İran Azərbaycanla bütün körpüləri yandıra-yandıra gedir Siyasət

İran Azərbaycanla bütün körpüləri yandıra-yandıra gedir

Qabil Hüseynli: "Molla rejimi Azərbaycana qarşı sözün həqiqi mənasında düşmən mövqedə dayanıb"

İranda rəsmi səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan Tehranın "Ararat" klubunda erməni icması ilə görüşərək, icma üzvləri ilə birgə selfi çəkdirib. Selfidə əksini tapan plakatda ermənicə "Qarabağ Ermənistandır və Son" yazılıb.
Bu plakatın qaldırılmasına İran hakim dairələrinin imkan tanıması kəskin reaksiyalar doğurub. Rəsmi Tehranın həm bu hadisəyə göz yumması, həm də işğalçı ölkə rəhbərinə qucaq açması bird aha onu deməyə əsas verir ki, İran Azərbaycanın üzünə gülür, arxada isə işğalçıya dəstək durur.
Məlum hadisə ilə bağlı sabiq dövlət müşaviri Qabil Hüseynli deyib ki, İran molla rejimi Azərbaycanla bütün körpüləri yandıra-yandıra gedir. O bildirib ki, İranın Azərbaycana münasibəti lap əvvəldən qeyri-səmimi olub: "İran tərəfi hər zaman müxtəlif yalançı ritorikalarla Azərbaycanla münasibətlərin qaydada olması görüntüsünü yaratmağa çalışıb. Ermənistanın baş nazirinə Tehranda göstərilən münasibət, özlərinin dediyi kimi, "qardaş duyğularını" bir daha ortaya qoydu. Şiəliyi və müsəlmanlığı özünə bayraq etmiş və bununla müsəlman ölkələrinin gözünü boyamağa çalışan fars rejimi hər addımda, fürsət düşən kimi əhalisinin böyük əksəriyyəti şiə olan müstəqil Azərbaycan dövlətinə qarşı qeyri-adekvat münasibətini ortaya qoyur. Əslində bu münasibət "şiə və müsəlman təəssübkeşi" İranın ideologiyasının yalançı və çürük olduğunu ifşa edən faktdır".
Politoloq bildirib ki, "Ararat" klubunda qadınların başıaçıq oturması da, Azərbaycan əleyhinə qaldırılan şüar da ermənilərə fars rejiminin verdiyi hüquq və azadlıqlar səviyyəsində həyata keçirilib: "Bu gün İranda cəmi 100 min olan erməni icması özünə universitet aça, öz dilində orta məktəb, müxtəlif incəsənət klubları yarada bilirsə, bu, fars rejiminin məkrli siyasətinin göstəricisidir. Bu, 40 milyonluq Azərbaycan türkünə qarşı diskriminasiya və assimilyasiya siyasəti aparan fars rejiminin riyakar üzünü bir daha açıb ortaya qoyur".
Politoloq vurğulayıb ki, bu məsələlərdən ciddi nəticələr çıxarılmalıdır: "Məsələn, Azərbaycan Şimal-Cənub dəmiryolu layihəsi üzrə İrana yarım milyard dollar faizsiz kredit verib. Bu kredit Astaradan Rəştə qədər olan dəmiryolu xəttinin uzadılmasına xərclənməlidir. İnşaatının bitirilməsi keçən ilin sonlarına qədər söz verilmiş tikinti hələ də başa çatmayıb. Əvəzində Nikol Paşinyanla Şimal-Cənub nəqliyyat dəhlizini (şose və dəmiryolu) nəzərdə tutaraq, bu yolun açılması, Ermənistana və Gürcüstana, ola bilsin ki, oradan Avropaya qədər gedəcək qaz kəməri barədə razılıq əldə edilir. Artıq bütün parametrlər üzrə molla rejimi Azərbaycana qarşı sözün həqiqi mənasında düşmən mövqedə dayanıb. Xalqımızın və ümumiyyətlə, İran əhalisinin azlığını deyil, çoxluğunu təşkil edən Azərbaycan türklərini əsarət altında saxlayan, onların milli hüquqlarını, insan haqlarını tapdayan rejimə qarşı, məncə, heç bir güzəşt olmamalıdır".
Politoloq qeyd edib ki, İrana qarşı tətbiq edilən sanksiyalar şəraitində Azərbaycanın önəmi və rolu Tehran üçün çox vacibdir: "İrana qarşı sanksiyaların kəskinləşdiyi bir məqamda Azərbaycanın seçimi Tehran üçün taleyüklü əhəmiyyət daşıyır. Ancaq Azərbaycan öz qonşuları ilə yüksək səviyyəli, səmimi və hörmətə əsaslanan siyasət həyata keçirir. Təəssüf ki, İran bunun qarşılığında ölkəmizin milli maraqlarına zidd siyasətini davam etdirir və bunun nəticəsi ola bilər. Bir sözlə, İran Azərbaycandan alternativ nəqliyyat dəhlizinin, qaz nəqliyyatının və başqa bu cür layihələrin işə salınmasının maliyyə hissəsi üçün kredit istəyir, ancaq Ermənistana qaz ixracını artırmaq, bu ölkəni tranzitə çevirmək layihəsinə yatırım etməyə hazır olduğunu ifadə edirsə, Bakıdan cavab addımları ala bilər".
"İranda Ermənistanın baş naziri Nikol Paşinyanın ermənilərlə görüşündə açıq-aşkar qaldırılan şüara İran rəsmiləri mütləq açıqlıq gətirməlidirlər. Həmin plakatda "Qarabağ Ermənistanındır!" yazılması heç şübhəsiz ki, İran hakimiyyətinin razılığı ilə baş verib. Bununla İran, Azərbaycan ərazilərinin işğal olunmasına loyal münasibətini ortaya qoymuş olur". Bunu isə millət vəkili Fazil Mustafa öz feysbuk səhifəsində yazıb.
Deputat qeyd edib ki, biz İrana qarşı sanksiyallara qarşı çıxdığımız halda, İranın Azərbaycana münasibətdə bu cür qonşuluq prinsiplərinə uyğun gəlməyən davranışına qarşı sözümüzü açıq şəkildə deməliyik: "Doğrudur, bu cavablar Azərbaycanda bir çox İran sevdalılarının xoşuna gəlməyəcək, ancaq müstəqil dövlətimizin qırmızı cizgisini tapdalayanlara qarşı həm Güney Azərbaycandakı soydaşlarımız, həm də Müstəqil Azərbaycandakı vətəndaşlarımız bütün platformalarda sərt cavab verməlidirlər. Biz İran-Ermənistan münasibətlərinə qarışmırıq, özünü müsəlman adlandıranların ermənilərə sevgisinə də bir söz demirik, lakin Azərbaycanın ərazi bütövlüyümüzü təhdid edən və rəsmi Tehran tərəfindən dəstəklənən bu siyasi tərbiyəsizliyə qarşı öz mövqeyimizi ortaya qoymalıyıq".
Politoloq Elxan Şahinoğlu isə deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyan çox arzuladığı İrana səfər etdi. O, qeyd edib ki, İran Prezidenti Həsən Ruhani Paşinyanla görüşdə Ermənistana qaz tədarükünün artırılmasına etiraz etmədiklərini dilə gətirib: "Ancaq bunu illərdir deyirlər, ortada nəticə yoxdur. Tehranda hansısa nəzəri regional layihələr barədə də danışıblar. Bunlar da xoş arzulardır. Ermənistanın pulu, sanskiyalardan əziyyət çəkən İranın isə başqa ölkəyə xərcləyəcək yatırımları yoxdur. Buna baxmayaraq, Paşinyan Tehranda iki arzusunu reallaşdıra bilib.
Birincisi, o, Ruhanidən başqa İranın azərbaycanlı dini lideri Əli Xameneyi ilə görüşüb. Bu gözlənilən idi. İkincisi, Tehranda mövcud olan "Ararat" idman-sağlamlıq mərkəzində "Dağlıq Qarabağ Respublikasının bayrağı" altında İranda yaşayan erməni icmasının nümayəndələri ilə görüşüb, sevincək selfi də çəkdirib. Bir müddət sonra yenə Bakıya hansısa iranlı rəsmi və ya general gəlib deyəcək ki, "işğalı pisləyirik, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik".
Zərifin istefasında xüsusi məqam…
İran Prezidenti Həsən Ruhani xarici işlər naziri Cavad Zərifin istefasını qəbul etmədi. Bu, Zərifin birinci istefası deyil. Yeri gəlmişkən, qeyd edim ki, İran kimi dövlətdə "İnstaqram" vasitəsilə istefa vermək istefadan daha çox daxili auditoriyaya və daxili rəqiblərə hesablanmış addım kimi dəyərləndirilməlidir. Bunu açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, Dövlət İdarəçilik Akademiyasının müəllimi Zaur Məmmədov deyib.
O qeyd edib ki, bu istefada maraqlı məqam var: "Həmin məqam ondan ibarətdir ki, Zəriflə Ruhani administrasiyası arasında sular bulanıqdır. İş o yerə çatıb ki, İran Xarici İşlər Nazirliyi Suriya dövlət başçısı Bəşər Əsədin Tehrana səfərindən xəbərsiz olub. Məlumata görə, məhz bu məsələ Zərifin istefasına təkan verib".
Z.Məmmədov əlavə edib ki, C.Zərif xarici işlər naziri kimi bir çox danışıqlarda iştirak edib və onu bu danışıqlarda, ümumiyyətlə daşıdığı vəzifədə uğursuz hesab etmək mümkün deyil: "İranın mövcud durumunda Ruhani-Zərif tandemi liberal elitaya lazımdır".