“Ərazi bütövlüyümüz bərpa olunacaq!” Siyasət

“Ərazi bütövlüyümüz bərpa olunacaq!”

Azərbaycan prezidenti İlham Əliyev: "Azərbaycan ordusu Dağlıq Qarabağdakı istənilən obyekti məhv edə bilər"
"Müharibə bitməyib, birinci mərhələsi başa çatıb, ancaq ikinci mərhələ də başlana bilər"

"Bu gün Azərbaycan vətəndaşlarının, xüsusilə cəbhəyanı bölgələrdə yaşayan vətəndaşların təhlükəsizliyi tam şəkildə təmin edilir və əlbəttə ki, bizim ordumuz istənilən vəzifəni icra etməyə qadirdir. Azərbaycan ordusu hərəkətə keçərsə, düşmənin vəziyyəti çox ağır ola bilər. Bunu biz də bilirik, düşmən və vasitəçilər də bilir".
APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev avqustun 6-da Ağdam rayonunda 632 məcburi köçkün ailəsi üçün salınan yeni qəsəbənin açılışında çıxış edərkən deyib.
Prezident qeyd edib ki, bu gün Azərbaycan Ordusu öz mövqelərini möhkəm qoruyur.
Ölkə başçısı düşmənlə təmas xəttində olduğunu qeyd edərək, oradakı vəziyyətlə tanış olduğunu deyib: "Mənə müntəzəm olaraq məlumat verilir. Ancaq təmas xəttində olarkən vəziyyətlə əyani şəkildə tanış oluram, müvafiq göstərişlər verilir. Son günlər ərzində erməni işğalçı qüvvələrinin hücumları nəticəsində bizim ordumuz itkilər verib, bir neçə hərbçi şəhid olub. Allah onlara rəhmət eləsin! Ancaq, eyni zamanda, deyə bilərəm ki, onların qanı yerdə qalmayıb. Azərbaycan Ordusu düşmənə çox böyük zərbə vurub. Bizdə olan məlumata görə, onlarla işğalçı məhv edilib. Ermənilər həmişə olduğu kimi öz itkilərini gizlədirlər. Ancaq həqiqət ondan ibarətdir ki, bu hadisələrdə yenə də Azərbaycan Ordusu üstün olub və bu hadisələrdə biz qələbə qazanmışıq. Bu, həmişə belə olacaq".
Dövlət başçısı qeyd edib ki, son hadisələr bir də onu göstərdi ki, cəmiyyətdə vətənpərvərlik ruhu çox yüksəkdir: "Yüzlərlə müraciətlər olunur, cəbhə bölgəsinə Azərbaycanın digər bölgələrindən gənclər təşrif buyurur, öz arzularını ifadə edirlər. Onlar könüllülər kimi ərazi bütövlüyümüzün bərpasında iştirak etmək istəyirlər. Hesab edirəm ki, hələ buna ehtiyac yoxdur. Azərbaycan ordusu bu bölgədə ən güclü ordudur. Həm döyüş qabiliyyəti, həm də peşəkarlıq, hərbi-texniki təchizat ən yüksək səviyyədədir. Sadəcə olaraq hələ ki, danışıqlar prosesi davam edir. Müəyyən ümidlər var".
Xatırladaq ki, prezident İlham Əliyev bundan əvvəl Ağdamdakı "N" saylı hərbi hissədə hərbi qulluqçular qarşısında da çıxış edib.
Prezident bildirib ki, Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər.
O bəyan edib ki, Azərbaycan ordusu Dağlıq Qarabağdakı istənilən obyekti məhv edə bilər: "Bunu biz də bilirik, Azərbaycan xalqı da, düşmən də bilməlidir. Bu gün ancaq Azərbaycan dövlətinin siyasəti sayəsində bölgədə sabitlik hələ ki, təmin edilib. Azərbaycan sabitləşdirici ölkədir. Biz bu gün öz imkanlarımızı artıraraq daha da güclü orduya malik oluruq və bu ordu istənilən vaxtda, istənilən vəzifəni icra edə bilər.
Ali Baş Komandan deyib ki, bu gün düşmən panikadadır, isterikadadır: "Bu gün Ermənistanın faşist rəhbərliyi, hərbi xunta öz ölkəsini uçuruma aparır. Onlar bizim torpaqlarımızı işğal ediblər, eyni zamanda, bütün Ermənistanı işğal ediblər. Erməni xalqı kriminal, korrupsioner rəhbərlikdən öz canını qurtarmalıdır. Əks təqdirdə Ermənistanı böyük fəlakətlər gözləyir. Əgər Ermənistan faşist dövləti öz çirkin əməllərindən əl çəkməsə, erməni dövlətinin mövcudluğu sual altına düşə bilər. İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı bizim tarixi torpağımızdır. Biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Həmişə belə olub, bu gün də belədir, sabah da belə olacaq. Bütün işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada, Xankəndidə Azərbaycan bayrağı qaldırılacaq".