“Dövlət başçısı Ermənistana ciddi şəkildə xəbərdarlıq etdi” Siyasət

“Dövlət başçısı Ermənistana ciddi şəkildə xəbərdarlıq etdi”

Musa Qasımlı: "Rəsmi İrəvan birmənalı olaraq bilməlidir ki, Azərbaycan torpaqlarını işğaldan azad edəcək"

"Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 100 illiyinə həsr edilmiş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında cənab Prezidentimiz İlham Əliyevin etdiyi nitq mahiyyətinə görə dərin, məzmununa görə əhatəli və geniş idi". Bu fikirləri millət vəkili Musa Qasımlı deyib. M.Qasımlı bildirib ki, nitqdə ilk növbədə Cümhuriyyət parlamentinin fəaliyyətinin və qəbul etdiyi qanunların əhəmiyyəti vurğulandı, müasir dövlət quruculuğunda Milli Məclisin oynadığı rol qeyd edilib: "Dövlət başçısı bildirdi ki, Azərbaycan parlamenti həm Ulu Öndər Heydər Əliyevin dövründə, həm də bu gün öz fəaliyyəti ilə ölkəmizin müstəqilliyini möhkəmləndirir, sürətli inkişafını təmin edir, bu inkişafa öz töhfəsini verir. Bizim qanunvericilik bazamız ən yüksək meyarlara cavab verir. Biz bir çox beynəlxalq konvensiyalara qoşulmuşuq və azadlıqların təmin edilməsində, demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan parlamentinin çox böyük rolu var". Deputat qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və nəticələri üzərində dayanan Prezident İlham Əliyev işğalçı ölkəyə, dünya dövlətlərinə və beynəlxalq təşkilatlara açıq və mühüm mesajlar göndərmiş oldu: "Təcavüz nəticəsində yaradılan Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə beynəlxalq təşkilatların qətnamələrini yerinə yetirməyən Ermənistana qarşı təzyiqlərin edilməsinin vacibliyi, Azərbaycanın öz tarixi torpağından heç bir zaman vaz keçməyəcəyi vurğulandı. Ölkə başçısı qeyd etdi ki, əgər dünyanın ən ali orqanı olan BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmirsə, onda əlbəttə ki, bu orqanın nüfuzu o qədər də yüksək səviyyədə ola bilməz. Münaqişənin həllinin bir yolu var. Ermənistan silahlı qüvvələri bizim torpaqlarımızdan çıxarılmalıdır, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və ondan sonra bölgədə sülh yarana bilər. Bundan başqa Dövlət başçısının Azərbaycan ordusunun qüdrətini xüsusi vurğulaması özlüyündə çox mətləblərdən xəbər verir ".
Deputatı Elman Məmmədov isə bildirib ki, Prezident İlham Əliyev Milli Məclisin 100 illik yubileyi ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı çox geniş, məzmunlu, dəyərli fikirlər irəli sürdü. Bu çıxışda demək olar ki, bütün istiqamət və sahələr əhatə olundu". Onun sözlərinə görə, Prezident çıxışında Azərbaycanda dövlətçiliyin, parlamentarizmin bünövrəsindən başlanan bu günlərə qədər bütün məsələlərin hər birinə toxunaraq, Milli Məclisin fəaliyyətinə xüsusi əhəmiyyət verərək, qiymətləndirdi,
Dövlət başçısının çıxışı zamanı ölkəmizin beynəlxalq əlaqələrinə, iqtisadi inkişafına toxunduğunu deyən deputat vurğulayıb ki, Prezident İlham Əliyev tədbirdə çoxsaylı beynəlxalq qonaqların iştirakını nəzərə alaraq, Dağlıq Qarabağ məsələsi ilə əlaqədar həm işğalçı tərəf, həm də bu məsələdə cavabdehlik daşıyan, problemin həlli ilə bilavasitə məşğul olan beynəlxalq qurumların fəaliyyəti ilə bağlı cəsarətli, ciddi fikirlər söylədi: "İlk növbədə bir daha terrorçu, işğalçı, cinayətkar özünü dövlət adlandıran qurumun özünə və rəhbərliyinə çatdırıldı ki, əgər siz də özünüzdən əvvəlkilər kimi sərsəm siyasət aparsanız sonunuz yaxşı olmayacaq. Ermənistan birmənalı olaraq bilməlidir ki, Azərbaycan torpaqlarını işğaldan azad edəcək. Azərbaycan məsələnin sülh yolu ilə həllinə tərəfdardır, lakin Ermənistanın atdığı addımlar, cəfəng fikirlər onların sülhə danışıqlara hazır olmadığını bizə deməyə əsas verir. Belə olan halda, ölkəmiz güc yolundan istifadə etməyə məcbur olacaq. Dövlət başçısı bu fikirləri ilə Ermənistana ciddi şəkildə xəbərdarlıq etdi".
Prezident İlham Əliyevin çıxışında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq qurumlara da ciddi mesajlar verdiyini xüsusi vurğulayan E.Məmmədov söyləyib ki, dünyanın ən nüfuzlu beynəlxalq təşkilat olan BMT əgər özünün 25 ilə yaxındır ki qəbul etdiyi 4 məlum qətnaməni çırtdan dövlətə icra etmirsə, bununla özünün nüfuzunu aşağı salmış olur: "ATƏT-in Minsk qrupunun həmsədrləri də bu qəbildəndirlər. Yəni onlar işğalçı ilə həmfikir, ya da fəaliyyətləri yarıtmazdır. Beynəlxalq təşkilatlar ölkə başçısının bu mesajlarından ciddi nəticə çıxarmalıdırlar. Ümumiyyətlə, Prezident İlham Əliyevin yubiley tədbirində gələcəyə hesablanan proqram xarakterli çıxışı hamıya nümunə, dərs və xəbərdarlıq oldu".