“Xalqımız Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır“ Siyasət

“Xalqımız Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır“

"Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman böyük önəm verilib. Ölkəmizdə dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri olduqca yüksək səviyyədədir".
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
O bildirib ki, Azərbaycanda milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. "Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. Bu, bizim qürur mənbəyimizdir. Təbii ki, burada siyasi iradə böyük önəm daşıyır. Din-dövlət münasibətlərinin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyev qoyub və hazırda yüksək səviyyədə davam və inkişaf etdirilir. Prezident İlham Əliyev dünya miqyasında multikulturalizm ideyasının fəal təbliğatçısı, mədəniyyətlərarası əməkdaşlığa dair Bakı Prosesinin müəllifidir. Ölkəmiz artıq mədəniyyətlərarası, dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin, o cümlədən Dini Liderlərin Ümumdünya Sammitinin keçirildiyi ənənəvi məkana çevrilib. Tolerantlıq ənənələrimizin, mədəni-mənəvi irsimizin təbliğində Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli və bəşəri dəyərlərə dünya miqyasında ali himayəsi ən yüksək qiymətə layiqdir. Müasir Azərbaycan dini dəyərlərə ən yüksək ehtiramın, dini abidələrə - məscidlərlə yanaşı, xristian və yəhudi dini məbədlərinə dövlət səviyyəsində qayğı və himayənin mövcud olduğu nümunəvi məkandır. Azərbaycan müxtəlif sivilizasiyalar arasında tarixən oynadığı mənəvi körpü rolunu bu gün də layiqli şəkildə davam etdirir".
A.Paşazadə Allahın yaratdığı ən böyük dəyər insan həyatıdır, onun xilası üçün müxtəlif millət və dinlərə mənsub insanların qarşılıqlı anlaşma və ehtiramı zəruridir: "Lakin çox təəssüflər olsun ki, hazırda dünyamızda humanitar fəlakətlər, insan qırğını, miqrant böhranı kimi hallar gündəmdədir. 20 faiz torpağı erməni ekstremistləri tərəfindən işğal olunmuş, 1 milyondan artıq soydaşı qaçqın-məcburi köçkün taleyi yaşamağa məcbur olan, Xocalı soyqırımına məruz qalmış Azərbaycan xalqı ən ağrılı problemimiz olan Qarabağ münaqişəsinin müharibə yolu ilə deyil, beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə ədalətli həllinin tərəfdarıdır. Bu gün bütün problemlərin fövqündə duran sülhün qorunması probleminin həllində, habelə terrorizm, islamofobiya, antisemitizm, ekstremizm və radikalizmin önlənməsində dövlət rəhbərlərinin, ictimai və dini qurum liderlərinin birgə əməkdaşlığı vacibdir. Konfessiyalararası anlaşma, dinlərarası dialoq, müxtəlif din xadimlərinin əməkdaşlığı — milyonlarla insan üçün ən gözəl örnəkdir. Məzhəbindən asılı olmayaraq, bölgə müsəlmanlarının tarixi dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi dinlərarası dialoq sahəsində malik olduğu təcrübəni məhz bu istiqamətdə davam və inkişaf etdirir. QMİ nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlərarası və sivilizasiyalararası əməkdaşlıq Mərkəzinin fəaliyyəti məhz bu mərama xidmət edir. Bugünkü tədbirdə iştirak edən Azərbaycan xalqının dostu, Azərbaycan həqiqətlərini, Qarabağ reallıqlarını dünya müstəvisində yayan, təbliğ edən qardaşımız cənab Mark Şnayer QMİ nəzdində Bakı Beynəlxalq Dinlərarası və sivilizasiyalararası əməkdaşlıq Mərkəzinin fəal üzvü, Himayədarlar Şurasının tərkibində təmsil olunan mötəbər şəxsdir. Onu hər dəfə Azərbaycanda görmək bizim üçün xoşdur. Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyəsi bütün bu uğurlarımıza rəvac verən məqamlardandır. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə dini mərkəz arasında əməkdaşlıq öz bəhrəsini verir və bugünkü müştərək tədbirimiz bu səmərəli işbirliyinin bariz nümunəsidir".