“Azərbaycanın üzləşdiyi haqsızlıqları unutdurmadıq, unutdurmayacağıq” Siyasət

“Azərbaycanın üzləşdiyi haqsızlıqları unutdurmadıq, unutdurmayacağıq”

Türkiyə Vəkillər Birliyinin sədri: “Çünki hazırda Azərbaycanın müqəddəs torpaqlarının bir hissəsi işğal altındadır”
“Bu gün sizi burada Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın nəvələri kimi salamlayırıq”.
Bunu dünən Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirləri çərçivəsində keçirilən “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfransda Türkiyə Vəkillər Birliyinin sədri Mətin Feyzioğlu bildirib.
M. Feyzioğlu deyib ki, bu gün Azərbaycanda vəkillik institutunun yaranmasının 100 illiyi qeyd edilir: “Vəkillik fəaliyyətinin önündə hər bir ölkədə çoxsaylı problemlər var. Bizim vəzifəmiz bu problemləri həll etməkdir. Vəkilliklə bağlı təhsil məsələsi də aktualdır. Biz vəkillər davamlı olaraq müstəqillik uğrunda mübarizə aparırıq. Ədalətli mühakimə üçün davamlı mübarizə aparırıq. Digər tərəfdən, süni intellektin 15-20 ildən sonra vəkillik peşəsinə necə təsir edəcəyini də bilmirik. Buna görə də texnologiyanı da öyrənməliyik. Texnologiyanı öyrənərək mühafizə etmək məcburiyyətindəyik”.
M. Feyzioğlu qeyd edib ki, A. Bağırovun sədrliyi dövründə Azərbaycan Vəkillər Kollegiyası böyük inkişaf yolu keçib: “Azərbaycanın güclü olması Türkiyənin, Türkiyənin güclü olması Azərbaycanın güclü olması deməkdir. Güclü dövlət olmaq güclü məhkəmə, güclü məhkəmə isə güclü vəkillik institutunun mövcudluğundan keçir”.
“Azərbaycan Vəkillər Kollegiyası və Türkiyə Vəkillər Birliyi yaxın vaxtlarda Naxçıvanda qurumların İdarə Heyətlərinin birgə toplantısını keçiriləcək”-deyən M. Feyzioğlu bildirib ki, bu toplantıda bütün dünyaya Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, Azərbaycanın üzləşdiyi haqsızlıqlar bəyan ediləcək: “Azərbaycanın üzləşdiyi haqsızlıqları unutdurmadıq, unutdurmayacağıq. Çünki hazırda Azərbaycanın müqəddəs torpaqlarının bir hissəsi işğal altındadır. Təəssüf ki, dünya bu işğala qarşı səssiz qalıb. Azərbaycanın da ən önəmli hədəfi müqəddəs torpaqlarını işğaldan və zülmdən azad etməkdir. Naxçıvanda keçiriləcək toplantımızda da əsas məqsəd dünyaya bu mesajı verməkdir. Bu toplantıda vəkillərimizin qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı da mühüm qərarlar veriləcək”.
Azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqda saxlanmasına da toxunan M. Feyzioğlu qeyd edib ki, nə zaman müraciət edilsə, Türkiyə Vəkillər Bürosu bu məsələdə Azərbaycan Vəkillər Kollegiyasına dəstək verməyə hazırdır: “Azərbaycan Vəkillər Kollegiyası bizdən hansı formada dəstək istəyirsə, biz sizin dünyada sözünüzə sözlə, gücünüzə gücümüzlə dəstək verməyə hazırıq”.