“Paşinyanın iddialarının real əsası yoxdur” Siyasət

“Paşinyanın iddialarının real əsası yoxdur”

Əgər Azərbaycanda nə vaxtsa bu təşkilata üzvlük məsələsi aktuallaşsa, o halda Paşinyanın buna mane olmaq imkan və potensialı sıfra bərabərdir.
Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlüyünə heç vaxt imkan verməyəcəkləri ilə bağlı bəyanatına münasibət bildirən millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, Azərbaycan dövlətinin xarici siyasəti çoxvektorlu və balanslaşdırılmışdır:
"Azərbaycanın xarici siyasəti müxtəlif güc mərkəzləri ilə bərabər məsafədə dayanmağa istiqamətlənib. Bu siyasətin əsasını ulu öndər Heydər Əliyev qoyub, Prezident İlham Əliyev də bu siyasəti davam etdirir. Bu nöqteyi-nəzərdən Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarla da əməkdaşlıq siyasətinə sadiqdir. O ki qaldı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlük məsələsinə, Azərbaycan vaxtı ilə bu təşkilatdan imtina etmişdi. Bunun səbəbi də o oldu ki, biz hərbi-siyasi təşkilatda işğalçı Ermənistanla bir yerdə ola bilməzdik. Ümumiyyətlə, dünya praktikasında bu analoqu olmayan bir hadisədir ki, eyni hərbi-siyasi təşkilatda olduğun dövlətin ərazisini işğal edəsən. Bu qeyri-mümkün məsələdir. Məsələn, NATO-da ənənəvi olaraq, Türkiyə və Yunanıstan arasında ziddiyyətlər olub. Lakin onların hər ikisi eyni hərbi siyasi təşkilatın üzvü olduğuna görə, heç bir halda bu iki ölkə arasında ziddiyyətlər müharibənin başlanmasına gətirib çıxarmayıb. Ona görə də bizim bu təşkilatı tərk etməyimizin motivləri bəlli məsələdir".
Millət vəkili vurğulayıb ki, Azərbaycan bu təşkilata üzv olmaq istəsə, Paşinyan buna mane ola bilməz:
"Əvvəla onu qeyd edim ki, Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür. Bu hərəkatın üzvü olan dövlətin hər hansı bir hərbi təşkilata üzv olması və ərazisində hər hansı hərbi baza yerləşdirməsi mümkün deyil. Biz hələ 2019-cu ildə Qoşulmama Hərəkatına sədrlik də edəcəyik. Bu baxımdan Azərbaycan KTMT-yə üzvlük məsələsi ümumiyyətlə, gündəmdə yoxdur".
Millət vəkili qeyd edib ki, lakin Azərbaycan bu təşkilatla müəyyən hüquqi çərçivələrdə əməkdaşlıq edə bilər:
"Paşinyanın Azərbaycanın bu təşkilatla əməkdaşlığı genişləndirmək siyasətinə mane olmaq niyyətinin heç bir əsası yoxdur. Bu baxımdan Paşinyanın iddialarının real əsası yoxdur. Azərbaycan çevik siyasət yeridir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yalnız Ermənistandan ibarət deyildir. Təşkilatın üzvlüyündə olan Rusiya Federasıyası, Qazaxıstan, Belarus, Tacikistan, Qırğızıstan kimi ölkələrlə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətləri vardır".