“Azərbaycan nefti qələbəmizdə böyük rol oynayıb” Siyasət

“Azərbaycan nefti qələbəmizdə böyük rol oynayıb”

"Bizə Azərbaycanın tarixi, müasir həyatı və Rusiya-Azərbaycan münasibətlərinin çoxəsrlik tarixi ilə tanışlıq imkanı yaratdıqlarına görə Heydər Əliyev Fondunun rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm. Rusiya və Azərbaycan xalqları dünyanı və vətənimizi faşizmdən birgə müdafiə ediblər. Bu gün bizim dostluğumuz inkişaf edir, möhkəmlənir. Bugünkü sərgidə qonşumuz Azərbaycanın əldə etdiyi nailiyyətlərlə tanış oluruq".
Bu sözləri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Dumanın binasında Rusiya-Azərbaycan diplomatik münasibətlərinin 25 illiyi münasibətilə keçirilən tədbirdə çıxışında deyib. Sərginin əhəmiyyətindən danışan Rusiya parlamentinin spikeri bildirib ki, belə tədbirlər ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verir: "Digər ölkələr də Dumada öz sərgilərini keçirəcəklər. Azərbaycan ilk ölkə oldu".
İkitərəfli münasibətlərdən və parlamentlərarası əlaqələrdən danışan Volodin vurğulayıb ki, Rusiya və Azərbaycan mövqelərini bir-birinə yaxınlaşdırır: "Biz ölkələrimizin mövqelərini bir-birinə yaxınlaşdırırıq. Ölkələrimiz arasındakı münasibətlərin əsası prezidentlərimizin qərarları ilə qoyulub. Parlamentlərin vəzifəsi isə bu qərarların qanuni təminatını həyata keçirməkdir. Ona görə də, həmkarım Oqtay Əsədov və digər azərbaycanlı parlamentarlarla birlikdə ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsi üçün əlimizdən gələni etməyə çalışırıq. Bu gün sərgi bir daha sübut edir ki, bizim xatırlamağa, müzakirə etməyə və gələcək üçün planlar qurmağa çox şeyimiz var. Biz o ölkələrik ki, ümumi tariximiz və ümumi gələcəyimiz var.
Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan-Rusiya münasibətləri ilə bağlı president İlham Əliyevin fikirlərini nümunə gətirib: "Mən prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri zamanı çıxışında qeyd etdiyi bir fikri xatırlatmaq istərdim: Əgər bütün dünyada münasibətlər Rusiya və Azərbaycan arasında olan münasibətlər kimi olsaydı, o zaman dünyada heç bir problem olmazdı. Hesab edirəm ki, bu fikir Azərbaycan-Rusiya münasibətlərinin kursunu göstərir".
O, sərginin təşkili ilə əlaqədar Rusiya Dövlət Dumasına, Dumanın MDB ilə iş üzrə Komitəsinə təşəkkürünü bildirib: "Əminəm ki, belə tədbirlər gələcəkdə də Rusiya-Azərbaycan münasibətlərinin inkişafına yardım edəcək. Bu münasibətlərin inkişafında dövlət başçılarımızın qarşılıqlı səfərləri mühüm rol oynayır. Bu səfərlər çərçivəsində 200-dən artıq dövlətlərarası ikitərəfli sənəd imzalanıb".
Rusiya Kommunist Partiyasının sədri və partiyanın parlament fraksiyasının rəhbəri Gennadi Züqanov isə öz çıxışında qeyd edib ki, Dövlət Dumasında Azərbaycan sərgisinin keçirilməsi olduqca simvolik xarakter daşıyır: "Böyük Stalinqrad döyüşünün 75-ci ildönümü ərəfəsində Dumada bu tədbirin keçirilməsi olduqca simvolik xarakter daşıyır. Azərbaycan nefti bizim bu müharibədə qələbəmizdə böyük rol oynayıb. Biz bunu unutmuruq. Rusiya hər zaman Azərbaycanla mehriban və səmimi münasibətdə olub. Biz elə etməliyik ki, bu münasibətlər daha da möhkəmlənsin".
"Ədalətli Rusiya" Partiyasının rəhbəri və parlament fraksiyasının lideri Sergey Mironov çıxışında bu sərginin təkcə mədəni deyil, həm də vacib siyasi hadisə olduğunu söyləyib: "Sərgidə nümayiş olunanlar göstərir ki, xalqlarımız arasında olan münasibətlərin çoxəsrlik tarixi mövcuddur".
Sergey Mironov Azərbaycanla bağlı xatirələrini də danışıb. O, hərbi xidmətini 1,5 il Azərbaycanın Gəncə şəhərində keçirdiyini nəzərə çatdırıb: "Daha sonra mən Federasiya Şurasının sədri olan zaman Azərbaycana səfər etdim. Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm ki, mənim səfərimi Moskvadan Bakıya deyil, birbaşa Gəncəyə təşkil etdilər. Təyyarəm birbaşa Moskvadan Gəncəyə uçdu. Qulluq etdiyim hərbi hissədə oldum".
Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski çıxışında iki ölkə arasında parlamentlər səviyyəsində olan əlaqələrdən danışıb: "İki ölkə parlamentarları beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər və bundan sonra da edəcəklər".
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda görülən işlərdən bəhs edən rusiyalı parlamentari Azərbaycanın MDB-nin ən çiçəklənən ölkəsinə çevrildiyini söyləyib: "Bakı dünyanın humanitar paytaxtlarından birinə çevrilib. Buradan bütün azərbaycanlı həmkarlarımı əmin etmək istəyirəm ki, onların Dövlət Dumasında etibarlı tərəfdaşları var".
Azərbaycan Milli Məclisinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Səməd Seyidov çıxışında Dövlət Dumasındakı bu əlamətdar hadisə ilə əlaqədar iştirakçıları təbrik edib. İki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan azərbaycanlı parlamentar Rusiya və Azərbaycanın beynəlxalq arenada bir mövqedən çıxış etdiyini söyləyib: "Bu gün Azərbaycanda rus dilinin tədrisi yüksək səviyyədədir. Çünki bu, bizim ortaq tariximiz və dəyərimizdir. Sərgi də göstərir ki, ölkələrimiz arasında humanitar sahədə əməkdaşlıq çox vacibdir".
Rusiyanın hakim partiyası – "Vahid Rusiya"nın parlament fraksiyasının rəhbəri Vyaçeslav Nikonov Rusiya və Azərbaycanın birgə inkişaf etdiyini, I və II dünya müharibələrində birgə qan tökdüyünü söyləyib: "Bu gün Azərbaycan və Rusiya MDBçərçivəsində strateji tərəfdaşdır. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edir. Bakıda çox olmuşam. Müasir Bakı tamam başqa şəhərdir. Bakı və ümumilikdə Azərbaycan çox dinamik inkişaf edir. Ümid edirəm ki, Azərbaycan və Rusiya bu inkişaf yolunda birlikdə irəliləyəcəklər. Dumanın ən böyük fraksiyasının rəhbəri kimi Azərbaycana dostluq, əməkdaşlıq əlimizi uzatmağa həmişə şadıq".