“Lazarev klubu” Köçəryanın siyasi həyata müdaxilə üçün yaratdığı platformadır” Siyasət

“Lazarev klubu” Köçəryanın siyasi həyata müdaxilə üçün yaratdığı platformadır”

Mübariz Əhmədoğlu: "Zatulin bir vasitədir"


"Ermənistanın cari siyasi proseslərində Rusiyanın məqsədini müəyyənləşdirən vacib proseslər baş verdi". Bunu politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, Nikol Paşinyanın xahişi ilə Putin KTMT iclasını təxirə saldı: "Bəllidir ki, KTMT-nin növbəti iclasında Ermənistanın təmsilçisi KTMT-nin baş katibi seçilməyəcəkdi və bu isə seçki dövründə olan Paşinyan üçün ciddi zərbə ola bilərdi. Putin Paşinyanın seçilməsində maraqlıdır. Digər tərəfdən "Lazarev klubu" nun ilk iclasına əvvəlcədən elan olunan siyahıda adı çəkilən nüfuzlu şəxslərin böyük əksəriyyəti İrəvana gəlmədilər. Onların da fikrincə, "Lazarev klubu" Köçəryanın siyasi həyata müdaxilə üçün yaratdığı platformadır. Sadəcə Zatulin bir vasitədir. Onlar isə artıq Köçəryanı Rusiyanın adamı hesab etmirlər. Paşinyan Robert Köçəryanı həbs etdirməklə onun arxasında Putinin dayanmadığını nümayiş etdirir".
Politoloq qeyd edib ki, Rusiya yaxın 5 ildə Paşinyanın rəhbərliyində maraqlı görünür: " Paşinyanın əli ilə Ermənistanın daxilindəki anti-Rusiya qüvvələr tamamilə sıradan çıxarılacaq. Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll variantı üzrə tənzimlənməsi başlanacaq. Mərhələli həll variantının birinci etapında Dağlıq Qarabağ ətrafındakı 7 rayon Azərbaycana qaytarılır, məcburi köçkünlər həmin rayonlara qaytarılır. Ermənistanla Azərbaycan arasında iqtisadi əlaqələr, kommunikasiyalar bərpa olunur. Mehri dəmir yolu açılır. Mehri dəmir yolunun açılması Azərbaycandan daha çox Rusiyanın marağındadır. Çünki Mehri dəmir yolu ilə Ermənistan təkcə Azərbaycanla deyil, həm də Rusiya ilə əlaqə saxlayacaq və beləliklə Ermənistanın Rusiyanın orbitində qalması daha da ciddiləşəcək və Qərbin də ümidi azalacaqdır.
N.Paşinyan isə bütün bunları çox rahatca öz xalqına izah edə biləcək ki, hələ Qarabağ məsələsi həll olunmayıb. Sadəcə ATƏT-in sənədlərində də göstərilib ki, 7 rayon Azərbaycana qayıtmalıdır. Əvvəlki prezidentlər 7 rayonun Azərbaycana qaytarılması ilə bağlı öhdəlik götürüblər".
Millət vəkili Rasim Musabəyov isə deyib ki, Paşinyanın rus diplomatlara xoş üz göstərməməsinin, hətta onları öz kabinetində belə qəbul etməməsinin bir səbəbi var. Bu da Kremllə yox, başqa amillə əlaqəlidir: "Əvvəla onu söyləyim ki, Zatulin Rusiya demək deyil. Açığı, indi Rusiyada Konstantin Zatulini bir nəfər qəbul edirsə, üç nəfər qəbul etmir və etmək də istəmir. O ki, qaldı "Lazarev klubu"nun İrəvanda keçirdiyi tədbirə, bu toplantı keçmiş prezident Robert Köçəryanın pulu ilə təşkil olunub. Ona görə də Paşinyan onlara dedi ki, rədd olun, mən sizi heç görmək belə istəmirəm. Bunu Paşinyanın Rusiya ilə münasibətlərinə bağlamaq o dərəcə də düzgün deyil. Nikol Paşinyanın belə bir addım atması konkret olaraq Köçəryanın oyunlarına münasibətdir".
Millət vəkili deyib ki, seçki öncəsi Ermənistanda daxildən və xaricdən aranı qarışdırılacağını da gözləmir: "Seçkiləri Nikol Paşinyan udacaq. Buna şübhə olmamalıdır. Doğrudur, ora Ermənistandır və hər zaman terror təşkil oluna bilər. Amma bunu heç kəs proqnozlaşdıra bilməz".