“Davos Forumu dünyanın iqtisadi beyin mərkəzi kimi səciyyələndirilir” Siyasət

“Davos Forumu dünyanın iqtisadi beyin mərkəzi kimi səciyyələndirilir”

"Azərbaycan Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunda iştirakı və forum çərçivəsində bir sıra mühüm görüşlər keçirməsi ölkəmizin beynəlxalq aləmdə nufuzunun artmasının göstəricisidir, eləcə də iqtisadi inkişafa mühüm təkan verir". Bunu millət vəkili Aydın Hüseynov deyib. Millət vəkili bildirib ki, forum qlobal iqtisadiyyata yeni istiqamətlər verir: "Davos Forumu dünyanın iqtisadi beyin mərkəzi kimi səciyyələndirilir və hər il orada aparıcı dövlətlərin rəhbərləri, nümayəndələri iştirak edir, iri şirkətlər, korporasiyalar təmsil olunur. Burada səsləndirilən fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir".
A.Hüseynov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev son illər ardıcıl olaraq Dünya İqtisadi Forumunda iştirak edir: "Dövlət başçısının Davosda hər il dövlət rəsmiləri, iri şirkət rəhbərləri ilə görüşü uğurla keçir və Azərbaycanın iqtisadi potensialı ilə bağlı fikir mübadiləsi aparılır. Budəfəki forum çərçivəsində cənab Prezident Dünya Bankının baş icraçı direktoru, "CISCO" şirkətinin icraçı vitse-prezidenti, BP qrupunun baş icraçı direktoru və digər nüfuzlu şirkətlərin rəhbər heyəti ilə səmərəli görüşlər keçirdi".
Deputatın sözlərinə görə, burada diqqət çəkən məqamlardan biri də odur ki, forumu işıqlandıran bir sıra nüfuzlu televiziya kanalları Azərbaycanla maraqlanır, dövlətimizin başçısından müsahibə götürmək üçün müraciət edirlər.
A.Hüseynov bildirib ki, Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirak etməsi ümumilikdə xarici investorların Azərbaycana marağını daha da artırır: "Prezident İlham Əliyevin Davos Forumunda budəfəki iştirakı da ölkəmizə marağı daha da artıracaq, çünki Azərbaycanın iqtisadi potensialı genişlənib, Azərbaycan Bakı-Tbilisi-Qars, TAP, TANAP və bu kimi digər böyük iqtisadi layihələrin müəllifidir. Bu baxımdan forumda iştirak ölkəmizin iqtisadi inkişaf tempinə böyük bir təkan verəcək".