTT-ni daxil edirlər", - deyə o vurğulayıb.
"Azərbaycanla Avropa İttifaqı arasında "Aviasiya sazişi" üzrə bir-iki məsələ hələ qalıb. Ola bilsin yanvar-fevral aylarında bu məsələ də həll olunsun"-deyən nazir müavininin sözlərinə görə, Aİ bununla bağlı Azərbaycana nümayəndə heyəti göndərmək istəyir.