“Biz gələcəkdə yenilənmiş parlamentin şahidi olacağıq” Siyasət

“Biz gələcəkdə yenilənmiş parlamentin şahidi olacağıq”

Əliməmməd Nuriyev: “Bu addımlar islahatların dərinləşdirilməsinə və ölkədə dəyişikliklərin bütöv hakimiyyət budaqlarını əhatə etməsinə yeni bir avantaj olacaqdır”

Prezident İlham Əliyevin "Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında" sərəncamamına əsasən Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.
Deputatı Sona Əliyeva deyib ki, Azərbaycanda gəncləşdirmə siyasəti aparılır: “Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan kadr və struktur islahatları da çevik, dinamik idarəetmənin daha da təkmilləşdirilməsinə hesablanıb. Bu baxımdan, Milli Məclisin də yürüdülən siyasətlə ayaqlaşması vacib şərtlərdəndir”. Millət vəkili bildirib ki, qanunverici orqan olan Milli Məclisdə də gəncləşdirmə siyasətinə ehtiyac var: "Cənab Prezidentin dediyi kimi, gəncləşdirmə və dinamizm təcrübə ilə vəhdət təşkil etməlidir. Hazırda parlamentdə innovativ və modern idarəetmə çağırışlarına cavab verən gənclərə müəyyən mənada ehtiyac duyulur. Təbii ki, xalqla, seçicilərlə mütəmadi təmasda olmaq, problemlərin dinlənilməsi, qaldırılan məsələlərin bir çox hallarda yerində həlli əsas şərtlərdəndir. Bu mənada, Milli Məclisin tərkibinin fəal, dinamik və təcrübəli kadrlardan təşkili vacib şərtlərdən birinə çevrilib". Deputat vurğulayıb ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası, iqtisadiyyatın dinamik inkişafı, əhalinin rifahının daha da yaxşılaşdırılması siyasətinin bundan sonra da effektiv həyata keçirilməsini, daha geniş hədəflərinin müəyyənləşməsini və daha dərin islahatların aparılmasını zəruri edir: "Azərbaycada bütün sahələrdə reallaşdırılan, o cümlədən struktur və kadr islahatları cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Hesab edirəm ki, bu baxımdan, parlamentdə də islahatların həyata keçirilməsi və qanunverici orqanın yenilənməsi bu islahatların məntiqi davamı ola bilər".
Deputat Bəxtiyar Əliyev diqqətə çatdırıb ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri ölkədə aparılan islahatlara dəstək məqsədilə həyata keçirilir. B.Əliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin heç bir alternativi yoxdur: “Azərbaycan xalqının xöşbəxtliyi, firavan gələcəyi, torpaqlarımızın düşmənlərdən azad edilməsi, ərazi bütövlüyü və suverenliyimizin təmin edilməsi yalnız və yalnız Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasətin və bu islahatların nəticəsində mümkündür. Ona görə yeniləşən və uğurla inkişaf edən Azərbaycanda parlament seçkilərinin keçirilməsi ölkədə aparılan uğurlu siyasətə xalq dəstəyinin bariz nümunəsi olacaq. Ötən il cənab Prezident özü növbədənkənar seçkilərə gedərək həyata keçirilən islahatlara bir daha xalqın münasibətini bilmək istədi. Xalq yekdilliklə Prezident İlham Əliyevə səs verdi və bu siyasəti dəstəklədiyini bir daha bəyan etdi. Mən tam əminəm ki, Azərbaycan xalqı yenə də bu uğurlu siyasətə səs verəcək”.
Radikal müxalifətin növbədənkənar seçkilərlə bağlı səsləndirdiyi fikirlərlə bağlı deputat qeyd edib ki, onların hər hansı uydurma fikirləri xalqın iradəsini qətiyyən ifadə etmir: “Müxalifətin bu qolunun bacarıqsızlığını, səriştəsizliyini və Azərbaycan dövlətçiliyinə, milli maraqlarına qarşı həyata keçirdiyi hərəkətləri xalq qətiyyətlə pisləyir. Mən tövsiyə edərdim ki, özlərini müxalifət lideri adlandranlar heç olmasa bir dəfə də olsa milləti, dövlətçiliyi və milli maraqları düşünsünlər və bu gün müharibə vəziyyətində olan Azərbaycan üçün, dövlətçiliyin möhkəmləndirilməsi üçün heç olmasa konstruktiv bir addım atsınlar. Onların parlament seçkiləri haqqında səsləndirdikləri hər hansı bir bəyanatın heç bir hüquqi əsası yoxdur və ola da bilməz. Çünki Azərbaycan demokratik, hüquqi bir dövlətdir. Sadəcə olaraq heç bir sosial dayağı olmayan və xalqın dəstəyini ala bilməyən radikal müxalifət seçkilərdəki uğursuzluğunu əvvəlcədən bilərək bu cür sərsəm bəyanatlar səsləndirməklə öz bacarıqsızlıqlarını ört-basdır etməyə çalışırlar”.
Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda ən böyük partiyadır və ən böyük parlament fraksiyasına malikdir: “YAP bütövlükdə ölkədə islahatların həyata keçirilməsinə həm də ən çox məsuliyyəti olan bir partiyadır. YAP Siyasi Şurası öz sədri, Prezidenti qarşısında məsuliyyətini daha yaxşı anladı və mövcud situasiyada dəyişikliklərin və islahatların dərinləşməsinə yeni formatda dəstək verməsini zəruri hesab etdi. Bunun da ən mühüm məsələlərindən biri bildiyiniz kimi qanunverici hakimiyyətdə YAP böyük deputat sayı ilə təmsil olunur. Partiyanın 70-dən artıq deputatı var. Qanunverici orqan bu proseslərdə yetərincə geniş miqyasda fəaliyyət göstərə bilmir. Bu çox məsuliyyətli bir məsələ idi, həm də ölkədə o məsuliyyəti başa düşərək qəbul edilən bir qərardır. 2016-cı ildə Azərbaycan Respublikasının Konstitusiyasında mühüm dəyişikliklər baş verdi. Eyni zamanda seçki ilə bağlı məsələlərdə də çox əhəmiyyətli dəyişikliklər oldu. Bu dəyişikliklərdən bir qədər sonra növbədənkənar prezident seçkiləri oldu. Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi istiqamətində hakimiyyətin başqa bir qolunda əhəmiyyətli dəyişikliklər baş verməkdədir. Belə olan halda parlament bundan kənarda qala bilməz. Parlamentin məsuliyyəti də daha çox YAP-ın üzərinə düşür. Ona görə də YAP Siyasi Şurası belə bir təşəbbüslə çıxış etdi. Bu addımlar islahatların dərinləşdirilməsinə və ölkədə dəyişikliklərin bütöv hakimiyyət budaqlarını əhatə etməsinə yeni bir avantaj olacaqdır. Bu baxımdan biz gələcəkdə yenilənmiş parlamentin şahidi olacağıq”.