Azərbaycan nümayəndə heyəti ABŞ-a səfər edib Siyasət

Azərbaycan nümayəndə heyəti ABŞ-a səfər edib

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyətinin ABŞ-a səfəri başlayıb.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, S. Seyidov noyabrın 19-dan ABŞ Konqresində - Senat və Nümayəndələr Palatasında görüşlər keçirəcək.
Görüşlərdə Azərbaycan həqiqətləri konqresmenlərə çatdırılacaq, eyni zamanda qondarma “erməni soyqırımı” ilə bağlı qanun layihəsinə etiraz ifadə olunacaq. Səfər noyabrın 23-də başa çatacaq.
Qeyd edək ki, bir müddət əvvəl S. Seyidov keçirdiyi mətbuat konfransında yaxın zamanlarda Azərbaycan nümayəndə heyətinin ABŞ-a səfər edəcəyini bildirmişdi. Səfərin məqsədinə aydınlıq gətirən S. Seyidov vurğulamışdı ki, qondarma “erməni soyqırımı” barədə qərar layihəsini Nümayəndələr Palatasına təqdim edənlər və dəstəkləyənlər “Dağlıq Qarabağın xarici işlər naziri” ilə Konqresdə görüşlər keçirib, dinləmələr təşkil edənlərdir, həmin dinləmələrin təşkil edilməsi ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri kimi nüfuzuna mənfi təsir göstərir. Onun sözlərinə görə, ABŞ Azərbaycanla münasibətlərdə özünü obyektiv tərəf kimi göstərir və Konqres tərəfindən belə addımların atılması ABŞ-ın regiondakı maraqlarına ziddir, ermənipərəst qüvvələr Azərbaycan və Türkiyəyə zərbə vurmağa çalışmaqla bərabər, ən böyük zərbəni ABŞ-ın regiondakı maraqlarına vururlar.