“Dünya ölkələri dayanıqlı inkişafa önəm verməlidirlər“ Siyasət

“Dünya ölkələri dayanıqlı inkişafa önəm verməlidirlər“

VII Qlobal Bakı Forumu "Davamlı inkişaf üçün çağırışlar" adlı panellə öz işini davam etdirib.
Panelin moderatorluğunu Kolumbiya Universitetinin professoru Cefri Saksedib.
O bildirib ki, dünya iqtisadiyyatı hazırda dayanıqlı inkişafı təmin etmir: "Biz ətraf mühitə böyük mənfi təsir göstəririk. Ətraf mühitdən nəzarətsiz qaydada istifadə olunur, bu da biomüxtəlifliyə mənfi təsir göstərir. Okeanlarda suyun səviyyəsi artır, hava çirklənir, bu da qidaların keyfiyyətinə təsir göstərir. Bu baxımdan, dünya ölkələri dayanıqlı inkişafa önəm verməlidirlər".
Cefri Saks vurğulayıb ki, XX əsrdə dayanıqlı inkişaf diqqət mərkəzində olsa da, bu sahədə ciddi nailiyyət əldə olunmayıb: "Bu baxımdan, Skandinaviya ölkələr istisnadır. Ona görə də 2020-2030-cu illərdə dayanıqlı inkişafla bağlı 17 istiqamət müəyyən edilib. Mən praktiki müstəvidə dayanıqlı inkişafla əlaqədar nəticələri görmürəm".
BMT İnkişaf Proqramının administratoru Helen Klark qeyd edib ki, sülh dayanıqlı inkişaf olmadan mümkün deyil: "Ölkələr başa düşməlidirlər ki, tutduqları mövqelər hansı yerdədir. Bu, bir çox zəngin ölkədə problem olaraq qalır. Daha təmiz yanacaqlara keçmək məcburiyyətindəyik. Gəlir nöqteyi-nəzərindən də insanlar arasında qeyri-bərabərlik var. Ona görə də bu sahədə beynəlxalq səviyyədə aidiyyəti qurumlarla əməkdaşlıq vacibdir".
Kanadanın sabiq xarici işlər naziri Stefan Dion deyib ki, bir çox kanadalı karbohidrogendən yanacaq kimi istifadənin azaldılmasının sərfəli olmadığını düşünür: "Çünki çoxları ay sonunda əldə edəcəyi gəlirlə maraqlanır. Bu baxımdan, siyasilərin aparacağı maarifləndirmə işi böyük rol oynamalıdır".
O əlavə edib ki, yaxın gələcəkdə içməli su ilə əlaqədar ciddi problemlər yaranacaq: "Bir müddət sonra okeanlara atılan plastik tullantıların çəkisi balıqlardan çox olacaq. İqlim dəyişikliyindən gələcək nəsillərin taleyi asılı olacaq. Temperaturun 2-3 dərəcə artmasından çox şey asılıdır. Ona görə də atmosferə tullantıların atılmasının azaldılmasına çalışmalı, neft, qaz və kömürü yandırmaqdan vaz keçməliyik. Hazırda enerji təminatının 70-80 faizi neft, qaz və kömürdən əldə olunur. Bu yanacaq növlərinin azaldılmasında siyasətçilərin üzərinə böyük vəzifə düşür".