Türkiyə KİV-ləri 20 Yanvar faciəsini işıqlandırdı Siyasət

Türkiyə KİV-ləri 20 Yanvar faciəsini işıqlandırdı

Türkiyənin aparıcı kütləvi informasiya vasitələrində 20 Yanvar faciəsi ilə bağlı geniş məlumatlar yayımlanıb.
Türkiyənin nüfuzlu media orqanlarında dərc olunan yazılarda yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şəhidlər xiyabanını ziyarət etməsi barədə oxuculara məlumat verilir.
Anadolu və İHA xəbər agentlikləri, TRT HABER, TRT AVAZ televiziya kanalları, o cümlədən "Sabah", "Hüriyyət", "Milliyyət", "Yeni çağ" və digər qəzetlər, o cümlədən çoxsaylı xəbər portalları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və Azərbaycanın digər rayonlarında xalqımıza qarşı törədilən hərbi cinayətdən bəhs ediblər.
Məqalə, reportaj və məlumatlarda 20 Yanvar faciəsinin məqsədli şəkildə törədilmiş hərbi cinayət olduğu diqqətə çatdırılır. Bildirilir ki, Azərbaycanın hərtərəfli blokadaya salan keçmiş SSRİ-nin rəhbərliyi təcavüzkar Ermənistanın əsasız ərazi iddialarına şərait yaradıb. İki ölkə arasında ədavət qızışdırılıb və Azərbaycan torpaqlarının işğalına zəmin yaradılıb.
Türkiyə KİV-ləri, həmçinin Ankara, İstanbul və Qars şəhərlərində, eləcə də ayrı-ayrı ölkələrdə təşkil olunan anma mərasimləri ilə bağlı geniş məlumatlar veriblər.