
"Milanda keçiriləcək görüş Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında heç bir müsbət dəyişikliyə səbəb olmayacaq".
Bunu "Report"a açıqlamasında rusiyalı ekspert Yevgeni Mixaylov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dekabrın 5-də Milan şəhərində keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurası çərçivəsində baş tutacaq görüşünə münasibət bildirərkən deyib.
"Həm ATƏT-in Minsk qrupunun, həm də bir sıra Avropa ölkələrinin səylərinə baxmayaraq, hazırda Ermənistanın mövcud rəhbərliyinin danışıqlar apara bilmədiyi anlayışı var", - Yevgeni Mixaylov bildirib.
Onun fikrincə, dekabr ayında keçiriləcək parlament seçkilərinin nəticəsində hakimiyyətə "Sasna Tsrer" kimi ultramillətçilər gələcək: "Onların Nikol Paşinyanın siyasi bəyanatlarını tam şəkildə dəstəklədiklərini nəzərə alaraq ehtimal etmək olar ki, Yerevan, çətin ki, öz istəyi ilə Qarabağın statusu ilə bağlı sülh danışıqlarına başlamağa razılıq versin".
O bildirib ki, Milanda Ermənistan tərəfi yenidən danışıqlar prosesində separatçı rejimin nümayəndələrinin iştirakı məsələsini qaldıra bilər: "Amma bu addım heç yerə aparmayacaq. Rəsmi Bakının buna qarşı olduğunu bilirik, odur ki, daha əvvəl də dediyim kimi, XİN başçılarının görüşünün nəticəsi sıfıra bərabər olacaq".