“Son zamanlar Almaniya və ABŞ-ın hərəkətlərində taktiki də olsa, dəyişikliklər müşahidə edilir” Siyasət

“Son zamanlar Almaniya və ABŞ-ın hərəkətlərində taktiki də olsa, dəyişikliklər müşahidə edilir”

Sülhəddin Əkbər: "Saleh Müslümü durduğu yerdə həbs etməzlər"

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Afrində apardığı əməliyyat davam edir. TSQ-nın Baş Qərargahının yaydığı məlumatda bildirilir ki, TSQ və Azad Suriya Ordusunun (ASO) Afrində keçirilən "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçu sayı 2083-ə yüksəlib.
Qeyd edək ki, "Zeytun budağı" əməliyyatı yanvarın 20-də başladılıb.
Afrində TSQ və ASO-nun hücumları qarşısında tab gətirə bilməyən terrorçular növbəti tələyə əl atıb. Qovulduqları ərazidən çıxan terrorçular həmin bölgənin yerli əhalisini də özləri ilə birlikdə Afrinin mərkəzi hissələrinə aparıb. Məlumata görə, PKK-YPG-PYD terrorçuları bununla da Afrin ətrafında 30 mindən çox mülki insan məskunlaşdırıb. Terrorçuların bu insanlardan türk ordusunun hücumu zamanı canlı qalxan olaraq istifadə edəcəyi bildirilib. Terrorçuların həmçinin Afrinin mərkəzində yaşayan insanları səngər qazmağa, istehkam qurmağa məcbur etdiyi və türk ordusunun şəhər mərkəzinə gözlənilən hücumuna qarşı məcburi şəkildə döyüşməyə vadar etdiyi vurğulanıb.
Qeyd edək ki, Türkiyə ordusunun Afrində mülki insanları qorumaq həssaslığına görə jandarma və polis xüsusi təyinatlıları da Afrin əməliyyatına cəlb olunmuub.
Ankara ilə Vaşinqton arasındakı gərginlik isə davam edir. "Habertürk" qəzeti yazır ki, Ankara Moskvadan S-400 zenit-raket kompleksləri alsa, ABŞ ona qarşı sanksiyalar tətbiq edəcək. Qəzetin mənbəsi Ankaranın addımının onun NATO ilə birliyinə mənfi təsir göstərə biləcəyini deyib: "Əgər Türkiyə S-400-dən əl çəkməsə, Konqresin qəbul etdiyi CAATSA qanunu Ankaraya qarşı tətbiq oluna bilər. Biz Türkiyəyə ən yaxşı alternativ tapması, özünün hava hücumundan müdafiə ilə bağlı tələbatını ödəməsi üçün yardım etmək istəyirik".
Qeyd edək ki, bundan öncə ABŞ Dövlət katibi Reks Tillerson da Ankarada CAATSA qanununun Türkiyəyə tətbiq oluna biləcəyini söyləmişdi.
PKK-ya öldürücü zərbələr isə təkcə Afrinlə yekunlaşmır. PYD lideri Saleh Müslümün Çexiyada həbs olubnması terror təşkilatına mənəvi psixoloji baxımdan da ciddi zərbə deməkdir. Amma terrorçubaşının Türkiyəyə verilib verilməyəcəyi ilə bağlı fikirlər müxtəlifdir.
Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül deyib ki, PYD lideri Saleh Müslümün Türkiyədə həbsdə olan iki çexiyalı terrorçu ilə dəyişdirilməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir. Nazirin sözlərinə görə, Çexiyada aparılan məhkəmə prosesində Saleh Müslüm barədə 16-40 gün arası müvəqqəti həbs qərarı qəbul edilə bilər. Qeyd edək ki, PYD lideri Saleh Müslüm Çexiyanın paytaxtı Praqa şəhərində saxlanılıb.
Prosesi şərh edən siyasi şərhçi Sülhəddin Əkbər diqqətə çatdırıb ki, türk ordusunun, polisin və jandarmanın xüsusi təyinatlıların əsasən, yaşayış məntəqələrinin azad edilməsi, kəşfiyyat məlumatlarının əldə olunması, habelə qarşı tərəfin - terrorçuların sızma əməliyyatlarının qarşısının alınmasında istifadə ediləcəyi nəzərdə tutulur: "Böyük ehtimalla Cin dərəsi və Rako bölgəsində qəsəbələrin terror təşkilatlarından təmizlənməsi prosesində yuxarıda qeyd edilən qüvvələrdən istifadə ediləcək. Mənə elə gəlir ki, Türkiyə yerli qüvvələrdən də istifadə edəcək. İndi belə məlumat var ki, 400-ü kürd, 200 nəfəri ərəb olmaqla yerli qüvvələrdən xüsusi təyinatlılar hazırlanıb və onlardan da bu prosesdə istifadə ediləcək".
Onun sözlərinə görə, dünyada ən çətin döyüşləri yaşayış məntəqələri və şəhərlərdə aparılan döyüşlər hesab olunur: "Odur ki, heç kim döyüşlərin asan keçəcəyini, bu yaşayış məntəqələrinin asanlıqla təmizlənəcəyini düşünmür. Məhz bu səbəbdən də bu sahədə xüsusi təcrübəsi olan qüvvələrdən istifadə olunacaq. Çünki bu qüvvələrin Türkiyənin cənub-şərqində keçirilən əməliyyatlarda təcrübəsi olub. İndiki halda yaşayış məntəqələrində döyüş aparmaq çətindir. Bununla paralel terror təşkilatları qeyri-əxlaqi mübarizə aparır, hətta yaşlı insanların minalanmasından belə istifadə edirlər. Bir sözlə, terrorçular hər cür tələdən istifadə edir. Odur ki, çox çətin olacaq və proses uzun vaxt aparacaq".
BMT Təhlükəsizlik Şurasının Suriyada bir ay ərzində atəşin dayandırılması ilə bağlı qərarına gəlincə siyasi şərhçi diqqətə çtdırıb ki, ən azı bir ay müddətinə Suriyada hərbi əməliyyatların dayandırılması və humanitar yardımların göstərilməsi nəzərdə tutulur: "Bu əsasən, Şərqi Quta bölgəsində müşahidə olunan humanitar böhranla bağlıdır. Bildiyiniz kimi, Rusiya, Suriya və İran qüvvələri mühasirədə olan bu əraziyə aviasiya da daxil olmaqla, müxtəlif silahlardan güclü zərbələr endirir. Nəticədə mülkü əhali arasında çoxlu sayda itkilər var. Böhran o səviyyəyə çatdı ki, hətta Rusiya belə BMT-də bu qərara səs verdi. İndi bu qərara nə dərəcədə əməl edilib-edilmədiyini görəcəyik. Beynəlxalq birlik verilən bu qərarın yerinə yetirilməyəcəyindən narahatdır. Bu səbəbdən də dünən Angela Merkel və Emmanuel Makron Putinlə danışdı və ona Bəşər Əsədin bu qərarı yerinə yetirməsi, atəşkəsin təmin edilməsi üçün təzyiq göstərməsini istədi. Ancaq bu qərarda Türkiyəyə də, açıq olmasa belə, qapalı bir mesaj var. Bəli, məlum qərarla Ankaraya mesaj verilir ki, Afrində həyata keçirdiyi əməliyyatları məhdudlaşdırsın. Türkiyə rəsmiləri elan edir ki, BMT-nin qərarının onlara təsiri olmayacaq, Türkiyə əməliyyatlarını davam etdirəcək. Amma istənilən halda bu əməliyyatlara qarşı Qərbdə geniş piar aparılır. Üstəlik bunu yalnız terror təşkilatları deyil, onların arxasında duran böyük güclər də aparır. Artıq Afrin bölgəsinin mühasirəyə alınması, strateji yüksəkliklərin və 100-dən çox yaşayış məntəqəsinin azad edilməsi başa çatır. Türkiyənin apardığı əməliyyat taktiki baxımdan "Hilal əməliyyatı" adlandırılır. Türk ordusunun uzun zamanlardan bəri geniş istifadə etdiyi taktikadır. Hilal əməliyyatının qapanması üçün Rako və Cin dərəsi arasında 8 kilometrlik bölgə qalıb. Yəqin ki, 2-3 günə bu əməliyyat başa çatacaq, ikinci mərhələdə əsasən, yaşayış məntəqələrində əməliyyatlar başlayacaq. Bu əməliyyatlar başlayanda istər-istəməz mülki tələfat ola bilər. Terror təşkilatının üzvləri isə hərbi formada deyil, mülki paltarda olurlar. Odur ki, Afrin şəhər mərkəzinə yaxın yaşayış məntəqələrində belə əməliyyat başlayanda yəqin ki, hay-küy daha da artacaq. Qarşı tərəf türk ordusunun Afrin şəhər mərkəzinə daxil olmasının qarşısını almaq, Afrin əməliyyatını dayandırmaq üçün daha ciddi təzyiqlər və siyasi-diplomatik cəhdlər edəcək. Özü də bu, birtərəfli olmur. Yəni ancaq ABŞ, Avropa Birliyi, İsrail tərəfindən olmur, eyni zamanda Rusiya, İran və Əsəd rejimi tərəfindən də bu istiqamətdə yarı açıq, yarı gizli həmlələr olur. Bundan sonra belə həmlələrin və səylərin artacağı gözləniləndir".
PYD-nin keçmiş həmsədri Saleh Müslüm Praqada həbsinə gəlincə S.Əkbər vurğulayıb ki, Türkiyə hakimiyyətinə yaxın şərhçilərin verdiyi analizdən belə anlaşılır ki, bu, Tillersonun Ankara səfəri zamanı əldə edilən bir sıra gizli razılaşmaların elementi ola bilər: "Əgər bu həbs ABŞ və Türkiyə arasında əldə edilən gizli razılaşmanın bir elementidirsə, böyük ehtimalla onu Türkiyəyə ekstradisiya edəcəklər. PKK lideri Abdulla Öcalan da 1999-cu ilin fevral ayında bənzər şəraitdə saxlanılmışdı. Hazırda Saleh Müslümün həbsi prosesini yaxından izləyirəm. Əgər ABŞ və Almaniya ilə Türkiyə arasında gizli razılaşmalar varsa, Saleh Müslüm Ankaraya təslim ediləcək. Əks təqdirdə hüquqi prosedurlarla məsələ ya uzadılacaq, ya da o, Türkiyəyə verilməyəcək. Ancaq son zamanlar Almaniya və ABŞ-ın hərəkətlərində taktiki də olsa, dəyişikliklər müşahidə edilir. Əgər bütün bunlar Türkiyə ilə gizli anlaşmaların təzahürüdürsə, o zaman Saleh Müslümü durduğu yerdə həbs etməzlər. Nəzərə alsaq ki, Saleh Müslüm hazırda PYD rəhbərliyində təmsil olunmur, onun həbsi hər hansı ciddi dəyişikliyə səbəb olmazdı. O, əhəmiyyətini itirən fiqur kimi Ankaraya verilə bilər.
Bu, Türkiyəyə daha çox psixoloji, siyasi-diplomatik üstünlük gətirəcək. Yəni psixoloji-siyasi və diplomatik-siyasi təşəbbüsün Türkiyəyə keçdiyi görüntüsü yaranacaq. Amma nəzərə almaq lazımdır ki, biz gizli razılaşmaların nədən ibarət olduğunu bilmirik. Bunun Türkiyənin xeyrinə və ya ziyanına olduğunu gələcək göstərəcək. Bu məxfi razılaşmalarda Türkiyədən nə istənildiyi əsas məsələdir. Əgər Saleh Müslümün Türkiyəyə verilməsi məxfi razılaşmalarda bonus xarakteri daşıyırsa, bu, başqa məsələ...".

Əli