“Paşinyan nəinki prezident Trampla...” Siyasət

“Paşinyan nəinki prezident Trampla...”

Mübariz Əhmədoğlu: “Heç vitse-prezident və ABŞ dövlət katibi ilə də görüşə bilmədi”

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçıların nümayəndəsi Masis Mayilyan ABŞ-a gedib. Masis Mayilyan səfər çərçivəsində ABŞ Konqresində “DQR”-in “müstəqilliyinə həsr olunmuş məruzə” ilə çıxış edəcək. Habelə ABŞ Konqresinin komitə sədrləri və üzvləri ilə görüşlər və Vaşinqtondakı ictimai-siyasi təşkilatlarda çıxışlar planlaşdırılır.
Bunu şərh edən Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlu bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-a səfəri ətrafının bütün davranışları Vaşinqtonun Ermənistana münasibətini xarakterizə etmək üçün kifayət qədər əsas yaratdı: “Ermənistan XİN bütün qüvvəsi ilə Paşinyanın ABŞ prezidenti DonaldTrampla görüşünü təşkil etməyə çalışdı. XİN rəhbəri Mnatsakanyanın açıqlamalarından başa düşmək olardı ki, Paşinyan-Tramp görüşü çox mümkündür. Səfər baş tutduqdan sonra bəlli oldu ki, Paşinyan nəinki prezident Trampla, heç vitse-prezident və ABŞ dövlət katibi ilə də görüşə bilmədi. Moldova Baş naziri Mayya Sanduya ABŞ-da olan münasibət Ermənistana olan neqativ münasibətin düşünülmüş olduğunu göstərir". Bunu politoloq Mübariz Əhmədoğlu bildirib. O qeyd edib ki, Ermənistan da Moldova kimi yarım parlamentli idarəçilik sisteminə malikdir: "Real hakimiyyət prezidentə deyil, Baş nazirə məxsusdur. Moldovanın Baş naziri Mayya Sandu ABŞ-da səfərdə olarkən ABŞ-ın vitse-prezidenti Pens, dövlət katibi Pompeo və ABŞ prezidentinin müşaviri (həm də qızı) İvanka Trampla görüşdü. Bu, ABŞ-ın Moldovaya xüsusi münasibətinin göstəricisidir. ABŞ-dan sonra ATƏT Dnestryanı bölgədən silahlı qüvvələrin çıxarılmasında iştirak etməyə razılıq verdi. Kimsə iddia edə bilər ki, bu Sandunun Baş nazir statusunda ABŞ-a ilk səfəri olduğu üçün yüksək səviyyədə qarşılandı. Paşinyan da keçən il ilk dəfə Baş nazir statusunda ABŞ-da oldu. ABŞ rəsmilərindən heç kəs onu qəbul etmədi. ABŞ-ın Ermənistandakı səfiri Treysi də hələ Paşinyan ABŞ-da olarkən etiraf etdi ki, lazım olanda belə görüş baş tuta bilər. Başqa sözlə, Paşinyanla görüş ABŞ rəhbərliyi üçün lazım deyil. Paşinyanın Trampın təşkil etdiyi qəbulda Trampın xanımı ilə birlikdə şəkil çəkdirməsi isə Ermənistanın ekspert mühitində lağ obyektinə çevrildi. Bu şəklin fotomontaj olduğunu iddia edənlər daha çoxdur və Paşinyanın bu şəklinin Ermənistan vergi ödəyicisinə 350 min dollara başa gəldiyini bildirdilər. N.Paşinyanın ABŞ-a səfəri zamanı çarter reysi 350 min ABŞ dollarına başa gəlmişdi".