“BMT beynəlxalq hüquq əsasında dünyanı tənzimləməlidir” Siyasət

“BMT beynəlxalq hüquq əsasında dünyanı tənzimləməlidir”

Rüstəm Məmmədov: "Ancaq bu qurum öz gücünü və təsir imkanlarını itirib"


"BMT Baş Məclisinin 73-cü sessiyası dünyada heç nə ilə yadda qalmayacaq". Bu fikirləri beynəlxalq hüquq üzrə mütəxəssis, professor Rüstəm Məmmədov deyib.
Onun sözlərinə görə, BMT beynəlxalq hüquq əsasında dünyanı tənzimləməlidir: "Ancaq bu qurum öz gücünü və təsir imkanlarını itirib. Odur ki, BMT-nin yenidən güclənməsi üçün onun daxilində ciddi islahatlar aparılmalıdır. Uzun illərdir bu barədə mütəxəssislər çağırışlar edir, lakin onu qulaqardına vururlar. BMT daha heç bir problemi həll edə bilmir.
Baş Məclisin 73-cü toplantısı nə Suriya, nə İran, nə də digər regional konfliktlərin həlli ilə bağlı irəliyə doğru addım ata bildi..."
Rüstəm Məmmədov əlavə edib ki, belə davam edərsə BMT dünyada tam əhəmiyyətsiz qurum statusu alacaq:
"BMT-nin bu ilki illik sessiyasında İran və ABŞ arasında dialoq imkanını qaçırıldı. Tramp-Ruhani görüşünün baş tutmamasını dünya üçün ağır məqam hesab edirəm.
İran tərəfi belə bir görüşdən imtina etdi. Çünki Amerikanın hədələrindən yorulduğu üçün görüş təklifini rədd elədi. Bu, faktiki olaraq dialoqdan imtina və məsələlərin radikal yollarla həlli variantına yaşıl işıq yandırılmasıdır".
Politoloq hesab edir ki, Ermənistan baş nazirinin BMT Baş Məclisinin tribunasından siyasətçiyə xas olmayan bəyanatlar səsləndirməsi biabırçı faktdır: "Bu, sərsəm çıxış idi. Onun sözünə əhəmiyyət verən olmadı.
Paşinyan doğurdan hakimiyyətdə təsadüfi adamdır. Onun siyasi savadı zəifdir. Mən hələ onun beynəlxalq hüquq qavrayışı haqqında danışmaq istəmirəm. Təsəvvür edin ki, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu 1924-cü il konstitusiyasında təsbit olunub. Və ermənilər 70 il azərbaycanlılarla birlikdə yaşayıb.
İndi Paşinyan iddia edir ki, ermənilər azərbaycanlılarla birlikdə yaşaya bilməz. Adamın Qarabağın tarixi haqqında elementar bilikləri yoxdur".