Türkiyə prezidenti ABŞ-ın sanksiya təhdidinə münasibət bildirib Siyasət

Türkiyə prezidenti ABŞ-ın sanksiya təhdidinə münasibət bildirib

"46 gündür, Suriyanın Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı həyata keçirilir. İndiyə qədər 700 kv.km ərazi PKK terror təşkilatının Suriyaqolu PYD/YPG-dən təmizlənib, 2872 terrorçu zərərsizləşdirilib".
Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, bunu Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan AKP-nin dünən qrup toplantısında bildirib.
R. T. Ərdoğan deyib ki, "Zeytun budağı" əməliyyatında Türkiyə 41 şəhid verib, Azad Suriya Ordusunun isə 159 döyüşçüsü həlak olub.
"Avropa vədlərinə əməl etsəydi, bu gün Türkiyə Avropa İttifaqının üzvü kimi öz yerini tutmuşdu. ABŞ-ın da Suriyada seçimi səhv olmasaydı, bu gün reallıq fərqli olardı"-deyən Ərdoğan bildirib ki, Türkiyənin Rusiya və İranla üst-üstə düşən və düşməyən maraqları var: "Türkiyənin terror təşkilatları ilə mübarizəsini, S-400 almasını tənqid edənlər özlərinə baxsınlar. Bu gün Yunanıstanın S-300-ləri var, Rusiyadan alıb, buna səs çıxarmırlar. Ancaq Türkiyənin Rusiyadan S-400 alması ilə bağlı ABŞ ölkəmizə sanksiya tətbiq edə biləcəyini bəyan edir. Bu, ənənəvi yanlış yanaşmadır və Türkiyə üçün keçərli deyil".