“Əsas milli təfəkkürə sahib olmaqdır” Siyasət

“Əsas milli təfəkkürə sahib olmaqdır”

Hikmət Babaoğlu: "Azərbaycan dilini bilmədən azərbaycanlı olmaq mümkün deyil"

Milli Məclisin payız sessiyasının ilk plenar iclası keçirilib. Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən plenar iclasın gündəliyinə 62 məsələ daxil edilib.
Deputat Fazil Mustafa deyib ki, Azərbaycanda "Məmurların hüquqlarının müdafiəsi haqqında" qanun layihəsinin hazırlanmasına böyük ehtiyac var: "Bildiyimiz kimi, Azərbaycanda tez-tez kadr dəyişiklikləri olur. Son zamanlar ölkə prezidenti tərəfindən gənc kadrların vəzifəyə təyin olunması ənənəsi qoyulub".
Deputat qeyd edib ki, tez-tez mətbuatda nazirliklərin mətbuat xidmətinin məlumatı ilə tanış olan zaman görülür ki, 5 nəfər işdən çıxarıldı, filankəs filan vəzifəyə təyin olundu: "Biz bu kimi hallara görə, məmurların hüquqlarını müdafiə edən qanun hazırlamalıyıq. Məmurların əksəriyyəti qanunlarla işləmək istəyən dürüst insanlardır. Ancaq rəhbər vəzifəyə təyin olunan bir şəxs həmin yerdə dəyişiklik edir. Həmin məmurları işdən çıxarır. Bu isə yolverilməzdir axı. Çünki bir peşəkar məmurun hazırlanmasına 10-15 il vaxt sərf olunur. Bəlkə cənab prezident rəhbər təyin etdiyi şəxslər qarşısında belə bir tapşırıq qoysun ki, 6 ay ərzində heç kimə toxunmasınlar. Hesab edirəm ki, məmurun qorunması müxanizmi vacibdir".
Deputat Zahid Oruc isə müasir dövrün tələblərinə uyğun olaraq məmurları və rəsmiləri sosial şəbəkələrdən aktiv istifadə etməyə çağırıb. O bildirib ki, bu gün "Youtube" kanalını izləyənlərin sayı milyardı keçib: "Ona görə də Azərbaycan dövləti sosial mediada öz təbliğatını qurmalıdır. Əgər İran dövlətinin rəhbərlərinin "Facebook", "Tvitter"də hesabı varsa, deməli, bu məsələlərə həssas yanaşmaq lazımdır".
Deputat Avropa məkanında "Evronyus Azərbaycan" kanalının yaradılmasını da zəruri hesab edir.
Zahid Oruc həmçinin deputatları Azərbaycana qarşı kampaniyalara cavab verməyə çağırıb. O əlavə edib ki, Azərbaycana qarşı təbliğat aparan Fəxrəddin Abbaszadənin Rusiyada həbs olunması təqdirəlayiqdir: "Həmin şəxslərin cəzalandırılması digərləri üçün də dərs olar".
Dollar kreditləri ilə bağlı qərara da toxunan Zahid Oruc deyib ki. bu məsləyə ciddi yanaşmaq lazımdır.
Spiker Oqtay Əsədov isə buna cavab olaraq bildirib ki, hər şeyi parlament etməli deyil. "Nazirlər kabineti də var"- deyə Oqtay Əsədov qeyd edib.
Deputat Vahid Əhmədov bildirib ki, Azərbaycanda "Əmanətlərin tam sığortalanması haqqında" qanunun qüvvədə olma müddəti artırılmalıdır.
Deputat bildirib ki, hazırda qüvvədə olan qanun gələn ilin mart ayında qüvvədən düşəcək: "Bu qanun əmanətlərin 3 il müddətində tam sığortalanmanı nəzərdə tuturdu ki, bu müddət də gələn ilin martında yekunlaşır. Xahiş edirəm ki, ölkə prezidenti sənədin müddətini uzatsın. Çünki bank sektorunda vəziyyət ağırdır. Müddətin uzadılmaması əhalinin banklardan əmanətlərini geri çəkməsi ilə nəticələnə, banklarda kapitallaşma ilə bağlı problemlər yarada bilər. Onsuz da ağır vəziyyətdə olan bank sektorunda vəziyyət daha da ağırlaşa bilər".
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov diqqətə çatdırıb ki, Azərbaycanda növbəti ildə bələdiyyə seçkiləri keçiriləcək: "Bələdiyyə seçkiləri ilə bağlı kifayət qədər qanunlar var. Lakin onların təkmilləşdirilməsinə ehtiyac duyulur".
O bildirib ki, ölkədə bələdiyyə üzvlərinin sayı həddindən çoxdur: "Dünya təcrübəsində götürsək, heç bir ölkədə bu qədər sayda bələdiyyə təmsilçisi yoxdur. Azərbaycanda ən kiçik kəndlərdə belə 3-5 bələdiyyə üzvü seçilir. Burada 1 nəfərin olması kifayətdir. Bir dairədən 1 millət vəkili olur, lakin 200-300-dən artıq bələdiyyə üzvü seçilir. Hesab edirəm ki, biz bunu təkmilləşdirməliyik. Bu, onların iş fəaliyyətinə də xeyli təsir edəcək".
Komitə sədri çıxışı zamanı Azərbaycanda yas və toy mərasimlər ilə bağlı qanunların təkmilləşdirilməsinə ehtiyac olduğunu dilə gətirib: "Düzdür bu mərasimlər xalq tərəfindən müəyyənləşdirilir. Amma bunların qanunla tənzimlənməsinə ehtiyac var. Hansısa tövsiyələrlə bunun tənzimlənməsi mümkün deyil. Belə halda, nəticə əldə edilmir. Çünki oradan vəsait qazanan insanlar buna imkan vermirlər. Bu baxımdan mərasimlərin tənzimlənməsi istiqamətində konkret olaraq qanun qəbul etməliyik".
Deputat Əli Məsimli vurğulayıb ki, Azərbaycanda "kredit risklərinin sığortalanması haqqında" qanun layihəsi hazırlanaraq qəbul olunmalıdır, bu qanuna ehtiyac var. Onun sözlərinə görə, bu qanunun mövcudluğu xarici valyutada verilən kreditlə bağlı mümkün gərginliyi azalda bilər.
Deputat həmçinin bu gün xarici valyutada kredit götürmüş, lakin qaytara bilməyən ölkə vətəndaşlarının vəziyyətinin nəzərə alınmasını, buna görə də "Müflisləşmə haqında qanun"da dəyişiklik edilməsini və qanuna fiziki şəxslərin də müflisləşməsi ilə bağlı maddələrin əlavə olunmasını təklif edib. Əli Məsimli həmçinin təhsil kreditləri ilə bağlı qanun layihəsinin qəbulunun sürətləndirilməsini təklif edib.
Millət vəkili Qənirə Paşayeva dövlət ali təhsil məktəblərinə ödənişli əsaslarla daxil olan, özəl ali məktəblərə daxil olan gənclərin artan təhsil haqları ilə bağlı üzləşdiyi problemlərdən danışıb və "Təhsil kreditlər haqqında" qanun layihəsinin qəbuluna çağırıb: "Təhsil kreditlərinin məsələsinin bütün ali təhsil müəssisələrini əhatə edəcək şəkildə geniş formada öz həllini tapmasına böyük ehtiyac var, maddi imkanlar üzündən ali təhsilini buraxmaq məcburiyyətində qalan və belə bir çıxılmaz vəziyyətlə üzləşən gənclərin sayı artır".
Qənirə Paşayeva bildirib ki, çoxlu sayda ali təhsil alan gənclər millət vəkillərinə müraciət edərək ödəniş haqlarını verməkdə çətinlik çəkdiklərini və ali təhsili yarımçıq qoymaq məcburiyyətində qaldıqlarını deyirlər. Qənirə Paşayeva deyib ki, özəlliklə bu problem kənd rayonlarında çox ciddidir: "Təhsil kreditləri məsələsi bütün ali məktəbləri əhatə edəcək şəkildə yüksək səviyyədə öz həllini taparsa, həmin gənclər bu cür çıxılmaz vəziyyətdə qalmazlar. Ucuz faizlərlə uzun müddətə kredit alaraq təhsilini başa vurub çalışmağa başladığında qaytarmağa başlayarlar və bu, təhsilin də, elmin də inkişafına özünün ciddi müsbət töhfələrini verə bilər. Kəndlərdən, rayonlardan nə qədər kasıb, imkansız ailələrin istedadlı uşaqları var. Biz kənd rayonlarını təmsil edən millət vəkilləri çox yaxşı bilirik onların problemlərini. Yataqxanaların sayı az olduğundan ali məktəblərə daxil olmuş gənclərin xeyli hissəsi kirayələrdə qalaraq oxumalıdır. Kasıb, gəlirləri aşağı ailələr övladlarının həm kirayə, həm yaşamaq, həm də təhsil haqqı ödənişini ödəməkdə ciddi çətinlik çəkirlər və bəzi gənclər bu səbəbdən ali təhsildən imtina edilər. Bu bizi ciddi narahat etməlidir. Biz kasıb, gəlirləri aşağı olan ailələrin savadlı övladlarının ali təhsil ala bilməsinə daha çox dəstək göstərməliyik". Qənirə Paşayeva bildirib ki, bir müddət əvvəl hazırlanan qanun layihəsi müzakirələrə çıxarıla bilər.
Deputatı Hikmət Babaoğlu deyib ki, Azərbaycanda son dövrlər autizm xəstəliyi geniş yayılmağa başlayıb: "Autizm xəstəliyinin müalicəsi uzun müddət və çoxlu xərc tələb edir. Bu baxımdan düşünürəm ki, belə xəstəliyin daşıyıcılarının müalicəsi ilə bağlı xüsusi qanun qəbul olunsun və bu, müəyyən şəkildə dövlət büdcəsi vasitəsilə kompensasiya edilsin. Eyni zamanda, bu xəstəliyin yaranma səbəbləri və qarşısının alınması ilə bağlı tədqiqatların aparılmasına da ehtiyac var. Çünki, bu xəstəlik genefondumuza ciddi zərbə vurur".
Azərbaycanda demoqrafik vəziyyətə toxunan millət vəkili deyib ki, son illər əhalinin artım səviyyəsi aşağı düşməkdədir. Bu halın gələcəkdə demoqrafik problemlərə gətirib çıxara biləcəyini deyən Hikmət Babaoğlu qeyd edib ki, problemin qarşısını almaq üçün müvafiq qanunlara dəyişikliklər edilməli və çoxuşaqlı ailələrə güzəştlər tətbiq olunmalıdır.
İnformasiya təhlükəsizliyi məsələsinə gəlincə, millət vəkili bu istiqamətdə müəyyən qanunların qəbul olunduğunu deyib. Bununla belə, o təklif edib ki, hazırki mərhələdə Azərbaycanın informasiya təhlükəsizliyini təhdid edən əsas mənbələrdən biri sosial şəbəkələrdir. Ona görə də, sosial şəbəkə iştirakçılarının fəaliyyətinin qanunla tənzimlənməsi lazımdır.
Hikmət Babaoğlu çıxışı zamanı Azərbaycanda çəkilən filmlərlə bağlı da fikirlərini bildirib: "Azərbaycanda milli seriallar, kinolar çəkilir. Lakin onların keyfiyyəti, akutallığı və milli maraqlar baxımından izah olunması bir qədər mürəkkəbdir. Bəlkə filmlərin çəkilməsi ilə bağlı şuralar yaradılmalı, ssenarilər həmin şuralar vasitəsilə qiymətləndirildikdən sonra filmlər çəkilməlidir". Əgər onlar milli maraqlarımıza, milli mənəvi dəyərlərimizə cavab vermirsə belə filmlərə sərmayə qoymaq lazım deyil".
O həmçinin qeyd edib ki, tarixi abidələrimizin qorunması və öyrənilməsi də vacibdir: "Onların düzgün təqdim olunması da çox önəmlidir. Bilirsiniz ki, ölkəmizə xeyli sayda əcnəbi turistlər gəlir. Biz tarixi abidələrimiz haqqında onlara dolğun məlumat verməliyik. O cümlədən xristianlıq dövrü tariximizlə bağlı abidələrimiz geniş tədqiq və təqdəm olunmalıdır ki, başqaları onlara sahib olmağa çalışmasın".
Xarici dillərin öyrənilməsinin də əhəmiyyətli olduğunu deyən millət vəkili bildirib ki, çox dil bilmək yaxşı olsa da, əsas milli təfəkkürə sahib olmaqdır: "Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, Azərbaycan dilini bilmədən azərbaycanlı olmaq mümkün deyil. Ona görə də, ilk növbədə milli təfəkkürə sahib olmaq lazımdır".

Əli