Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyi Siyasət

Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyi

Bu münasibətlə Qadınların V Forumu keçirilib

"Azərbaycan ərazisi 26 ildir ki, işğal altındadır. Ötən 100 il ərzində çoxmiqyaslı nailiyyətlər əldə edilsə də, yeganə problem Dağlıq Qarabağ münaqişəsinin olması bizə bu nailiyyətləri bütün mənası ilə hiss etməyə imkan vermir".
Bunu Milli Məclisin sədr müavini Bahar Muradova "Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinı həsr olunmuş Qadınların V Forumu"nda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dünya ictimaiyyətinin laqeyd qalması bu problemin bu günə qədər gəlib çatmasına rəvac verib: "Bu günkü beynəlxalq ictimaiyyət də Dağlıq Qarabağ münaqişəsi kimi problemlərin həlli üçün aparıcı mövqe olan beynəlxalq hüququn prinsiplərinə riayət etməyin vacibliyini vurğulamağın üzərindən sükutla keçir və bununla da erməni təcavüzünə, erməni işğalına şərait yaratmış olur".
B.Muradova bildirib ki, tariximizin bəzi səhifələri faciə ilə doludur, lakin tarixin vacib məqamlarında düzgün addımlar atmaq qətiyyətinə malik olan xalq olmağımız bizdə qürur hissi doğurur: "Ölkə prezidentinin bu günlərdə keçirilən tədbirdə vurğuladığı kimi, əgər o zaman Azərbaycanın malik olduğu bütün sərvətlər ölkənin öz əlində olsaydı, Azərbaycan uzun illər enerji ehtiyatlarını öz problemlərinin həlli üçün istifadə etsəydi, bu gün Azərbaycan ən çox inkişaf etmiş və demokratik ölkə olardı".
B.Muradova hesab edir ki, Azərbaycan qadınları ərazi bütövlüyünün qorunmasına öz töhfələrini veriblər: "Milli qəhrəman statusu almış qadınlar bu məsələdə də kişilərdən geri qalmadıqlarını göstəriblər. Azərbaycan qadınları da müstəqilliyin və ərazi bütövlüyünün qorunması üçün öz canlarını verməkdən çəkinmirlər".
"Azərbaycanda sahibkarlığın inkişafına qadınların verə biləcəyi töhfəni artırmaq qarşımızdakı vəzifələrdən biridir"-deyən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədovun sözlərinə görə, innovativ fəaliyyət sahəsində qadınların daha fəal iştirakına ehtiyac var.
Ə.Əhmədov bildirib ki, 2018-ci il Azərbaycanda "Xalq Cumhuriyyəti ili" elan edilib: "Bu da heç təsadüfi deyil. Bununla Azərbaycan xalqı həmin dövr tariximizə olan dərin ehtiramını bildirir. Azərbaycan Xalq Cumhuriyyəti çox yaşaya bilməsə də, onun qoyduğu ənənələr yaşayıb. Azərbaycan qadınlarının hələ 100 il əvvəl ictimai həyatda yaxından iştirak etməsi üçün addımlar atılıb".
Baş nazirin müavini qeyd edib ki, bu gün Azərbaycan cəmiyyətinin inkişafına qadınlar xüsusi töhfələrini verirlər:
"Azərbaycan qadınlarının bir çox fəaliyyət sahələrində təmsilçilik faizi kişilərdən çoxdur. Təhsil, səhiyyə sahəsində çalışan qadınların sayı kişilərdən daha çoxdur. Əlbəttə, biz bütün bunlarla qürur duyuruq. Amma eyni zamanda irəliyə baxırıq. Qadın hüquqlarının təmini üçün yeni vəzifələr ortaya çıxır. Düzdür, idarəçilik sistemində təmsil olunan, ictimai-siyasi fəaliyyət üzrə çalışan qadınların sayı artır. Amma parlamentdə qadınların təmsilçilik faizinin 20 faizdən aşağı olması, bələdiyyədə qadınların təmsilçilik faizinin 40 faizdən çox olmaması bizi düşündürməlidir".
"Məişət zorakılığının qarşısının alınması sahəsində böyük işlərin görülməsinə baxmayaraq, bu məsələ hələ də bizi narahat edir". Bu fikirlərin müəllifi isə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovadır.
H.Hüseynova bildirib ki, əgər analar qızlarını zorakılıqdan qorumaq istəyirlərsə, oğlanlarına düzgün tərbiyə verməlidirlər:"Nəzərinizə çatdırım ki, bu istiqamətdə işlərin daha da gücləndirilməsi üçun məişət zorakılığı ilə bağlı onlayn məlumat bankı yaradılıb. Bu, yerlərdə monitorinq qruplarının işini daha da sürətləndirir, baş vermiş hadisənin operativ olaraq ağır fəsadlar yaratmadan, vaxtında qarşısının alınmasına səbəb olur".