Dövlətə ziyan vuranlar həbs edildi Siyasət

Dövlətə ziyan vuranlar həbs edildi

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində mühüm işlər görülür.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ətraf mühitin mühafizəsini həyata keçirən qurumları tərəfindən aşkar olunmaqla ekoloji qanun pozuntularına yol vermiş hüquqi və fiziki şəxslərə qarşı ən ciddi tədbirlər davam etdirilir.
Məlumat verildiyi kimi, ETSN-nin əməkdaşları tərəfindən respublikanın ayrı-ayrı rayonlarında yerləşən qum-çınqıl yataqlarında karxanaların fəaliyyətinin monitorinq nəticəsində bəzi dövlət orqanları və sahibkarlıq subyektləri tərəfindən yer təkinin qorunması, xüsusən çay yataqlarının istifadəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydalar və lisenziyalaşdırma şərtlərinin kobud surətdə pozulması, bunun nəticəsində ətraf mühitə, infrastruktur obyektlərinə, su təchizatı şəbəkələrinə, hidrotexniki qurğulara və sahil bərkitmə bəndlərinə ciddi təhlükənin yaranması, çay məcralarının kəskin eroziyaya məruz qalması müəyyən edilib.
Qum-çınqıl yataqlarında hüquqi və fiziki şəxslərə məxsus 96 karxananın fəaliyyətində aşkarlanmış qanun pozuntuları ilə bağlı toplanmış materiallar əsasında Baş Prokurorluqda Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə 8 cinayət işi başlanaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılır.
Qeyd edilən cinayət işlərinin materiallarından 6-sı ayrıca icraata ayrılaraq istintaqı tamamlanıb. Həmin işlər üzrə aparılmış istintaq zamanı sahibkarlar tərəfindən dağ-mədən obyektlərinin istismarı zamanı ətraf mühitin qorunması qaydalarına riayət olunmaması, müvafiq icra hakimiyyəti orqanından lisenziya almalı olduğu halda, buna əməl edilməməsi, eləcə də lisenziyalaşma şərtlərini pozmaqla qanunsuz sahibkarlıq fəaliyyətlərini davam etdirmələri, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən "Avro-Asiya İnşaat Korporasiyası Evrascon" ASC-nin rəhbəri Manaf Şirinov, "Titanik-5" MMC-nin rəhbəri Şahin Məmmədov, "Azvirt" MMC-nin iş icraçısı vəzifəli şəxsi İbrahim Quluyev, "Alyans" MMC-nin rəhbəri Nəriman Yəhyayev, "Gülövşə" MMC-nin rəhbəri Mahir Allahverdiyev və "Qara-Qum Holdinq" MMC-nin rəhbəri Yasif Ağayevə Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilərək, Mahir Allahverdiyev barəsində polisin nəzarəti altına vermə, digər təqsirləndirilən şəxslər barəsində isə məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd olunan cinayət işləri üzrə qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində dövlətə və təbiətə 2,7 milyon manat məbləğində maddi ziyan vurulması, habelə 182 min manat məbləğində vergidən yayınma halları müəyyən edilmiş və istintaq zamanı dəymiş ziyanın tam ödətdirilməsi təmin edilməklə cinayət işləri baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Hazırda bu sahədə istintaqı aparılan digər cinayət işləri üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödətdirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.