“AŞPA-nın qış sessiyası bizim üçün uğurlu oldu” Siyasət

“AŞPA-nın qış sessiyası bizim üçün uğurlu oldu”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası bizim üçün uğurlu oldu. Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri tam şəkildə təsdiqlənib. Sessiya müddətində nümayəndə heyətimiz öz işini həmişəki qaydada həyata keçirib. Nümayəndə heyətimizin üzvləri AŞPA-nın vitse-prezidenti, ən böyük Sosialist qrupunun, eləcə də qurumun komitələrinin vitse-prezidenti vəzifələrinə seçiliblər.
Bu fikirləri AŞPA-nın vitse-prezidenti, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AZƏRTAC-a müsahibəsində söyləyib.
Səməd Seyidov qeyd edib ki, qış sessiyası çərçivəsində deputatlarımız müzakirələrdə fəal iştirak edib, çıxışları ilə bizi maraqlandıran məsələlərə mövqelərini bildiriblər. Deputatlarımız Avropa Şurasının baş katibi və Finlandiyanın Prezidentinə bizi maraqlandıran suallarla müraciət ediblər. Onlar cavablarında müsbət mövqe göstəriblər. Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan və hər sessiyada ölkəmizin imicini ləkələməyə çalışan Omtziq qurumun baş katibi tərəfindən yerinə oturdulub. Baş katib cavab verib ki, Azərbaycanla bağlı kiçik məsələlər siyasiləşdirilməməli və bundan sui-istifadə olunmamalıdır.
Finlandiyanın Prezidenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bildirib ki, bu münaqişənin həlli hamını düşündürməlidir. Azərbaycanın problemi bizə yaxşı tanışdır. Biz bu münaqişənin tezliklə sülh yolu ilə, diplomatik vasitələrlə həllində maraqlıyıq və Minsk qrupu çərçivəsində buna istənilən dəstəyi göstərməyə hazırıq. Azərbaycan-Türkiyə münasibətləri, Azərbaycan-Avropa əlaqələri bu sessiyada özünün ən yüksək səviyyədə olduğunu göstərdi. Amma təəssüf ki, bu qurumda ölkəmiz əleyhinə işləyən qüvvələr də var. Onlar yanvar sessiyası çərçivəsində ölkəmizə qarşı düşünülmüş, planlaşdırılmış mənfi tədbirlər nəzərdə tutmuşdular.
Azərbaycan Prezidentinin xarici siyasəti, bizə verdiyi tövsiyələr, ölkəmizdə gedən proseslər bizə kömək etdi, güc verdi. Azərbaycan hökumətinin, Milli Məclisin, nümayəndə heyətimizin birgə fəaliyyəti, beynəlxalq təşkilatlarla əlaqələr belə qüvvələrin məkrli planlarının həyata keçməsinin qarşısını aldı.
Azərbaycan bu sessiya ərzində istədiyi, düşündüyü fəaliyyəti reallaşdırdı. Nümayəndə heyətimizin fəaliyyəti nəticəsində ölkəmizlə bağlı mənfi fikirlərin, ona qarşı mənfi münasibətlərin azaldığını gördük, erməni lobbisinin düşündüyü planların gündəmdən çıxarılması istiqamətində uğura nail olduq. Bu sessiyanı, xüsusilə də nümayəndə heyətimizin fəaliyyətini yüksək qiymətləndirirəm. Birgə fəaliyyət həmişə uğurlara aparır, güc birlikdədir. Əminəm ki, gələn sessiyalarda bu uğurun daha yüksək nəticələrini görəcəyik.