Ermənistan icmalar arasında dialoqun yaradılmasına imkan vermir Siyasət

Ermənistan icmalar arasında dialoqun yaradılmasına imkan vermir

Hikmət Hacıyev: "Ermənistan rəhbərliyinin Ermənistan-Azərbaycan münaqişəsinə insan hüquqları donu geyindirməsi cəhdləri cəfəngiyatdır"

Ermənistan rəhbərliyinin Ermənistan-Azərbaycan münaqişəsinə insan hüquqları donu geyindirməsi cəhdləri və Azərbaycanın guya erməni əhali olmadan əraziləri tələb etməsi barədə iddiaları tamamilə əsassızdır və cəfəngiyatdır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev belə deyib.
Hikmət Hacıyev bildirib ki, Ermənistan BMT Nizamnaməsinə zidd olaraq, gücdən istifadə etməklə Azərbaycanın ərazilərini, o cümlədən Dağlıq Qarabağ bölgəsini və yeddi ətraf rayonu işğal edib və həmin ərazilərdə qondarma separatçı rejim yaradıb. Ermənistan Azərbaycana qarşı təcavüzünün tərkib hissəsi olaraq, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə müşayiət olunan çoxsaylı hərbi cinayətlər, insanlıq əleyhinə cinayət əməlləri törədib.
İşğal edilmiş Dağlıq Qarabağın azərbaycanlı icmasına və ətraf rayonların sakinlərinə qarşı qanlı etnik təmizləmə törətməklə Ermənistan yerli azərbaycanlı əhali olmadan həmin əraziləri qanunsuz yolla ilhaq etmək kimi məqsədlər güddüyünü açıq şəkildə nümayiş etdirir.
Bir milyondan artıq azərbaycanlı məcburi köçkün və qaçqının ən ümdə hüquqlarını kobud şəkildə pozduğu halda, Ermənistanın insan hüquqlarından danışması hər hansı siyasi, hüquqi və mənəvi çərçivəyə sığmır.
Bu siyasətin davamı olaraq, Ermənistan Dağlıq Qarabağın azərbaycanlı icmasının mövcudluğunu belə inkar etməyə çalışır. Həmçinin hər bir vəchlə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqun yaradılmasına imkan vermir.
Hikmət Hacıyev qeyd edib ki, fundamental insan hüquq və azadlıqları universal xarakter daşıyır və bütün insanlığa şamil olunaraq bərabər əsasda və ayrı-seçkilik olmadan tətbiq olunmalıdır. 1993-cü il Vyana Bəyannaməsi və Fəaliyyət Proqramında təsbit olunduğu kimi, "bütün insan hüquqları universaldır, ayrılmazdır, qarşılıqlı şəkildə asılı və bağlıdır". İnsan hüquqları üzrə beynəlxalq sənədlərdə aydın şəkildə təsbit olunub ki, başqalarının hüquqlarının pozulması halında heç bir hüquq və azadlıq ifadə oluna bilməz.
Ermənistanın bu cür iddiaları işğal siyasətini gizlətmək, real vəziyyət barədə qeyri-həqiqi təəssürat yaratmaq və beynəlxalq ictimaiyyəti aldadaraq, münaqişənin əsasını təşkil edən Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan ərazilərinin hərbi işğalı faktından diqqəti yayındırmaq cəhdlərindən başqa bir şey deyil.
Ermənistan başa düşməlidir ki, hərbi təcavüz və qanlı etnik təmizləmə və insan hüquqlarının kütləvi şəkildə və kobud pozulması ilə müşayiət olunan vəziyyət heç vaxt legitim qəbul oluna bilməz. Ona görə də beynəlxalq ictimaiyyət yekdilliklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir.
İşğalçılıq siyasətinə son qoymadan və beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirmədən Ermənistanın demokratik və sivil cəmiyyət qurmaq barədə iddiaları sözdən başqa bir şey deyil.
Monoetnik dövlət olan Ermənistandan fərqli olaraq, Azərbaycan multikultural və inklüziv cəmiyyətə malik dövlətdir. Müxtəlif etnik və dini icmalar Azərbaycanda əsrlər boyu sülh şəraitində birgə yaşayırlar. Bu gün dövlət siyasəti ilə bu ənənələr daha da gücləndirilir.
Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması ilə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının sülh şəraitində birgə yaşayışı üçün imkanlar yarana bilər. Nəticə etibarilə də regionda davamlı sülh, sabitlik və təhlükəsizlik təmin olunar.