“Bizi tarix və qonşuluq münasibətləri bağlayır“ Siyasət

“Bizi tarix və qonşuluq münasibətləri bağlayır“

Prezident İlham Əliyev: "Azərbaycandakı gürcülər və Gürcüstandakı azərbaycanlılar bizim böyük zənginliyimizdir"

"Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü, eləcə də beynəlxalq hüquq normaları kobud şəkildə pozulub"

Gürcüstan prezidenti: "Azərbaycanla həyata keçirdiyimiz layihələr təkcə dövlətlərimiz deyil, digər regionlar üçün də daha yaxşı gələcək imkanları yaradır"

"Sizin səfəriniz xalqlarımız və ölkələrimiz arasında qardaşlıq, dostluq münasibətlərini bundan sonra da inkişaf etdirmək üçün çox böyük əhəmiyyət daşıyır. Bizi tarix və qonşuluq münasibətləri bağlayır".
Bunu Azərbaycan prezidenti İlham Əliyev fevralın 12-də Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin rəhbərliyi etdiyi Gürcüstan nümayəndə heyəti ilə keçirilən geniş tərkibdə görüşdə deyib.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Gürcüstan müstəqil dövlətlər kimi bütün sahələrdə fəal əməkdaşlıq edir: "Bu gün biz Sizinlə ikitərəfli və çoxtərəfli münasibətlərdə qarşılıqlı maraq kəsb edən məsələlərə dair qısa fikir mübadiləsi apardıq. Əminəm ki, bundan sonra da qarşılıqlı faydalı əməkdaşlığın potensialını artıracağıq. Gürcüstan bizim üçün qardaş, yaxın ölkədir, qonşu, tərəfdaş və dostdur. Əminəm ki, münasibətlərimizin gələcək inkişafı çox müsbət və dinamik olacaq.
Bizi istər regional, istərsə də qlobal xarakterli çoxlu layihə birləşdirir. Biz uzun illər ərzində həmişə ümumi məqsədlərimizə sadiqlik nümayiş etdirmişik. Onları həyata keçirmək üçün qarşıdan gələn illərdə də fəal işləyəcəyik".
Gürcüstan prezidenti Georgi Marqvelaşvili də səfərin onlar üçün xüsusi əhəmiyyət daşıdığını deyib: "Biz azərbaycanlı həmkarlarımızla inkişaf etdirdiyimiz şəxsi münasibətlərə xüsusi həssaslıqla yanaşırıq. Siz düzgün olaraq xatırlatdınız ki, ölkələrimiz əməkdaşlığın xüsusi presedentini yaradır, nümunəvi əməkdaşlıq üçün, problemləri deyil, imkanları inkişaf etdirmək üçün şərait yaradır. Görüşümüzdə Siz bizim birlikdə inkişaf etdirdiyimiz, faktiki olaraq artıq tarixə çevrilən, istər regionumuzda, istərsə də regionumuzun hüdudlarından kənarda yaşayan xalqlar üçün tarixi imkanlar yaradan istiqamətləri düzgün vurğuladınız. Biz imkanlar yaradırıq. Biz bu imkanları birlikdə qururuq. Biz çox şadıq ki, belə səviyyədə əməkdaşlıq təkcə zəmanəmizdə deyil, gələcəyə baxanda da inkişaf edən, regionda yeni layihələr, yeni dinamika yaradan əməkdaşlıq kimi görünür".

Görüşdən sonra prezidentlər bəyanatla çıxış ediblər. Prezident İlham Əliyev Gürcüstan prezidentinin Azərbaycana səfərinə çox böyük əhəmiyyət verirdiyini bəyan edib: "Şadam ki, bizim çox yaxşı müzakirələrimiz və söhbətimiz oldu. Biz bir daha münasibətlərimizin strateji xarakterini təsdiqlədik". Dövlət başçısı xalqlar arasında münasibətlər ölkələr arasındakı əlaqələr üçün əsasdır: "Bu gün Gürcüstan və Azərbaycan iki müstəqil dövlətdir və beynəlxalq təsisatlarda bir-birinə dəstək verir. Çox güclü siyasi münasibətlərimiz mövcuddur. Biz BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar daxilində birgə işləyirik və hər zaman bir-birimizə dəstək veririk. Ölkələrimizin ərazi bütövlüyü məsələsində biz hər zaman bir-birimizi dəstəkləyirik. Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü, eləcə də beynəlxalq hüquq normaları kobud şəkildə pozulub.
Bu gün biz, həmçinin iqtisadi əməkdaşlıq perspektivlərini müzakirə etdik. Hesab edirik ki, iqtisadi əlaqələrimizi, ticarət dövriyyəsini artırmaq üçün böyük potensial vardır. Ticari mübadilələr səviyyəsi arta bilər. Eyni zamanda, qarşılılıqlı sərmayələr üçün yaxşı imkanlar var və biz Gürcüstanda sərmayə qoyuluşunun təfərrüatlarını dəyərləndirəcəyik. Bununla belə, Azərbaycan şirkətləri Gürcüstanın infrastruktur, enerji və nəqliyyat sektorlarına artıq sərmayə qoymağa başlayıblar. Bu, sənaye sektoruna da aiddir.
Əlbəttə, bu gün biz enerji şaxələndirilməsi və enerji təhlükəsizliyi ilə bağlı qarşılıqlı layihələrimizə aid olan məsələləri də müzakirə etdik. Enerji sahəsində əməkdaşlığın yaxşı tarixi var. Azərbaycandan neft və qazı nəql edən əsas ixrac boru kəmərləri Gürcüstan ərazisindən keçir. Bu əməkdaşlıq uzun illər ərzində çox uğurlu olub. Əlbəttə ki, biz enerji şaxələndirilməsi ilə bağlı gələcək planlarımızı da müzakirə etdik. Bildiyiniz kimi, ötən ilin dekabr ayında XXI əsrin müqaviləsi Bakıda imzalandı. Bu, Avropada ən iri infrastruktur və enerji layihəsidir. İnvestisiyaların ümumi həcmi 45 milyard dollar olacaqdır. Əlbəttə ki, Azərbaycan, Gürcüstan, digər tərəfdaşlar və dostlar bu tarixi layihəni həyata keçirmək üçün əlindən gələni edəcəklər.
Daşımalar ikitərəfli əməkdaşlığımızın, həmçinin mühüm hissəsidir. Bu sahədə biz, həmçinin regionları və qitələri birləşdirəcək layihəni həyata keçirməkdəyik.
Biz, eyni zamanda, humanitar sahədəki əməkdaşlığı, insanlar arasında təmasları müzakirə etdik. Çox məmnunam ki, Gürcüstan prezidenti Azərbaycanın rayonlarına səfər edəcək və Azərbaycanın gürcü icması ilə görüşəcək. Bir neçə il əvvəl, mən Marneulidə yaşayan azərbaycanlılarla görüşdüm. Bu cür görüşlər, həmçinin münasibətlərimizin gələcək inkişafı üçün vacibdir. Azərbaycandakı gürcülər və Gürcüstandakı azərbaycanlılar bizim böyük zənginliyimizdir. Təbii ki, onların həyatı və fəaliyyəti ikitərəfli əlaqələrimiz üçün vacibdir. Bildirmək istəyirəm ki, tarixin bütün illəri boyu gürcülər və azərbaycanlılar hər zaman sülh və dostluq şəraitində yaşayıblar. Bu gün münasibətlərimiz qardaş, dost və strateji tərəfdaşlar arasında olan münasibətlərdir. Gürcüstan prezidentinin səfəri söylədiyim sözləri bir daha təsdiqləyir".
Gürcüstan prezidenti Georgi Marqvelaşvili isə bəyan edib ki, hər iki dövlət strateji rifaha aparan münasibətlərin qurulması işində, ölkənin və regionun gələcəyi üçün nümunəvi olublar: "Həyata keçirdiyimiz layihələr nəinki dövlətlərimiz, o cümlədən digər regionlar üçün də daha yaxşı gələcək imkanlarını yaradır". O bildirib ki, bu səbəbdən dövlətlər arasında müstəsna tərəfdaşlıq, birgə həyata keçirilən enerji və daşıma layihələrinə sadiqlik regionda və onun hüdudlarından kənarda milyonlarla insana daha yaxşı gələcəyi təmin edəcək: "Eyni zamanda, qeyd etmək istəyirəm ki, Azərbaycan Gürcüstan üçün nəinki böyük layihələr, neft və qaz, eləcə də nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən mədəniyyət, elm və fərdlər arasında münasibətlər baxımından olduqca vacibdir. Artıq qeyd etdiyim kimi, siyasi sahədə tərəfdaşlığımızı həyata keçiririk və inkişaf etdiririk. Bu, həmçinin bizim üçün çox vacibdir, çünki bu tərəfdaşlıqla bir-birimizin cəmiyyətlərini və dövlətlərini zənginləşdiririk.
Aydındır ki, ərazi bütövlüyü ilə bağlı ciddi problemlər var. İnanıram ki, biz həmin problemlərin sülh yolu ilə həllində ən düzgün yoldayıq, düzgün istiqamətdəyik. Həmin problemlərin həlli yolu dövlətlərimizin rifahının daha da artırılmasından, çox mühüm birgə layihələrin reallaşdırılmasından keçir.
Dövlətlərimiz arasında yüksək səviyyəli səfərlərin həyata keçirilməsini səbirsizliklə gözləyirik. Biz prezident Əliyevin Gürcüstana səfərini səmimiyyətlə arzulayırıq. Biz azərbaycanlıların Gürcüstanda və gürcülərin isə Azərbaycanda həyat tərzinin daha da yaxşılaşdırılmasını səmimi qəlbdən arzulayırıq. Bu sahədə də biz tərəfdaşlığın müstəsna imkanlarını nümayiş etdiririk.