“Paşinyan Əliyevin siyasəti qarşısında aciz qalıb” Siyasət

“Paşinyan Əliyevin siyasəti qarşısında aciz qalıb”

"Nikol Paşinyan məğrur şəkildə deyirdi ki, keçmiş hakimiyyət boynubükük xarici siyasət yürüdüb, indi isə mən gəlmişəm və "boynu düz" siyasət yürüdəcəm". Bunu jurnalistlərlə görüşündə Ermənistan Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov bildirib.
WorldMedia 168hours-a istinadən yazır ki, yeni hakimiyyətin son 8 ay ərzində həyata keçirdiyi xarici siyasətdən danışan Şarmazanov hesab edir ki, bu dövrdə Yerevan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) "izqoy" ölkəyə çevrilib. "Bu gün Ermənistan bu təşkilatda demək olar ki, heç bir rol oynamır. Məhz Nikol Paşinyanın sayəsində Yerevan təmsilçisi KTMT-də baş katib vəzifəsini də itirib", - deyə mətbuat katibi bildirib: "Ermənistan o vəzifəni itirdikdə Paşinyan bunun o qədər də əhəmiyyətli olmadığını deyirdi. Bəs əhəmiyyətli olan nədir? Davosdakı qeyri-rəsmi görüş? Cənab baş nazir deyir ki, Ermənistan-Rusiyanın münasibətləri heç zaman indiki qədər yüksək səviyyədə olmayıb. Mən də sıravi vətəndaş kimi, deyirəm: əgər münasibətlər baş nazirin dediyi qədər yaxşıdırsa, Rusiyadan aldığımız qazın qiyməti bahalaşmalı deyil, əksinə ucuzlaşmalıdır, Rusiyadan Ermənistana sərmayə axını artmalıdır. Amma əslində nə baş verir? Rusiyadan aldığımız qaz yanvarın 1-dən bahalaşıb. "Yaxşı münasibət" budur?"
Eduard Şarmazanov Ermənistan baş nazirinin Moskvaya son səfəri zamanı Avrasiya İqtisadi İttifaqı ilə bağlı verdiyi bəyanatı da "biabırçılıq" adlandırıb: "Paşinyan deyir ki, o, hakimiyyətə gəldikdən sonra da Avrasiya İqtisadi İffifaqını bəyənmir, lakin bu istiqamətdə fəaliyyəti davam etdirmək lazımdır. Ona konkret sual verirəm: əgər Avrasiya İqtisadi İttifaqına qoşulmaq güzgün qərar deyildisə, bu səhvi niyə təkrarlayırsan? Əgər bu düzgün qərar deyildisə, onda niyə Davosda Avrasiya İqtisadi İttifaqının yaratdığı imkanlarla öyünürdün? Şəxsi maraqları dövlət maraqlarından üstün tutmaq olmaz. Axı sən artıq "Mənim addımım" təşəbbüs qrupunun lideri yox, bir ölkənin başçısısan".
Dağlıq Qarabağ münaqişəsi haqda ayrıca danışan Şarmazanovun sözlərinə görə, o, Ermənistanda hakimiyyət dəyişikliyinin baş verdiyi ilk günlərdən, bu prosesin kökündə Qarabağ probleminin nizamlanmasına yeni yanaşmaların dayandığını istisna etməyib. "Nikol Paşinyan keçmiş hakimiyyətdən miras qalmış kapitalı tamamilə yox etdi. 2016-cı ilin aprel döyüşlərindən sonra biz sabiq prezident Serj Sarqisyanın, xarici işlər nazirinin, parlamentin vasitəsilə Yerevanın mövqeyini ortaya qoymuşduq. Sankt Peterburq, Vyanada və Cenevrə görüşlərində isə yeni toqquşmaların qarşısının alınması üçün tərəflərin hansı addımları atacağı müəyyən olunmuşdu. Bəs sonra nə baş verdi? Nikol Paşinyan Sankt Peterburq razılaşmasının üzərindən xətt çəkdi. Üstəlik, bu addımını necə əsaslandırdı? "Azərbaycan tərəfi deyir ki, belə şey olmayıb". Nə baş verdiyini anlayırsınızmı? Ölkəmizin başçısı özümüzə istinad etmək əvəzinə, İlham Əliyevə istinad edir. Görün biz haraya gəlib çıxmışıq", - deyə E.Şarmazanov qeyd edib.
Düşənbə görüşü haqda da danışan mətbuat katibi hesab edir ki, orada Nikol Paşinyan İlham Əliyevin "tələsinə düşüb". Çünki həmin görüşdən sonra Azərbaycanın prezidenti və xarici işlər naziri Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyətdən yüksək statusun verilməyəcəyini bir daha bəyan ediblər. Üstəlik, daha sonra Azərbaycan rəsmiləri 2019-cu ilin Qarabağ münaqişəsinin həllində önəmli il olacağını da deyiblər. Ermənistan tərəfi isə buna cavab olaraq heç nə demir.
"Beləliklə, xarici siyasətə barmaqarası baxmaq olmaz. Fikrimcə, Ermənistanda dövlət çevrilişi baş verib və Levon Ter-Petrosyanın 1998-ci ildəki sülh tezisinin tərəfdarları Paşinyanın simasında hakimiyyətə gəlib. Biz sülhə yox, sülh üçün yalvarmağa qarşıyıq. Bizim xarici işlər nazirimiz deyir ki, sülhün alternativi faciədir. Mən isə deyirəm ki, faciə sülh üçün yalvarmaqdır", - deyə Eduard Şarmazanov bildirib.