“Ermənilər özlərinin miskin vəziyyətini etiraf ediblər” Siyasət

“Ermənilər özlərinin miskin vəziyyətini etiraf ediblər”

"Ermənistanın istər siyasətçiləri, istərsə də əhalisi arasında Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi o qədər həssaslaşıb ki, artıq paxıllıq, qibtə hissini belə ötüb keçib".
Bunu millət vəkili Tahir Kərimli deyib.
O qeyd edib ki, Ermənistan son illərdə Azərbaycanda keçirilən beynəlxalq səviyyəli tədbirlərin ümumdünya əhəmiyyətli olduğunu dəfələrlə qeyd edib: "Özlərinin isə miskin vəziyyətini etiraf ediblər. Azərbaycanın cəmi 86,6 min kvadrat kilometr ərazisi və 10 milyona yaxın əhalisi var, amma özünün çəkisi dəfələrə bundan çox görünür. Çünki heç də böyük dövlətlər müxtəlif sahələrdə belə səviyyədə tədbirlər həyata keçirə bilmirlər. Xüsusən, Azərbaycanda böyük mədəniyyət tədbirlərinin, forumların, idman yarışlarının keçirilməsi bir məsələni ortaya qoydu. Azərbaycanı istəməyən qüvvələr ermənilər və digərləri ölkəmizdə tolerantlığın olmamağı, burada müsəlmanlarla birgə yaşamağın mümkün olmadığını və bu kimi məsələlər ortaya qoyurdular. Amma bu tədbirlərin keçirilməsi nəticəsində gördülər ki, Azərbaycanda ənənə halını almış böyük tolerantlıq var, böyük mədəniyyət var. Bildilər ki, Azərbaycan həm də mədəniyyət ölkəsidir. Bu həm siyasi, həm də kulturoloji mədəniyyətə aiddir".
Millət vəkili əlavə edib ki, Azərbaycanın nüfuzu gündən-günə artır: "Prezident İlham Əliyevin andiçmə mərasimində də dediyi kimi vaxt var idi 1 milyon insan Azərbaycanı ziyarət edirdi, bu il isə ölkəmizə 3 milyondan artıq qonaq gələcək: "Təkcə Formula yarışlarını yarım milyarddan artıq insan izləyir. Bu onu göstərir ki, Azərbaycan nə qədər vacib bir ölkəyə çevrilib. Tədbirlərin burada keçirilməsinin əsas əhəmiyyəti birmənalı şəkildə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin müdafiəsi haqqında qərarların verilməsidir. ABŞ-ın və Rusiyanın hərbi qərargah rəislərinin Azərbaycanda görüşünü xatırlatmaq hərbi cəlbediciliyimizi göstərmək üçün kifayət edir. Bunlar hamısı ölkəmiz üçün çox mühüm əhəmiyyətə malikdir və digər qonşu, hətta özündən qat-qat böyük dövlətlərə nisbətən daha cəlbedici dövlət obrazını yaradır".