Samir Şərifovun bəyanatını devalvasiyaya yozmaq yanlışdır Siyasət

Samir Şərifovun bəyanatını devalvasiyaya yozmaq yanlışdır

Maliyyə naziri Samir Şərifov qeyd edib ki, milli valyutanın, yəni manatın son dərəcə möhkəmlənməsi Azərbaycan üçün faydalı deyil. "Güclü manat Azərbaycan istehsalçılarının ixrac potensialına mənfi təsir edir",- deyə o bildirib. Şərifovun bu sözlərini çoxları ciddi-cəhdlə növbəti devalvasiyanın anonsu kimi qələmə verməyə çalışırlar.
Məsələ ilə bağlı mövqeyini ifadə edən iqtisadçı ekspert Pərviz Heydərovun qənaətinə görə, maliyyə nazirinin açıqlaması növbəti devalvasiya xəbərdarlığı demək deyil: "Əvvəla, bundan sonra rəsmi şəkildə bəyan edilməklə, heç bir devalvasiya hadisəsi baş verəsi deyil. 2016-cı ildən bu məsələ valyuta bazarının öhdəsinə buraxılıb. Cəmi 2 dəfə rəsmi olaraq elan edilməklə, manatın devalvasiyası baş verib ki, bu da 2015-ci ilin fevral və dekabr aylarında olub. Sonrakı, yəni 2016-cı il ərzində isə 15%-lik devalvasiya qeydə alındı ki, bu, tədricən baş verdi. Odur ki, qarşıdakı zamanda da nə vaxtsa yenidən rəsmi olaraq elan edilməklə manatın ABŞ dolları qarşısında filan qədər ucuzlaşdığını eşitmək mümkün olmayacaq. Manatın hər hansı bir formada və səviyyədə devalvasiyası baş verəcəksə, bunu Azırbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi məlum ənənəvi valyuta hərraclarının nəticəsində biləcəyik.
Sözügedən hərraca valyuta çıxaran isə dünən olduğu kimi, bu gün də hələlik yalnız məhz ARDNF-dir. Yəni ölkəyə xarici valyuta gətirən başqa şirkətlərimiz yoxdur. Söhbət daxili valyuta bazarında manata mübadilə etmək üçün xarici valyuta çıxara biləcək şirkətlərdən gedir. Buna nail olmaq üçün hələ uzun vaxt tələb olunur. Ona görə də, Samir Şərifov xatırladıb ki, xarici məhsullar ixrac üçün daha az rəqabətə davamlı olur və digər tərəfdən, yerli istehsalçılar daxili bazarda da rəqabətdə uduzmağa başlayırlar, o səbəbdən ki, idxal malları ucuz xarakter daşıyır.
Bəli, manat dollara görə nə qədər ki, ucuz olacaq, bu, belə qalacaq. Çünki mövcud ixrac gücümüz bu vəziyyəti aradan götürməyə imkan vermir. İxrac etdiyimiz məhsullar sırasında xam neft 95-98 % təşkil edir. Tutarlı qeyri-neft məhsulumuz yoxdur. Bu sahədə çox işlər görülür. Amma hələ vaxt lazımdır.
Sözün qısası, manatımızın dəyəri neftin ixrac qiymətindən asılıdır. 2015-2016-cı illərdə devalvasiya nəticəsində manat dollara nisbətən iki dəfədən çox ucuzlaşıb. 2017-ci ildə manat Mərkəzi Bank (AMB) tərəfindən həyata keçirilən sərt valyuta siyasəti nəticəsində 4%, 2018-ci ilin 11 ayı ərzində isə 0,01% möhkəmlənib".
keçmiş maliyyə naziri, professor Fikrət Yusifov isə hesab edir ki, Samir Şərifovun manatın məzənnəsi ilə bağlı açıqlamasını dərhal Azərbaycanda devalvasiya olacağı ilə bağlı çağırışa çevirmək lazım deyil. O bildirib ki, nazir sadəcə manatın məzənnəsinin ixracı stimullaşdırmaq nöqteyi-nəzərdən bir qədər yumşalmasının məqsdəuyğunluğundan danışıb: "Qonşu ölkələrdə xüsusilə Rusiya, Türkiyə, Qazaxıstan, İranda milli valyuta ucuzlaşanda biz özümüz də təklif etmişdik ki, Azərbaycanda qeyri-neft sektorunda olan ixracı stimullaşdırmaq, qeyri-neft sektorunda çalışan müəssisələrin fəaliyyətini normal təmin etmək üçün manatın müəyyən qədər yumşalmasına getmək lazımdır. Ona görə Samir Şərifovun bu açıqlaması yeni fikir deyil. Yəni bu fikir manatın kəskin devalvasiyasına yönəlik deyil. Hesab edirəm ki, vəziyyət ölçülüb-biçilməli, ondan sonra qərar qəbul edilməlidir".
Fikrət Yusifov vurğulayıb ki, neftin bundan sonra dünya bazarında qiymətinin necə olacağı da xüsusilə diqqət mərkəzində saxlanılmalıdır:
"Bu gün OPEK-in dünəndən başlanan toplantısında yekun qərar qəbul ediləcək. Toplantıda neftin hasilatının gündəlik 1,3-1,5 milyon barrel azaldılması təklif edildi. Bununla da neftin qiymətlərinin 65-70 dollar civarında saxlamaq mümkün olacaq. Amma Rusiya hələ bu qərara müqavimət göstərir. Günün sonunda hansı qərarın qəbul ediləcəyi məlum deyil. Ona görə vəziyyətin neftin qiymətlərindən asılı olacağını da nəzərdə saxlamaq lazımdır".