Siyasi aşsüzən Siyasət

Siyasi aşsüzən

Elçin Mirzəbəyli

Bir insan eyni vaxta neçə obrazda görünə bilər? Hətta teatrda belə bir aktyorun eyni tamaşada bir neçə obrazı canlandırması olduqca çətindir. Fitri istedad bir yana qalsın, əlavə zəhmət, bir obrazdan, bir xarakterdən digərinə keçmək üçün qrim, geyim kimi köməkçi vasitələr, müsiqi, səs və işıq effektlərinin yenilənməsinə ehtiyac duyulur. Mono tamaşalarda vəziyyət təbii ki, fərqlidir. Burada adətən şərti teatr elementləri ön planda dayanır. Təqdimatdan, ortamdan asılı olaraq, tamaşaçı bu şərtiliyi – eyni aktyorun qısa fasilələrlə müxtəlif xarakterləri canlandırmasını qəbul edir. Siyasətdə isə vəziyyət fərqlidir. Burada obraz, xarakter dəyişikliyi qəbul olunmur. Siyasi mövqe, ideoloji platforma dəyişikliyi isə dəmir məntiqə söykənən əsaslandırma və səmimi, konkret şəxsə kütlənin yenidən etimad göstərməsinə zəmin yarada biləcək dürüstlük, həqiqiliyi şübhə doğurmayan geniş izahat tələb edir. Qeyd etdiklərim peşəkarlara aid olan xüsusiyyətlərdir – həm teatrda, həm də siyasətdə...
Amma Azərbaycanda vəziyyət bir az fərqlidir. Məsələnin teatrla bağlı olan hissəsinə toxunmayacağam. Məni bu sahədən ən azı 20 illik bir məsafə ayırır.
Siyasətə gəldikdə isə... artıq 31 ildir ki, proseslərin epidsentrindəyəm. Siyasi səhnənin bütün personajlarını kifayət qədər yaxşı tanıyıram...
31 il öncə ilk mərhələdə Dağlıq Qarabağın Azərbaycandan qopardılmasına qarşı etiraz səsimizi ucaldanda, daha sonra isə istiqlal mücadiləsinin ön sıralarında yer alanda məni və tələbə yoldaşlarımı sonu bəlli olmayan bu yola kimsə dəvət etməmişdi. Bu hadisələrdən öncə, hər hansı bir kənar şəxsin, qüvvənin iştirakı olmadan, məhz özümüzün təşkil etdiyi dərnəklərdə toplaşır, tariximiz, dilimizlə bağlı müzakirələr aparır, poeziya nümunələri və digər vasitələrlə milli məıdəniyyətimizi təbliğ etməyə çalışırdıq. Azərbaycanda milli şüurun oyanması prosesi 60-cı illərin sonundan, 70-ci illərin əvvəllərindən başlamışdı - Azərbaycan ədəbiyyatı və mədəniyyəti vasitəsi ilə şüurumuza ötürülən ismarıclardan və bu ismarıcları ötürə bilən yaradıcı insanları qoruyan, himayə edən böyük dövlət adamlarından... 1988-ci ildə milli iradəmizin ortaya çıxmasına zəmin yaradan proseslərin əsasında da məhz bu amillər dayanırdı. Bütün bunlar kimsənin inkar edə bilməyəcəyi həqiqətlərdir!
...Biz öz həqiqətimizin arxasında gedirdik. Gələcəyimizi düşünmədən, slğortalamadan...
...1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi və yuxarıdan göstərişlə ayrı-ayrı ali təhsil ocaqlarında, idarə müəssisələrdə bu qurumun özəkləri yaradılanda tamamilə fərqli bir mənzərənin şahidi olduq. Mübarizəmizin ən çətin dövrlərində bizi təhlükəsizlik orqanlarına satan, qapıları üzümüzə bağlayan, təzyiq göstərən və qısa müddətə olsa da belə həbsimizə nail olan insanlar yuxarı başda oturmuşdular. Yəni milli iradəyə qarşı çıxanlar milli iradəni ifadə edən insanları təşkilatlandırırdılar. Qapını arxamızca çırpıb çıxdıq və bir daha geri qayıtmadıq. Mübarizəmizi fərdi qaydada, heç bir təşkilatın yedəyinə qoşulmadan aparmağa üstünlük verdik.

Haşiyə:

1989-cu ildə “Azadlıq” meydanında mitinqlər davam edirdi. İnsanlar hər gün meydana müəllifi olduğum “Azadlıq” marşını oxuyaraq gəlir, “Qalx ayağa millət, boğmasınlar səsimizi” şüarıyla Azərbaycana qarşı yürüdülən siyasətə etirazlarını bildirir, “Bir bayraq altında birləşdir bizi” deyərək müstəqil, azad yaşamaq haqlarının olduğunu dilə gətirirdilər. Belə günlərdən birində xalqın “Azadlıq” meydanına daşıdığı “Azadlıq” marşının kürsüyə daşınmasına da qərar verildi. Başbilənlər kiminsə doğmalarından birinə “Azadlıq” marşını oxutdururdular. Məni tanıyan bir neçə nəfər kürsüyə yaxınlaşıb müəllifin meydanda olduğunu dedilər və tələb etdilər ki, artıq hər kəsin adını, soyadını bildiyi müəllif xalqa təqdim edilsin. Kürsüyə dəvət olundum, amma sonra nə baş verdisə qarşımı bir neçə qara-qura adam kəsib məni geri qaytardı...
Lakin bundan öncə qaraguhun haqqıma sahiblənə bilməməsi üçün indiki Texniki Universitetin qarşısında tələbələrin başlatdığı etiraz aksiyasında məni “Azadlıq” marşının müəllifi kimi təqdim etmişdilər və çoxlarının “Qalx ayağa millət” kimi adlandırdığı marş mənim ifam və tələbələrin müşayiəti ilə məhz burada səsləndirilmişdi... Buna görə, Fazil Mustafa, Qorxmaz İbrahimli və digər dəyərli hərəkat yoldaşlarıma təşəkkür etməyi heç vaxt unutmuram.
Daha sonra rəhmətlik Nəcəf Nəcəfov “Azadıq” qəzetinin ilk saylarının birində “Azdlıq” marşını müəllif hüquqlarımı qormaqla manşetə daşıdı və bütün manipulyasiyalara son qoydu. Daha sonralar, Müsəvvər Əsgərov, Tofiq Quliyev, Bəxtiyar Vahabzadə və hələ də kim olduqlarını bilmədiyim dəyərli soydaşlarımız müəllifi olduğum “Azadlıq” və “Azadlığa çağırış” marşlarının lentə köçürülməsinə, dərsliyə salınmasına nail oldular.
Bu faktı nə üçün xatırlatdım? 21 yaşlı bir gəncin haqqına sahib çıxmağa çalışan, yazdığı marşın xalq tərəfindən sevilməsini qəbul edə bilməyən və bu sevgini belə ona qısqanan tör-töküntülər bu gün haqdan, ədalətdən, hüquqdan danışırlar və hər dəfə bu ikrah doğuran obrazları, riyakar simaları görəndə ən azı qəhqəhə çəkib gülmək istəyirəm...

Haşiyə:

1992-ci ildə Sankt-Peterburq Azərbaycan Mədəniyyəti Cəmiyyətin sədri kimi dəyərli dostlarımla birlikdə Azərbaycana yardım gətirmişdik. Tibb ləvazimatlarını deyilən ünvana təqdim etdik. Maliyyə vəsaitini Xalq Cəbhəsinin qərargahına təhvil verin dedilər. Nə isə gətirib təhvil verdim... Qərargahdan çıxanda siqaret tüstüsünə qərq olmuş dəhlizdə dayanan qara-qura adamların başı "Çinə bayraq sancmaq"dan ayıldı və mənim üçün də “maygülüdür” dedilər (Sən demə Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra təşkilata üzv olanları “maygülü” adlandırırmışlar). Təfərrüatına varmayacağam, bu balaca, miskin adamların, alaq otlarının təfəkkürünə tüpürüb çıxdım ordan...
Bir müddət sonra təhsil aldığın Sankt-Peterburq Teatr, Musiqi və Kinomatoqrafiya İnstitunun rektoru Vladimir Yakovlev və aspirantura şöbəsinin müdiri, əslən Bakılı olan Yelana Nazarova ilə birlikdə Bakıya gəldik. Təsadüfən yolumuz Xalq Cəbhəsinin qərərgahının yerləşdiyi ərazidən düşdü. Və birdən qərargahın qarşısında bir neçə avtomobil dayandı. Təpədən-dırnağa sılahlanmış, hər birinin üzərində xəncərdən avtomat silaha qədər olan qəribə görkəmli insanlar səs-küylə yerə atıldılar. Onlardan birini tanıdım...
Vladimir Yakovlev məndən bu adamların kim olduğunu soruşdu. “Daxili İşlər Naziri və ətrafıdır” dedim. Təəccübləndi: “Bu qədər silah onların nəyinə lazımdır? Məgər sizin ölkədə müharibə getmir? Bu silahları cəbhə bölgəsinə göndərsələr daha yaxşı olmazmı?”. Susdum...
“Heyf..”, - dedi Vladimir Petroviç, - “Çox gözəl xalqınız var, amma bu adamlar sizi uçuruma aparacaqlar”.
Apardılar da və uçurumun 1 addımlığından torpaq itkisi ilə qayıtdıq...

Mono siyasətçinin mono tamaşası

...İndi bu boşboğazlar Qarabağdan dəm vurur, gözümüzün önündə baş verənləri həyasızcasına saxtalaşdırmaqdan belə utanmırlar.
...Yazının əvvəlində aktyor və siyasətçi obrazlarından söz açmışdım. Teatr sənətinə, peşəkar, istedadlı aktyorlara çox böyük sayğım var və bu baxımdan da kiminsə ünvanına “artistlik edir” ifadəsi səsləndiriləndə xoşlanmıram. Amma Azərbaycanda mövqeyini, ideyasını, siyasi baxışlarını dəfələrlə dəyişən unikal bir siyasətçi tipi var. Adam hər dəfə keçdiyi yola tüpürüb yenisinə başlayanda eyni duruşda dayanır, eyni ifadələrlə danışır. Üz cizgiləri, tez-tez hədəqədən çıxan gözlərinin oynaması da dəyişmir. Məsələn, çənəsini yuxarı qaldırıb Azərbaycanın konstitusiya quruluşuna qarşı çıxış edən, dövlətə silah qaldıran cinayətkarların “hüquqlarının müdafiəsinə qalxır”, sonra eyni duruşda, eyni ifadələrlə və sadəcə personajların adlarını dəyişməklə dünyəvi və hüquqi dövlətçilikdən, Avropa hüququndan danışır, ətrafına ermənilərlə əməkdaşlıq edən bir zümrəni topladığına baxmayaraq yenə də eyni duruşda və eyni ifadələrlə Azərbaycan torpaqlarının işğalı ilə bağlı tarixi faktları saxtalaşdırır.
Sanki 2001-ci ildə ABŞ-ın Ki-Uest şəhərində keçirilən Qarabağ danışıqlarından öncə Azərbaycan müxalifətinin dövlətin maraqlarının müdafiə edilməsi ilə bağlı təyin etdiyi aksiyanı məlum ölkənin səfirinin göstərişi ilə təxirə salanlardan biri də bu adam olmayıb? Bu faktı ki, danmaq mümkün deyil. Yəni Əli Kərimlinin xaricdən gələn sifarişlə hətta milli maraqlardan vaz keçməsi, əks mövqedə yer alması hər kəsə bəllidir.
Kərimlinin ABŞ səfirliyindən, USAİD-dən verilən “direktiv”lərlə hərəkət etdiyini həmin dövrdə onun şöbə müdiri olan, hazırda Birləşmiş Ştatlarda yaşayan Qorxmaz Əsgərov “Ayının əmisi oğlu” adlı yazısında da etiraf edir.
15 may 2018-ci ildə, “Azadlıq” qəzetinin saytında yayımlanmış “Ayının əmisi oğlu” başlıqlı köşəsində Qorxmaz Əsgərov yazır:
“...Köhnə müxalifət” – “yeni müxalifət” söhbətini də Azərbaycana ilk dəfə Amerika səfirliyi, USAİD və onun maliyyələşdirdikləri təşkilatlar gətirib. Azərbaycanda demokratik təsisatlarla işləyən təşkilatlara həm USAİD, həm də Amerika səfirliyi dirənirdi ki, köhnə müxalifəti boş verin, təzə qüvvələrlə işləyin. Kim idi bu yeni qüvvələr? Məsələn, 2003-də mən Amerika Milli Demokratiya İnstitutunun Bakı ofisində işləyəndə Amerika səfirliyi dirənmişdi ki, Müsavatı-zadı boş verin, Eldar Namazovla işləyin, Fuad Əliyevin Liberal Demokratik Partiyası ilə işləyin. Bunlar bunu 2003-də edirdilər”.
Qorxmaz Əsgərovun “Ayının əmisi oğlu” yazısından gətirdiyim bu iqtibasda Əli Kərimli və düşərgədaşlarının bu günədək “daş atıb başlarını tutaraq” inkar etdikləri mühüm ifşaedici məqam yer alıb. Milli Demokratiya İnstitunun sabiq əməkdaşı və Əli Kərimlinin partiyasının sabiq şöbə müdiri Qorxmaz Ələsgərov etiraf edir ki, ABŞ səfirliyi və təşkilatları Azərbaycandakı siyasi proseslərə müdaxilə ediblər və hətta ayrı-ayrı siyasi qrupları, onların liderlərini, o cümlədən Əli Kərimlini istiqamətləndiriliblər.
Necə deyərlər, bu da Nikol Paşinyanın “vəssalam” sözündən vəcdə gəlib tarixi saxtalaşdırmaqla özünü sudan quru çıxarmağa çalışan Əli Kərimli üçün “vəssalam”. Adamın siyasi keçmişi başdan-ayağa dəlik-deşikdir və siyasi aşsüzəni xatırladır, amma yenə də dilini dincə qoyub abrına qısılmaq istəmir. Bi də ki, insafən adamın bu məsələdə günahı yoxdu. Olmayan şeyə necə qısılasan axı...