Azərbaycana etimadın göstəricisi... Siyasət

Azərbaycana etimadın göstəricisi...

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında baş tutacaq görüşə münasibət bildirib.
X.Xələfov jurnalistlərə açıqlamasında deyib ki, bu, Azərbaycana olan etimadın göstəricisidir:
"Azərbaycan və Rusiyanın strateji tərəfdaşlıq münasibətləri var. Həmçinin ABŞ və Azərbaycanın münasibətləri strateji xarakter daşıyır. Bu, hər iki tərəfin Azərbaycana olan etimadının göstəricisidir. Azərbaycan belə yüksək səviyyəli görüşlərin keçirilməsi və çox vacib məsələlərin müzakirə olunması üçün mühüm platformaya seçilib".
Nazir müavini əlavə edib ki, ümumiyyətlə, Azərbaycan beynəlxalq və vacib tədbirlərin mərkəzinə çevrilib: "Bu da ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun artmasının göstəricisidir. Ölkəmiz müstəqillik dövründə bu sahədə böyük təcrübə qazanıb".
Qeyd edək ki, NATO Müttəfiq Qüvvələrinin Avropadakı baş komandanı K.Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi V.Gerasimov arasında görüşün dekabrın 12-də Bakıda keçirilməsi nəzərdə tutulur.
"Gürcüstan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın fəaliyyəti davam edir"-deyən nazir müavini bildirib ki, müəyyən müddət komissiyaların iclaslarının keçirilməsində fasilə yaranmışdı: "Bu da ondan irəli gəlir ki, Gürcüstan tərəfində həmkarım tez-tez dəyişirdi. Artıq yeni nazir müavini təyin olunub. Bu məsələ də artıq ona həvalə olunub. Düşünürəm ki, yeni ildən başlayaraq, biz işçi qruplar səviyyəsində məsləhətləşmələr, sonra işçi qruplarının görüşü, daha sonra isə 2019-cu ilin ilk rübündə komissiyasının növbəti iclasının keçirilməsinə nail ola bilərik. Düşünürəm ki, məsələnin dinamikasını artırmalıyıq. Bu, hər iki dövlət üçün vacib məsələdir. Çünki delimitasiya tezliklə başa çatmalıdır".
X.Xələfov vurğulayıb ki, komissiyalar 1996-cı ildən fəaliyyət göstərirlər: "Bu dövr ərzində sərhəd xəttinin üçdə iki hissəsi demək olar ki, komissiyalar səviyyəsində protokollaşdırılıb. Üçdə bir hissəsi ilə bağlı işlər isə davam etdirilməlidir".