Azərbaycanlılar və gürcülər separatizmə qarşı Siyasət

Azərbaycanlılar və gürcülər separatizmə qarşı

Tiflisdə parlament qarşısında birgə aksiya keçirib

Dünən Tiflisdə, Gürcüstan parlamentinin binası qarşısında Qarabağ separatçısı Mixail Avaqyana büstün qoyulmasına etiraz olaraq azərbaycanlıların və gürcülərin birgə etiraz aksiyası keçirilib.
Aksiya iştirakçıları büstün ucaldılmasını qanunsuz adlandıraraq onun götürülməsini tələb edirlər.
Aksiyada azərbaycanlı gənclər, tələbələr, iş adamları ilə yanaşı, gürcü gənclər, politoloqlar, Abxaziya müharibəsinin veteranları da iştirak edirlər.
Etirazçılar bildirirlər ki, Mixail Avaqyana büstün qoyulması Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirmək məqsədi ilə ermənilərin həyata keçirdiyi növbəti təxribatdır.
Aksiya təşkilatçılarından olan Sevinc Hümbətova deyib ki, Qarabağ separatçısına abidə Gürcüstan-Azərbaycan münasibətlərinə ziyan vurmaq məqsədi daşıyır: "Biz büstün tezliklə götürülməsini tələb edirik".
Politoloq Simon Kopadze çıxışında deyib ki, aksiyanın məqsədi yalnız Mixail Avaqyana büstün qoyulmasına qarşı deyil, separatçılığa da etiraz etməkdir: "Separatçıya Gürcüstanda büst qoyulması təxribatdır və abidə götürülməlidir".
Politoloq Quram Marxulia çıxışında Mixail Avaqyanın əlinin günahsız azərbaycanlı uşaq, qadın və qocaların qanına batdığını vurğulayıb: "Büstün qoyulması Gürcüstan-Azərbaycan dostluğuna qarşı yönəlib. Yaşasın Azərbaycan-Gürcüstan dostluğu!".
Deputat Azər Süleymanov qeyd edib ki, Gürcüstan azərbaycanlıların vətənidir və vətəndə separatçıya abidə qoyulmamalıdır: "Gürcüstan özü də separatizimdən əziyyət çəkir, torpaqlarının 20 faizi işğal olunub. Gürcüstanda separatçılığın təbliği, separatçıların qəhrəmanlaşdırılıb onlara abidələrin qoyulması qəbuledilməzdir".
Marneuli bələdiyyəsinin üzvü Əhməd İmanquliyev çıxışında deyib ki, Gürcüstanın ərazi bütövlüyü uğrunda canından keçən çoxlu azərbaycanlılar var, lakin onların adlarına heç bir küçə belə yoxdur: "Azərbaycanlılar tarix boyu Gürcüstan dövlətçiliyinə sadiq olublar. Mixail Avaqyana qoyulan büst isə Gürcüstanda qeyri-sabitlik yaratmağa yönəlib. Həmin büst mütləq götürülməlidir".
Daha sonra çıxış edən "Qeyrət" təşkilatının sədri Əlibala Əsgərov, Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayev və digərləri də separatçıya büstün qoyulmasını, abidənin açılış mərasimində deputatlar və yerli hakimiyyət orqanları nümayəndələrinin iştirak etməsini qəti şəkildə qınayıblar. Onlar Gürcüstan hökumətini büstün götürülməsinə göstəriş verməyə çağırıblar.
Təşkilatçılar aksiyanın sonunda bildiriblər ki, Mixail Avaqyanın büstü götürülməyənə qədər etiraz aksiyaları davam etdiriləcək.
Aksiya ilə bağlı açıqlama verən Gütcüstan Vahid Milli Hərəkat Partiyasının üzvü, ölkə parlamentində təmsil olunan azərbaycanlı deputatı Azər Süleymanov bildirib ki, əgər büst götürülməsə növbəti aksiyalar keçiriləcək: "Bundan sonrasını Gürcüstan hökuməti düşünməlidir. O zaman bəlli olacaq ki, hakimiyyət separatçını dəstəkləyir, yoxsa yox. Belə fikirlər də səsləndi ki, qısa bir vaxt ərzində Avakyanın büstü götürülməlidir. Əgər hökumət büstü götürməsə, aksiyaların keçirilməsi davam edəcək ".