“BMT Paşinyanın böhtanlarına münasibət bildirməlidir” Siyasət

“BMT Paşinyanın böhtanlarına münasibət bildirməlidir”

"Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının Nyu -Yorkda keçirilən 73-cü sessiyasında çıxışı çox hiddətləndirici, həyasız və abırsız idi" Bu fikirlərin müəllifi politoloq Qabil Hüseynlidir. Onun sözlərinə görə, başqa ölkənin torpaqlarını işğal edən ölkənin rəhbərinin bu cür çıxış etməsi mənəviyyatsızlığın, tərbiyəsizliyin ən yüksək göstəricisidir. BMT-yə iradlarını bildirən politoloq bildirb ki, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı 4 qətnaməsi olan təşkilat küçədən gələn bir adamın BMT tribunasından işğal edilmiş ərazilərin sahibinə iftira yağdırmağa şərait yaratmamalıdır.
Onun sözlərinə görə, BMT Paşinyanın böhtanlarına münasibət bildirməlidir: "Dağlıq Qarabağ artıq beynəlmiləşmiş, BMT-nin, ATƏT-in də gündəmində olan problemdir. Bu problemlə bağlı sərsəm fikirlərə yer ayırmaq və buna heç bir reaksiya verməmək ürək ağrıdıcıdır. BMT-nin missiyası beynəlxalq sülh və təhlükəsizliyin təminində fəal iştirak etməkdir. Bu bölgədə sülhü pozan əsas ölkə Ermənistandır. Əgər BMT bu ölkəyə qarşı sanksiya tətbiq etmirsə, problemin həlli ilə əlaqədar sülhməramlı qüvvələr göndərmək istəyini ifadə etmirsə, heç olmasa öz tribunasından yalan söyləyənlərə qarşı çıxmalıdır. BMT Paşinyanın çıxışının bölgədəki reallıqları əks etdirmədiyini, özünü müdafiə xarakterli olduğunu və təcavüzə məruz qalan ölkəni nüfuzdan salmaq məqsədi daşıdığını, onun davranış formasına etirazını bildirməlidir BMT-nin bunu dəyərləndirməsi üçün əlində kifayət qədər əsasları var. Amma təəssüf ki, təşkilat buna heç bir reaksiya göstərmir".
Beynəlxalq səviyyədə ikili standartların hələ də mövcud olduğunu deyən Q.Hüseynli söyləyib ki, belə bir şəraitdə Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət nəticəsində problemin həlli ilə bağlı beynəlxalq ictimai rəydə dönüş yaratsaq da, hələ də Ermənistanın sona qədər ifşasına nail ola bilməmişik: "Paşinyan artıq Sarkisyan və Koçaryanı kölgədə qoyub. O, millətçi şüarlarla çıxış edib, sonradan özünü demokrat adlandırır. Paşinyan öz ampluasında biridir. Görünür o hər zaman Azərbaycana qarşı bədxah, həbis mövqedə dayanıb və indi də öz niyyətlərinə həyata keçirmək üçün bütün vasitələrdən istifadə edir ".