“Prezidentin sərəncamı sosial təbəqəyə aid insanlara diqqətin göstəricisidir” Siyasət

“Prezidentin sərəncamı sosial təbəqəyə aid insanlara diqqətin göstəricisidir”

Aydın Hüseynov: "Bu İlham Əliyevin yürütdüyü sosial siyasətin mahiyyətidir"

Prezident İlham Əliyevin Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında 2018-ci il 19 dekabr tarixli sərəncamı ilə dekabrın 28-nə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödəniləcək. Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılıb.
Millət vəkili Hikmət Babaoğlu deyib ki, Prezident İlham Əliyevin aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında sərəncamı bir daha göstərir ki, Azərbaycanda dövlət siyasətinin mərkəzində ölkə vətəndaşının rifahı dayanır. Millət vəkili bildirib ki, Azərbaycan Prezidentinin sərəncamı hər şeydən əvvəl dövlət başçısının vətəndaşların rifahını və layiqli həyatının təmin olunmasını daim diqqət mərkəzində saxlamasının bariz göstəricisi kimi qiymətləndirilməlidir: "Aztəminatlı və sosial qayğıya ehtiyacı olan insanlar ən müxtəlif formalarda hər zaman dövlətin diqqətini hiss edirlər. Bu sosial kateqoriyaya aid olan vətəndaşlarımız mənzil-məişət problemlərinin həllindən tutmuş müalicələrinə qədər, müvafiq daimi müavinətlərdən tutmuş birdəfəlik yardımlara qədər həmişə dövlət tərəfindən dəstək alırlar. Son sərəncama əsasən ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödənilməsi nəzərdə tutulur. Yardımın ümumi miqdarı 5 milyon manat təşkil edir ki, bu da az məbləğ deyil. Əlbəttə, dövlətin aztəminatlı ailələrə qayğısı təkcə bununla bitmir. Müxtəlif proqramlar və layihələr çərçivəsində onların məşğulluğunun təmin edilməsi, güzəştli kreditlərin ayrılması ilə xırda sahibkarlara çevrilmələri, əmək bazarında fəal əmək resursu kimi qiymətləndirilmələri üçün böyük işlər həyata keçirilir. Bu proqramlar çərçivəsində təkcə 2018-ci ildə 7 min belə ailə özünüməşğulluq proqramına cəlb edilib". H.Babaoğlu vurğulayıb ki, təkcə son iki il ərzində "Ailə Biznesinə Asan Dəstək" - "ABAD", "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi" publik hüquqi şəxs kimi yeni qurumlar yaradılıb: "Həyata keçirilən geniş layihələr çərçivəsində aztəminatlı ailələrin problemlərinin həllinə dəstək verilir. Bütün bunlar bir daha Azərbaycanda dövlət siyasətinin mərkəzində ölkə vətəndaşının rifahının dayandığını göstərir".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov diqqətə çatdırıb ki, Azərbaycan prezidentinin "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında" imzaladığı sərəncam bir daha onu göstərir ki, cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca məqsədi Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəldilməsidir. Onun sözlərinə görə, ünvanlı dövlət sosial yardım alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödənilməsi maddi köməklə yanaşı mənəvi dayaqdır: "Bu, xüsusilə məcburi köçkün və qaçqınlarımız, şəhid ailələri, sosial təbəqəyə aid insanlara diqqətin, onlara olan rəğbətinin göstəricisidir.
Ölkə başçısının sərəncamı dövlətin məqsədyönlü və səmərəli sosial siyasətin daha bir təzahürüdür. Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması, şəhid ailələrinə diqqət, müharibədə həlak olan şəhidlərin vərəsələrinə maddi dəstək verilməsi cənab İlham Əliyevin yürütdüyü sosial siyasətin mahiyyətidir. Onlara olan qayğı dövlət siyasəti olaraq, mütəmadi həyata keçirilir".
Aydın Hüseynov qeyd edib ki, kiçik və orta sahibkarlığın dəstəklənməsi, məşğulluğun artırılması, regionların inkişafı ilə əlaqədar həyata keçirilən tədbirlərin əsas məqsədi əhalinin yoxsul və işsiz təbəqəsinin sosial müdafiəsini gücləndirməkdir.
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib ki, ölkəmizdə sosial sahəyə verilən önəm uzun illərin strategiyasıdır: "Bu sahəyə verilən önəm Ulu Öndər Heydər Əliyevin Azərbaycana hakimiyyətə qayıdışından sonra başlayıb". O bildirib ki, dövlətin iqtisadi bazası gücləndikcə, iqtisadi imkanlar genişləndikcə və büdcəmizin həcmi artdıqca, Azərbaycanda sosial proqramların həcmi artırılır.
M.Ələsgərli söyləyib ki, cəmiyyətdə elə bir sosial təbəqə yoxdur ki, bu qayğılardan kənarda qalsın: " İlk öncə imtiyazlı təbəqələr, qazi ailələri, Azərbaycanın bütövlüyü, müstəqilliyi uğurunda şəhid olanların ailələri, hərbiçilər, elm xadimləri, səhiyyə işçiləri, jurnalistlər, ümumiyyətlə hazırda mövcud olan və dövlət üçün faydalı olan hər bir kəs üçün ölkəmizdə sosial proqramlar həyata keçirilir. Bu sırada imkansızlar da nəzərdə tutulur".
Ötən gün Azərbaycan Prezidenti tərəfindən aztəminatlı ailələrə birdəfəlik yardımla bağlı imzalanan sərəncamı xüsusi vurğulayan MŞ-nın sədr müavini qeyd edib ki, bütün bunlar Azərbaycanda belə proqramların daimi olduğunu göstərir: "Ölkəmizdə imkansız, yoxsulluq həddində olan, əmək qabiliyyəti aşağı olan insanlar üçün daimi proqramlar keçirilir ki, bunları qeyd etməmək mümkün deyil".
M. Ələsgərli deyib ki, il ərzində Azərbaycanda milli bayramlar ərəfəsində ölkəmizdə hər zaman əhalini sevindirəcək sosial proqramlar həyata keçirilir ki, ötən gün imzalanan sənəd onlardan biri idi.
Əli