Yaponiya “Qafqaz təşəbbüsü” ilə çıxış edib Siyasət

Yaponiya “Qafqaz təşəbbüsü” ilə çıxış edib

"Yaponiya Cənubi Qafqaz regionu ilə əməkdaşlığı dərinləşdirmək istəyir".
"Report"un Gürcüstan bürosunun məlumatına görə, bunu Yaponiyanın xarici işlər naziri Taro Kono Tbilisidə gürcü həmkarı David Zalkaliani ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
"Gürcüstana səfərim çərçivəsində Yaponiyanın "Qafqaz təşəbbüsü" irəli sürüldü. Təşəbbüs iki istiqamətdən ibarətdir. Birinci istiqamət dövlət quruculuğu üçün insan resurslarının inkişafına, ikincisi isə Qafqazın iqtisadi cəhətdən cəlbedici olması üçün dəstəkdən ibarətdir. Bu istiqamətə infrastrukturun inkişafına dəstək və biznes mühitinin yaxşılaşdırılması daxildir", - o deyib.
Taro Kano qeyd edib ki, Qafqaz regionunda sabitlik yalnız Gürcüstan və onun qonşuları üçün deyil, bütün dünya ictimaiyyəti üçün də vacibdir: "Qafqaz bölgəsi Asiya, Avropa və Yaxın Şərqi birləşdirir. Qafqazda sabitlik yalnız region üçün vacib məsələ deyil, həmçinin beynəlxalq ictimaiyyətin sülh və təhlükəsizliyi üçün də önəmlidir".
David Zalkaliani, öz növbəsində, Yaponiyanın "Qafqaz təşəbbüsü"nü dəstəklədiyini söyləyib: "Tbilisi Tokio ilə əməkdaşlığın yeni mərhələsinə hazırdır. Yaponiyanın regionla bağlı təşəbbüsünü dəstəkləyirik və fəal əməkdaşlığa hazırlığımızı ifadə edirik".
Qeyd edək ki, Yaponiyanın xarici işlər naziri Taro Kono sentyabrın 5-6-da Azərbaycana rəsmi səfər edəcək.