“ATƏT-in fəaliyyəti aktivləşdirilməlidir” Siyasət

“ATƏT-in fəaliyyəti aktivləşdirilməlidir”

"Ümumiyyətlə. ATƏT-in Minsk Qrupu bir mexanizm kimi mövcuddur. Azərbaycan indiyədək ATƏT-in mexanizmi çərçivəsində fəaliyyət göstərir. Ancaq təəssüflər olsun ki, bu heç bir gözlənilən nəticəni hələ də vermir". Bunu siyasi ekspert Tamerlan Vahabov deyib. Onun sözlərinə görə, bütün bunlara baxmayaraq Azərbaycan Respublikası konstruktiv mövqeyini davam etdirir və danışıqları bu çərçivədə davam etdirir: "Təbii ki, hər zaman ATƏT-in Minsk Qrupunun üzvlərinə Azərbaycanın mövqeyi çatdırılmalıdır ki, bu vəziyyətdə status-kvo uzun müddətli ola bilməz. Burada mütləq konstruktiv addımlar atılmalıdır. Ermənistanı danışıqlar masasında ədalətli mövqeyə gətirmək üçün ATƏT-in fəaliyyəti aktivləşdirilməlidir.
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Tomas Qremingerin səfəri zamanı keçirəcək görüşdən gözləntilər daha çox böyük prosesin bir hissəsidir. Deməzdim ki, bu görüş hansısa bir dəyişikliklərlə nəticələnəcək. Ancaq bu vacib görüşdür və hər zaman davam etdirilməlidir".
Qeyd edək ki, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Tomas Qreminger Azərbaycana səfərə gəlib. O bu gün Qreminger Bakıda bir sıra rəsmi görüşlər keçirəcək, həmçinin ADA Universitetində mühazirə ilə çıxış edəcək.