“Ermənistan substantiv danışıqlara hələ hazır deyil” Siyasət

“Ermənistan substantiv danışıqlara hələ hazır deyil”

Aydın Quliyev: "Bu, illərdir özünü göstərir"

"Paşinyanın məntiqi çox gülməlidir. Yəni, Ermənistanın əvvəlki rəhbərləri Qarabağdan olduqları üçün guya onların həm Ermənistanın, həm də Qarabağın adından danışmaq səlahiyyətləri var idi. Amma Paşinyan qarabağlı olmadığı üçün onun Qarabağın adından danışmaq səlahiyyəti yoxdur. Bu, çox gülməli məntiqdir və həmin gülməli məntiqin içərisində Paşinyana qarşı çox acı və ifşaedici bir sual var. O zaman Paşinyan nə üçün indiyədək bu məsələni qaldırmayıb ki, əslən Qarabağdan olan Köçəryan, Sərkisyan hansı əsasla, nə haqla Ermənistanın prezidenti seçiliblər? Yəni, çıxan sualların özü bir tərəfdən Paşinyan üçün ittihamedicidir". Bu fikirləri "Bakı-Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev səsləndirib. Onun sözlərinə görə, ikincisi, o açıqlama Paşinyanın konkret və yetkin Qarabağ platformasının olmadığını bir daha göstərir: "Yəni, bir tərəfdən Paşinyan və onun komandasının üzvləri Ermənistanın sülh prosesində Dağlıq Qarabağ rejiminin adından danışmaq səlahiyyətinə malik olmadıqlarını bəyan edir. O biri tərəfdən isə "Qarabağ üzrə sülh proseslərinin gedişində Ermənistan hansı pozisiyanı tutub" sualını cavablandıranda özü də, xarici işlər naziri Zöhrab Mnatsakanyan da bir ağızdan bildirirlər ki, Ermənistan danışıqlar prosesində iştiraka sadiqdir. Sual olunur; əgər Ermənistan sülh prosesində Dağlıq Qarabağı təmsil etmirsə, o zaman İrəvan sülh prosesində hansı məntiqlə iştirak edə bilər? Bütün bu ziddiyyətlər onu göstərir ki, Ermənistan, xüsusilə də Paşinyan bir ilə yaxındır hakimiyyətdə olsa da, Dağlıq Qarabağ üzrə konkret bir platformaya malik deyil. Baxışlar ziddiyyətlidir. Gah qondarma rejimin danışıqlarda tərəf kimi iştirak etməli olduğunu vurğulayır, gah da Azərbaycanla Qarabağ üzrə sülh danışıqlarını aparmağa hazır olduğunu və bu danışıqları apardığını bəyan edir. Bir ziddiyyət var və bu da təkrar edirəm, Paşinyanın Qarabağ üzrə platformasının olmamasından xəbər verir. Hətta Ermənistanın özündə də bütün tərəfsiz ictimai və siyasi qüvvələr bu reallığı görməyə başlayıblar ki, Paşinyan Ermənistan xalqına bitkin və ümumi bir Qarabağ platforması bugünədək təqdim edə bilməyib".
Ekspert bildirib ki, Ermənistan substantiv danışıqlara hələ hazır deyil: "Ermənistanın danışıqlara hazırlıqsızlığı artıq illərdir özünü göstərir. Baxmayaraq ki, ötən ilin aprel ayında baş verən hakimiyyət dəyişikliyindən sonra Ermənistanın substantiv danışıqlara gələ biləcəyinə dair müəyyən ehtimallar və ümidlər yaranmışdı. Amma bu ümidlər də özünü doğrultmadı. Ermənistan həqiqətən substantiv danışıqlara hazır deyil və hətta hazır olmaq belə istəmir. Xüsusilə də əgər Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı üzərində təkid etməklə bu proses üzrə dünyanın qəbul etdiyi sülh danışıqları formatını pozursa, Azərbaycana bir qarış da torpaq qaytarmayacaqlarını müdafiə, xarici işlər naziri səviyyəsində rəsmi şəkildə bəyan edirlərsə, demək Ermənistan həqiqətən də konstruktiv və məzmunlu danışıqlara hazır deyil. Sülh danışıqları adı ilə gedən qalan bütün proseslər bunsuz hər hansı nəticəyə gətirib çıxara bilməz. Ona görə Azərbaycan prezidentinin ATƏT-in fəaliyyətdə olan sədrinə bu fikirləri konkret şəkildə deməsinin praktik əhəmiyyəti var və təsiri olacaq. Çünki indi dünya ATƏT-dən xüsusi təsir rıçaqlarını işə salmağını gözləyir ki, Ermənistan danışıqlar masasına əyləşsin və həm də konstruktiv danışıqlara meyilli olduğunu nümayiş etdirsin. Əgər bu məsələdə Azərbaycandan asılı olan bir şey varsa, o da Azərbaycan Silahlı Qüvvələrinin işə düşməsi və Ermənistanı məcbur etməsidir. Yox, əgər ATƏT-in Minsk Qrupu, ATƏT rəhbərliyi Azərbaycan Silahlı Qüvvələrinin belə vəziyyətdə işə qarışmasının qarşısını almaq istəyirlərsə, mütləq Ermənistana və Paşinyana təzyiq göstərməlidirlər ki, Paşinyan konstruktiv danışıqlara gəlsin. Ona görə də mən Prezident İlham Əliyevin ATƏT-in fəaliyyətdə olan sədrinə dediyi sözlərin praktikada təsirinin olacağına inanıram".
A.Quliyev bildirib ki, bu gün Ermənistanın İran-Azərbaycan münasibətlərindəki isinişməni pozmaq gücü olmasa da, onu pozmaq niyyəti var: "Həmin niyyət Tehranda, İsfahanda Paşinyanın erməni icması ilə keçirdiyi görüşlərdəki plakatlar və şüarlar formasında üzə çıxdı. Həqiqətən Emənistan başa düşür ki, bu gün İran-Azərbaycan münasibətlərini pozmaq olduqca çətindir. Çünki İranla Azərbaycan artıq ikitərəfli müstəvidə yox, həm də bir ucu Hindistana, bir ucu Avropaya bağlanan böyük əməkdaşlıq kəmərinin üzərində qarşılıqlı maraqlar üzərində birləşib. Belə vəziyyətdə Azərbaycanla İranın münasibətlərinə sərinlik gətirmək o qədər də asan məsələ deyil. Yəqin ki, Paşinyan bunu anlayır. Amma əlbəttə, bu münasibətlərə qarşı müəyyən təxribat niyyətləri var. Həmin təxribatlardan biri də qeyd olunan görüşdə qaldırılmış plakat idi. Ermənistan hardasa ümid edir ki, bu cür addımlarla İran-Azərbaycan münasibətlərində müəyyən fasilələr yaratmaq mümkündür. Həm də nəzərə alaq ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri cəmi ay yarım əvvəl Bakıda bütün əvvəlki dövrlərdən fərqli və Azərbaycanın maraqlarına, eyni zamanda haqq-ədalət prinsiplərinə uyğun olan bir bəyanat səsləndirdi. O dedi ki, İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bundan sonra da dəstəkləyəcək, sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbuledilməzdir, İran bu məsələdə hər zaman Azərbaycanın yanındadır. Bu, Ermənistana vurulan ağır bir zərbə idi və İrəvan başa düşür ki, İranın xüsusilə Qarabağ probleminə münasibətdə mövqeyi getdikcə konkretləşir və konkretləşən bu mövqe Azərbaycanın maraqlarına daha çox cavab verməyə başlayır. Elə ona görə də təxribat üsullarını işə salırlar.
Onu da xatırladım ki, artıq Ermənistan mətbuatında Paşinyanın erməni icması ilə görüşü zamanı baş vermiş o hadisənin hansı məqsədə xidmət etdiyi ilə bağlı bəzi yazılar peyda olmağa başlayıb. Ermənistan mətbuatı məsələni bu cür qələmə verməyə başlayır ki, İranda olan bu hadisə guya İran hakimiyyətinin və rəsmi dairlərinin icazəsi ilə olub, yaxud onların yumşaq yanaşması şəraitində baş verib. Bu da ona dələlət edir ki, guya İran Dağlıq Qarabağ məsələsində hazırkı ststus-kvonun tərəfdarıdır. Halbuki, bütün dünya, o cümlədən İran status-kvonun dəyişdirilməsinin vacib olduğunu dəfələrlə vurğulayır. Aşkar görünür ki, Ermənistan həm İran-Azərbaycan münasibətlərini sərinlətmək üçün belə təxribata əl atır, həm də açıq-aşkar İranı belə bir yalanla – guya İran status-kvonun saxlanılmasında maraqlıdır, – tezisinin altında şantaj etmək istəyir".