Həmsədrlərin 26-cı “doğum günü” - Qarabağda işğal davam edir Siyasət

Həmsədrlərin 26-cı “doğum günü” -  Qarabağda işğal davam edir

Mart baharın gəldiyi aydır, amma üçüncü onillikdir ki, bu bahar Dağlıq Qarabağdan uzaq düşüb. "Mart ayı ilə Dağlıq Qarabağ münaqişəsinin nə əlaqəsi var" deyə haqlı suallar yarana bilər. Amma mart baharın gəldiyi, Novruz Bayramının keçirildiyi ay olmaqla yanaşı, həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyətinin də ildönümüdür.
24 mart 1992-ci il: 1992-ci ildə Dağlıq Qarabağ müharibəsinin region üçün real təhlükə yaratdığını nəzərə alan beynəlxalq birlik münaqişənin həlli məqsədilə nə isə etməyin vacibliyini anladı. Bunun üçün ATƏM (1994-cü ilin dekabr ayında Budapeşt sammitində ATƏM-in təşkilati strukturu təkmilləşərək ATƏT-ə çevrildi) vəsitəçiliyi seçildi. Çünki Azərbaycan və Ermənistan həmin ilin yanvarında quruma üzv olmuşdu.
1992-ci ilin fevral ayının 2-də quruma sədrlik edən Çexslovakiya prezidentinin dəftərxanasının müdiri Karel fon Şvartsenberqin başçılıq etdiyi 1 nəfərdən ibarət nümayəndə heyəti münaqişə haqqında məlumat toplamaq üçün regiona gəldi. Bir həftə çəkən səfər çərçivəsində nümayəndə heyəti Bakıda, İrəvanda və Xankəndində topladıqları məlumatları martın 1-də Praqada keçirilən konfransa təqdim etdi. Həmin vaxt Xocalı soyqırımının baş verməsinə baxmayaraq, qurum münaqişə ilə bağlı formal bəyanat qəbul etdi. ATƏT-in Dağlıq Qarabağla bağlı ilk təcili iclası martın 13-də Helsinki qurumunun Daimi Şurası tərəfindən keçirildi. 11 günlük müzakirələrdən sonra - martın 24-də münaqişənin nizamlanması üçün vasitəçilik formatını müəyyənləşdirdi. Bu məqsədlə yaradılan işçi qrupunun tərkibinə ATƏT-ə sədrlik edən cari, ötənilki və növbəti ölkələrdən ibarət üçlüyü təmsil edən Almaniya, Çexslovakiya və İsveç, o cümlədən, münaqişənin həllində maraqlı olan 5 dövlət-Rusiya, ABŞ, Fransa, Türkiyə və İtaliya daxil edildi. İclasda qəbul edilən qərara əsasən işçi qurpu Azərbaycan və Ermənistan arasında sülh yollarını araşdırmalı, sülhə nail olmaq üçün münaqişə tərəflərilə müzakirələr aparmalı, müzakirələrin nəticələri ilə bağlı Belarusun paytaxtı Minskdə sülh konfransı çağırmalı idi. Həmin vaxt konfransa ev sahibliyi edən Belarus da qrupa daxil oldu. Beləliklə, Minsk qrupuna üzv dövlətlərin sayı 9 oldu. Sonradan konfransın çağırılması reallaşmasa da, Minsk şəhəri Dağlıq Qarabağ münaqişəsi tarixində vasitəçilik missiyasını yerinə yetirən qurupun adını daşıdı. 1993-cü ildə Çexslovakiyanın Çexiya və Slovakiyaya bölünməsi ilə qrupa üzv dövlətlərin sayı 11 oldu. Münaqişənin həlli üzrə vəziyyətə daha çox 5 dövlət - ABŞ, Rusiya, Türkiyə, Fransa və Almaniya nəzarət edirdi və bu ölkələrin hər birinin münaqişə üzrə xüsusi nümayəndəsi fəaliyyət göstərirdi. 1996-cı ilə kimi iki həmsədr formatı olan Minsk qrupunda Rusiyanın təsiri daha çox idi. Bunu həmsədlərin dəyişilməsi də göstərirdi. 1993-cü ildən 1996-cı il kimi rusiyalı həmsədr Vladimir Kazimirov İtaliya, Macarıstan, Finlandiya və İsveç diplomatlarını yola sala bilmişdi. 1996-cı ilin dekabrında isə ATƏT-in Lissabon sammitində Minsk qrupunda sabit həmsədrlik institutu yaradılması qərara alındı. Rusiya yenə həmsədrlik postunu saxladı. Münaqişə tərəfləri olan Ermənistan həmsədrlik üçün Fransanı, Azərbaycan isə əvvəlcə Almaniyanı, daha sonra ABŞ-ı təklif etdi. Azərbaycanın irəli sürdüyü namizədlərdən hansının bu posta gəlməsi üzərində iki aya yaxın müzakirələr aparıldı. Nəhayət, 1997-ci il fevralın 27-də Minsk qrupunda Rusiya, Fransa və ABŞ həmsədr dövlətləri olaraq fəaliyyətə başladı.
26 illik səmərəsiz fəaliyyət: Minsk qrupu indiyə qədər heç bir nəticə verməyən təkliflərlə çıxış edib.
1997 - 1998-ci illərdə Minsk qrupu münaqişə tərəflərinə üç konkret sənəd - "paket həlli", "mərhələli həll" və "ümumi dövlət" planlarını təklif edib. İlk iki təklifi Ermənistan, üçüncü təklifi isə Azərbaycan qəbul etməkdən imtina edib. Ermənistan tərəfi "mərhələli" həll təklifinə razılıq vermişdi, lakin nəticədə baş tutmadı. Belə ki, 1997-ci ildə Ermənistanın eks-prezidenti Levon Ter Petrosyan birinci mərhələdə Dağlıq Qarabağ ətrafındakı 6 rayonun azad olunması, ikinci mərhələdə Dağlıq Qarabağın statusu, sonda isə Laçının aqibətinin həll olunması ilə bağlı razılaşsa da, bu razılıq onun prezident postunu itirməsi ilə nəticələndi. Əslində bununla ermənilər münaqişənin həll olunmaması üçün hər şeyə hazır olduqlarını göstərdilər.

Erməni diplomatın diz çökməsi

1993-cü ilin 18 martında BMT baş katibinin xüsusi nümayəndəsi Sayrus Vensin Qarabağ münaqişəsi ilə tanış olmaq üçün regiona səfəri zamanı da erməni xisləti bir daha özünü göstərdi. BMT təmsilçisi İrəvanı tərk etmək üçün "Zvarnots" aeroportunda təyyarəyə minərkən ayaqqabısının bağlı açılır. Bunu görən erməni diplomatlardan biri dərhal dizini yerə qoyaraq, Vensin ayaqqabısını bağlayır. Bununla da onlar bütün vasitələrlə - istər yaltaqlıq, istər şantaj - Dağlıq Qarabağ münaqişəsinə "düyün" vurmaqda idilər. 2010-cu ilin fevralın 10-11-də keçirilmiş Rambuye görüşündə də Ermənistan prezidenti Robert Koçaryanın pis vəziyyətdən çıxmaq üçün ayaqyoluna qaçması, daha sonra təcili görüşü tərk etməsi də münaqişənin hələ çox uzanacağını göstərdi.

Dəyişən yalnız adlardır

2010-cu ildən günümüzə qədər Minsk qrupu istər prezidentlər, istərsə xarici işlər nazirləri səviyyəsində müxtəlif görüşlər təşkil edib.
Soçi, Kazan, Vyana, Sankt-Peterbuqr, Cenevrə... Dəyişən yalnız şəhər adlarıdır, nəticə isə sıfır. Minsk qrupunun fəaliyyətini incələdikdə, həmsədrlərin münaqişənin həllindən daha çox, regionda sabitliyin qorunmasına çalışdığı sezilir. Təbii ki, bu, mövcud status-kvonun saxlanılması və möhkəmlənməsi ilə nəticələnən prosesdir.
Rəsmi Bakı münaqişənin həlli ilə bağlı müxtəlif həmlələrə əl atır. Onlardan xüsusilə ikisi diqqət çəkir: diplomatik və hərbi.
Diplomatik həmlə: 2015-ci ildə Azərbaycan tərəfi səmərəsiz fəaliyyət göstərən Minsk qrupu formatının dəyişdirilməsi – Türkiyə və Almaniyanın da iştirakı ilə "5-lik Sədrlər Şurası"nın (SŞ) yaradılması təklifi ilə çıxış etdi. ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev tərəfindən Vyanada qaldırılan bu məsələ həyata keçmədi. Çünki ortada həmsədr dövlətlərin öz maraqları var.
Hərbi həmlə: 2016-cı ilin aprelində Azərbaycan Ordusu cəbhədə erməni təxribatına cavab olaraq hərəkətə keçdi və ərazilərin bir hissəsini işğaldan azad etdi. Ermənistanın həmsədr dövlətlərə yalvarışlarından sonra döyüşlər dayandırıldı və danışıqlar aktiv fazaya keçdi. Məhz Vyana, Sankt-Peterburq görüşləri "aprel müharibəsi"ndən sonra baş tutdu. Ötən il isə prezidentlər Cenevrədə görüşdü. Nəticə yenə də eynidir.
Minsk qrupunun "xeyri?!": Bəzən belə iddialar səslənir ki, həmsədrlərin fəaliyyəti nəticəsində qondarma DQR-in danışıqlar prosesində tərəf kimi çıxış etməsinin qarşısı alınıb. Doğrudur, Minsk qrupunun verdiyi mandat Ermənistanın danışıqlara qondarma rejimi tərəf kimi sırımaq niyyətinə imkan vermir. Çünki bu mandata görə, Azərbaycan və Ermənistan münaqişənin bilavasitə tərəfi, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları maraqlı tərəfi kimi qəbul edilir. Hərçənd, Ermənistanın qondarma rejimi tərəf kimi göstərmək planının qarşısını ümumilli lider Heydər Əliyevin aldığı tarixi faktdır.

Kazimirovun hiyləsi və Heydər Əliyevin qəzəbi

1994-cü ildə dövlət müşaviri işləyən Qabil Hüseynli deyir ki, qondarma DQR-in tərəf kimi göstərilməsinin qarşısını Heydər Əliyev aldı.
"1994-cü ildə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğalçı ermənilərə ağır zərbələr endirməyə başladı. Bərdə və Tərtər istiqqamətində qızğın döyüşlər gedirdi. Ermənilər müharibəni Azərbaycanın yeni bölgələrinə keçirmişdilər. Kəlbəcər, Laçın, Zəngilan, Şuşa da daxil olmaqla bu ərazilər işğal olunmuşdu, hücumlar Cəbrayıl, Füzuli, Ağdam, Tərtər istiqamətlərində başlamışdı. Azərbaycan ordusu onda yeni formalaşırdı, lakin buna baxmayaraq, güclü hücum nəticəsində 20-dən çox kəndimiz azad edildi. Bu hücumlarda 5 minə qədər erməni öldürüldü. Sonra ermənilər müharibəni əsas ağırlığını Tərtərə yönləltdilər. Məqsəd Tərtər-Yevlax yolunu bağlamaqla Azərbaycanın qərb rayonları ilə əlaqəsini kəsmək idi. Bu istiqamətdə də onlar dəf edildi. Ağdərənin 4 kəndi də geri qaytarıldı, bu isə rayonun 30 faizi idi. Ruslar gördülər ki, Azərbaycan ordusu irəliləyir. Belə şəraitdə Azərbaycana atəşkəs rejiminin bağlanmasını təklif etdilər. Azərbaycan bunu müzakirə etdi və mövcud vəziyyətdə təklifi qəbul etdi. Çünki yeni qüvvələrin səfərbər edilməsi üçün Azərbaycana vaxt lazım idi, həmçinin neft kontraktlarının bağlanması, iqtisadiyyatın dirçəldilməsi bunun vacibliyi ortada idi. Atəşkəs üçün Minsk qrupunun o zamankı rusiyalı həmsədri Vladimir Kazimirovu göndərdilər. Heydər Əliyev Kazimirovla atəşkəs məsələlərini razılaşdırıldı. Razılığa görə bu Azərbaycan və Ermənistan tərəfi ilə bağlanır və orda beynəlxalq iştirakçılar iştirak etməlidir. Hamısı olmasa da müəyyən məsələlərə əməl edildi. Atəşkəsin bağlanması üçün Bişkek şəhərində toplanıldı. Azərbaycan tərəfindən orda Ali Sovet sədrinin birinci müavini Afiyəddin Cəlilov iştirak edirdi. Rəhmətlik Afiyəddin Cəlilov mayın 10-u səhər Heydər Əliyevə zəng vuraraq dedi ki, bura qondarma "DQR"-in nümayəndəsinin də adı salınıb. Heydər Əliyev ona dərhal geri qayıtmasının tapşırdı. Bu barədə Heydər Əliyev sonradan bizi toplayarkən məlumat verdi. Afiyəddin Cəlilov axşamüstü Bakıya qayıtdı, Kazimirov da onunla birlikdə gəlmişdi. Onda Heydər Əliyev Kazimirova qəzəbləndi və sərt tənqid etdi. Sonra razılığa gəlindi ki, sənəddə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının da imzaları olsun. Kazimirov İrəvanla danışdı, onlar razılaşdı", - deyə sabiq dövlət müşaviri vurğulayıb.
Göründüyü kimi, Minsk qrupu öz missiyasını yerinə yetirə bilmir, lakin buna rəğmən, regiona "turist səfərləri" etməkdən də əl çəkmir. Bütün bunların fonunda sual yaranır: "Minsk qrupundan imtina edilməlidirmi?".
Qabil Hüseynli hesab edir ki, Minsk qrupundan imtina Azərbaycanın maraqlarına uyğun deyil: "Çünki həmsədrlər faktiki olaraq danışıqlar prosesini təşkil edən yeganə formatdır. Bu formatın ləğvi Ermənistana işğalçılıq siyasətini davam etdirməyə və münaqişənin həllini daha da uzatmağa imkan yarada bilər. Lakin o da faktdır ki, Minsk qrupu formatı heç nəyə nail ola bilmir. Fikrimcə yeganə yol, Minsk qrupu tərkibində formatın dəyişdirilməsi, yəni, ya həmsədrlər dövlətlərin başqaları ilə əvəz edilməsi, ya da Türkiyənin və digər müsəlman dövlətlərin bu formata daxil edilməsidir. Çünki hazırki formatda təmsil olunan həmsədr dövlətlər Ermənistana daha yaxındır, nəinki Azərbaycana".
Martın 24-də Minsk qrupu növbəti "doğum gününü" qeyd edəcək və vasitəçilik misssiyasının tarixinə 26-cı sıfır yazılacaq. Azərbaycan torpaqlarının işğalı hələ də davam edir...

Asif Nərimanlı

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"