Bu gün prezidentlər görüşəcəklər Siyasət

Bu gün prezidentlər görüşəcəklər

Cəbhədə isə vəziyyət hələ də kritik olaraq qalır

Cavid

Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya prezidentinin təşəbbüsü ilə keçiriləcək görüş ərəfəsində cəbhədəki vəziyyət kritik olaraq qalır. Müxtəlif ölkələrdən olan ekspertlər yeni müharibənin başlanma ehtimalını yüksək qiymətləndirirlər.
Rusiyanın "Nezavisimaya qazeta" nəşri cəbhədəki gərginlik fonunda prezidentlərin mümkün görüşünü şərh edib.
Nəşr yazır ki, snayper atəşləri dayanmır, tərəflər mütəmadi olaraq aviasiya gücünü nümayiş etdirir.
Böyük Britaniyanın Müharibə və Sülh Araşdırmaları İnstitutunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Şahin Rzayev prezidentlərin görüşünü şərh edərkən deyib ki, tərəflər arasında yeni razılaşma ola bilər: "İlin sonuna, yaxud da gələn ilin əvvəlinə kimi prezidentlərin danışıqlarında sıçrayış gözləməyə dəyər. Bu sıçrayış ərəfəsində tərəflərin Hər biri öz mövqeyini gücləndirməyə çalışır".
Onun fikrincə, prezidentlərin görüşündə müzakirəyə çıxarılacaq sənəd demək olar ki, hazırdır: "Tərəflərin hər biri əlverişli mövqe tutmağa çalışır ki, danışıqlarda verəcəkləri qurban daha ağrısız olsun. Əgər yayılan informasiyalara inansaq, o zaman Qarabağ ətrafındakı 7 rayonun 7 Azərbaycana qaytarılır. İki rayonun taleyi isə həll olunmamış qalır".
"Nezavisimaya qazeta" nəşri hesab edir ki, əgər prezidentlər Soçidə münaqişənin həlli üzrə hansısa praktiki hərəkətlərə nail olmasalar, o zaman təmas xəttindəki gərginliyin artması qaçılmaz olacaq. Nəşr qeyd edir ki, hər iki tərəfdə ümumi ab-hava müharibəyə köklənib: "Müharibənin başlanması üçün ümumi şərait yetişib. Əgər Soçi görüşü vəziyyəti yumşaltmasa, müharibə başlaya bilər. Bu gözləniləndir".
"Görüşün gedişatı zamanı həm gərginlik aradan qalxa bilər, həm də danışıqlar prosesinə qapı açıla bilər". Bunu isə politoloq Rasim Ağayev deyib. O, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin nəzərdə tutulan Soçi görüşünün nələr vəd etdiyini şərh edib.
Politoloqun fikrincə, Qarabağ münaqişəsinin istər sülh, istər siyasi, istərsə də müharibə yolu ilə həll olunması üçün ilk növbədə prezidentlərin danışıqlar aparmasını vacib sayır. Onun sözlərinə görə, bu proses olmasa məsələnin həlli mümkün deyil: "Gərək prezidentlər görüşüb bir-birlərinə münasibətlərini desinlər. Çünki prezidentlər öz ölkələrinin ən səlahiyyətli şəxsləridir. Hansısa qərarı qəbul etməkdə onların səlahiyyəti var. Əgər həqiqi mənada tərəflər hazır olarsa, o zaman diplomatik addımlar atıla bilər. Ermənistan hakimiyyəti müxtəlif istiqamətlərdən təzyiqə məruz qalıb. Məhz buna görə, onlar istər-istəməz kompromis addımlar ata bilərlər".
Politoloq Tofiq Abbasov isə açıqlamasında ermənilərin artıq prosesi süründürmək imkanlarının qalmadığını söyləyib. O bildirib ki, erməni tərəfi də artıq bunu başa düşür: "Azərbaycan son günlər ermənilərin cəbhədəki təxribatlarının qarşını alıb. Düşmənə adekvat cavab verildi. Bu isə düşmənə soyuq duş effekti yaşatdı. Artıq hiss olunur ki, cəbhədə sakitlik və sabitlik hökm sürür. Erməni tərəfi bir növ məsuliyyəti dərk edərək "əl-ayağını" yığışdırmaq məcburiyyətindədir. Düşmən artıq dərk edir ki, sülh prosesindən yayınmaq olmaz. Azərbaycanın daim danışıqlara hazır olmasını bəyan etməsinə baxmayaraq, rəsmi İrəvan vəziyyətdən çıxış yolunu danışıqları yarımçıq qoyub müxtəlif bəhanələrlə masanı tərk etməkdə görür. Ermənilərin artıq prosesi uzatmaq limiti qalmayıb və onlar özləri də bunu başa düşürlər. Ermənilər 2015-ci ilin aprelində qondarma erməni soyqırımının 100 illiyini keçirmək fikirindədir. Onlar o vaxta qədər vəziyyəti bu cür davam etdirməklə özlərinə imtiyazlar əldə etmək istəyirlər. Qarabağ münaqişəsinin həllində hər hansı irəliləyiş müşahidə olunarsa, bu, regionda tarazlıq yarada bilər. Soçi görüşündə Azərbaycan tərəfi çox ciddi şəkildə işğal məsələsini gündəmə gətirəcək. Artıq İrəvan gah nala, gah mıxa vura bilməyəcək. Gərək ermənilər münaqişənin həlli istiqamətində ya hə desin, ya da yox".
Onun sözlərinə görə, Rusiya ABŞ və Avropanın sanksiyaları fonnunda Azərbaycanla və eyni zamanda Türkiyə ilə də əlaqələri genişləndirmək niyyətindədir. Bildiyiniz kimi Türkiyənin Avropa Birliyinə üzv prosesi 50 ildən çoxdur ki uzanır. Yarım əsrlik üzvlük prosesindən bir növ "çərləyən" Türkiyə Avrasiya məkanına üz tutmaq məcburiyyətində qala bilər. Türkiyə bu mənada Rusiya, Azərbaycan və regiondakı digər ölkələrlə yeni geoiqtisadi və yeni geosiyasi əlaqələrin qurulmasında maraqlıdır. Bu halda Ermənistanın yeni prosesdəki "tormoz" funksiyası isə aradan qaldırılmalı olacaq.
Politoloq Rasim Musabəyov isə açıqlamasında bildirib ki, görüşdə gərgin vəziyyətdə olan Qarabağ konfliktinin həlli ilə bağlı danışıqlar gözlənilir. Amma inandırıcı deyil ki, bu görüş nəticəsində bilavasitə münaqişənin həllinə doğru hansısa böyük bir irəliləyiş olsun: "Prezidentlərin görüşü bəlkə yaxın zaman üçün gərginliyin artmamasına təsir edəcək. Rusiya ciddi şəkildə Ermənistana təsir göstərmədiyi müddətcə bu münaqişənin həllindən nəticə gözləməyə dəyməz. Hələki Rusiyanın belə bir addım atacağı hiss olunmur".
Politoloq Ermənistanın öz iddialarından əl çəkməsinin inandırıcı olmadığını düşünür. R.Musabəovun fikrincə, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarını geri qaytarmaq istəyi hələlik hiss olunmur.
Onu da bildirək ki, Soçidə üç prezidentin Dağlıq Qarabağ münaqişəsinə həsr ediləcək görüşü ərəfəsində Ermənistanın təbliğat maşını sürət götürüb.
Yerli KİV-lər bütün münaqişənin bütün günahını Azərbaycanın üzərinə atırlar, Dağlıq Qarabağın "tarixi erməni torpağı" olması kimi ənənəvi yalan iddialarını yenidən irəli sürürlər.