“Azərbaycanda söz və mətbuat azadlığı təmin olunub“ Siyasət

“Azərbaycanda söz və mətbuat azadlığı təmin olunub“

"Şərqdə ilk dəfə 100 il əvvəl demokratik cümhuriyyət olan Xalq Cümhuriyyəti yaradılıb".
Bunu dünən Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında siyasi dialoq və islahatlar mövzusunda çıxış edən Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Əli Həsənov bildirib ki, müstəqillik qazanan Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin hüquqi varisidir: "Azərbaycanda hüquqi və demokratik dövlətin qurulması, azad iqtisadi münasibətlərin formalaşdırılması başlıca məqsəd kimi qarşıya qoyulur. Təəssüf ki, Azərbaycan müstəqilliyinin ilk illərində Ermənistanın işğalçılıq siyasəti ilə üzləşib. Beynəlxalq siyasi vəziyyət və dövlət qurumlarının o vaxtı rəhbərlərinin naşılığı sayəsində Azərbaycanda tənəzzül baş verib. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə inkişaf və liberal iqtisadiyyata keçid təmin edlib. Prezident İlham Əliyevin siyasətinin məğzində insan hüquq və azadlıqlarının təşviqi, vətəndaş cəmiyyəti institutlarının inkişafı durur, bu istiqamətdə ardıcıl siyasət həyata keçirilir".
Azərbaycanda partiya, QHT və KİV-in statistikası barədə məlumat verən Əli Həsənov qeyd edib ki, ölkədə siyasi partiyaların sərbəst fəaliyyət göstərməsi üçün münbit şərait yaradılıb: "Qanunda partiyaların dövlət qeydiyyatına alınması üçün çox sadə tələblər müəyyənləşdirilib. Hazırda 55 partiya dövlət qeydiyyatından keçib. 2012-ci ilin mayında "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər qüvvəyə minib. Hər il dövlət büdcəsindən siyasi partiyaların maliyyələşdirilməsi üçün 2,5 milyon manat vəsait ayrılır.
Bu vəsaitin 40 faizi parlamentə seçilmiş partiyalar arasında proporsional, 50 faizi deputatların sayına uyğun olaraq proporsional olaraq bölünür. Vəsaitin 10 faizi isə son parlament seçkilərində ən azı 3 faiz səs toplamış partiyalar arasında bölünür. Hazırda Milli Məclisdə 7 müxalifət partiyası təmsil olunur".
O nəzərə çatdırıb ki, qanunvericilik QHT-lərin də azad və sərbəst fəaliyyət göstərməsini təmin edir: "Dövlət hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Gənclər Fondu vasitəsi ilə QHT-lərin layihələrini maliyyələşdirir. Digər dövlət qurumlarının xətti ilə də QHT-lərin layihələri maliyyələşdirilir".
Əli Həsənov bildirib ki, dövlət və ictimai təşkilatlar arasında əməkdaşlıq mexanizminin təkmilləşdirilməsi diqqət mərkəzində saxlanacaq: "Mühüm dövlət proqramlarının hazırlanmasına QHT-lərin cəlb edilməsi təmin olunacaq. 2014-cü ildə qüvvəyə minmiş "İctimai iştirakçılıq haqqında" qanun bu məqsədə xidmət edir. Qanuna əsasən, mərkəzi icra hakimiyyəti orqanları yanında ictimai şuralar yaradılıb".
O, elektron hökumətlə bağlı görülən işlərdən də bəhs edib: "Bu sahədə əsas məqsədlərdən biri də QHT-lərə elektron xidmətlərin göstərilməsidir".

Əli Həsənov Azərbaycanda söz və mətbuat azadlığı təmin olunduğunu da vurğulayıb. O, deyib ki, Azərbaycanda istənilən şəxs müvafiq dövlət qurumuna xəbərdarlıq edərək qəzet yarada bilər: "Elektron sayt yaratmaq üçün isə domen almaq kifayətdir. Əhalinin 80 faizi internet istifadəçisidir. Sosial şəbəkə istifadəçilərinin sayı 3 milyon nəfərdən artıqdır. 50-dən artıq televiziya və radio kanalı fəaliyyət göstərir. KİV-in sayı isə 5 min 100-ə çatıb. Prezident İlham Əliyev hesab edir ki, ölkədə siyasi islahatlar iqtisadi islahatlarla bərabər aparılmalıdır".