Cənubi Qafqazda kiçik NATO... Siyasət

Cənubi Qafqazda kiçik NATO...

Elxan Şahinoğlu: "Azərbaycan-Türkiyə-Gürcüstan hərbi ittifaqı Rusiyanın Cənubi Qafqazda hərbi hegemonluğunun qarşısını alır"

"Rəsmi Bakı Kremlin Dağlıq Qarabağ münaqişəsinin həllində pozitiv rol oynamayacağını özü üçün müəyyənləşdirib. Vaxtilə müəyyən ümidlər var idi ki, Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyev münaqişənin həllində pozitiv rol oynaya bilər. Ancaq Medvedyev də Rusiyanın "ənənəvi" siyasətindən kənara çıxmadı və onun təşkil etdiyi 10 görüş nəticəsiz qaldı".
Bu barədə "Atlas" Araşdırmaları Mərkəzinin regionda mövcud situasiya ilə bağlı təhlilində bildirilir. Mərkəzin rəhbəri Elxan Şahinoğlunun fikrincə, indi Putin irəli çıxıb, ancaq onun da Ermənistana təzyiq edib Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun boşaldılmasıyla həll prosesinə təkan vermək planı yoxdur: "Soçi görüşü bunun ən bariz nümunəsidir. Putin ən azı erməni həmkarını Kəlbəcərdə girov götürülən azərbaycanlıları sərbəst buraxmağa sövq edə bilərdi, Sərkisyan Putinin bu istəyini dərhal həyata keçirərdi. Ancaq Putin bu addımı atmadı. Soçi görüşündən sonra bir daha bəlli oldu ki, Rusiyanın istəyi sadəcə Dağlıq Qarabağ ətrafında status-kvonun qorunmasıdır. Bu isə Azərbaycanın maraqlarına ziddir".
Ekspertlə görə, Soçidən dərhal sonra Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin Naxçıvanda görüşməsi təsadüfi məsələ deyil. Onun fikrincə, bölgədə Rusiya-Ermənistan hərbi ittifaqına qarşı alternativ modelin formalaşması istiqamətində səylər var: "Müharibə başlayacağı təqdirdə, heç şübhəsiz, Rusiya Ermənistana və Dağlıq Qarabağdakı separatçılara dəstək verəcək. Təsadüfi deyil ki, Soçi görüşündən sonra Rusiya Ermənistanla birgə hərbi təlimlər keçirdi. Bununla Kreml Bakıya bir daha mesaj göndərirdi ki, Azərbaycan müharibəyə başlasa, qarşısında Rusiya-Ermənistan hərbi ittifaqını görəcək. Deməli, Azərbaycan vaxt gözləmədən bu ittifaqdan qorunmağın yolları üzərində düşünməlidir və ən yaxşı formul Azərbaycan-Türkiyə-Gürcüstan hərbi ittifaqının formalaşmasıdır. Bu ittifaqın güclənməsi Ermənistan ətrafındakı siyasi, iqtisadi və hərbi blokadanı gücləndirir".
Elxan Şahinoğlunun qənaətincə, rəsmi Bakı hazırkı şərtlər daxilində müharibəyə risk etməyəcəksə, blokada vasitəsilə Ermənistanın iqtisadi və sosial problemlərini dərinləşdirməyə çalışacaq: "Gürcüstanın müdafiə naziri İrakli Alasaniya bu ittifaqın heç kimə qarşı yönəlmədiyini bildirsə də, Azərbaycan və Türkiyənin müdafiə nazirləri oxşar açıqlamalar səsləndirmədilər. Çünki Dağlıq Qarabağda müharibə başlayacağı təqdirdə bu ittifaq qarşıdurmadan kənarda qala bilməyəcək. Bu ilin may ayında Tiflisdə Gürcüstan, Türkiyə və Azərbaycan prezidentləri bir araya gələrək müxtəlif mövzuları müzakirə etmişdilər. Həmin görüş 3 dövlət arasında bir-birinə bağlılığın getdikcə artdığını göstərirdi. Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzrum qaz boru xətlərinə 2015-ci ildə Bakı-Tiflis-Qars dəmiryolu da əlavə edildikdən sonra bu 3 ölkədən hər birinin təhlükəsizliyi digəri ikisi üçün də vacib olacaq".
Şərhçinin fikrincə, 3 ölkənin müdafiə nazirlərinin avqustun 18-də Naxçıvandakı görüşü bir neçə səbəbdən əhəmiyyətli idi: "Birincisi, bu, Kremlə mesaj idi ki, müharibənin başlayacağı təqdirdə Gürcüstan üzərindən Ermənistana hərbi yardım daşıya bilməyəcək. İkincisi, İrəvana mesaj idi ki, müharibə başlayacağı təqdirdə Gürcüstandan keçən boru xətlərinə qarşı diversiya həyata keçirsə, qarşısında Bakı və Ankara ilə yanaşı Tiflisi də görəcək.
Azərbaycan-Türkiyə-Gürcüstan hərbi əməkdaşlığında ən vacib halqa Gürcüstandır. Onsuz da Azərbaycan Türkiyə ilə hərbi əməkdaşlığını genişləndirir, bu sxemə Gürcüstanın qoşulması faktiki bölgədə kiçik NATO-nun formalaşmasına işarədir. Gürcüstanın yeni hakimiyyəti Rusiya ilə münasibətlərini normallaşdırmağa çalışsa da, bu alınmadı. Çünki Kreml Abxaziya və Cənubi Osetiya məsələsində geri addım atmağı planlaşdırmır. Bunsuz isə Gürcüstan-Rusiya münasibətlərinin normallaşdırılması mümkün deyil. Ona görə də Gürcüstan Rusiyadan qorunmaq məcburiyyətindədir.
Müdafiə nazirlərinin görüşünün məhz Naxçıvanda keçirilməsi Bakı üçün vacib idi. Çünki son zamanlar Ermənistan rəsmiləri, o cümlədən bu ölkənin müdafiə naziri Seyran Ohanyan Dağlıq Qarabağda müharibə başlayacağı halda Naxçıvanın da "problemlərlə" üzləşə biləcəyini deyirlər. Bu, açıq-aşkar Naxçıvanın təhdid edilməsidir. Azərbaycanın Naxçıvanla birbaşa sərhədi olmadığından Bakı bu bölgənin qorunmasında Türkiyəyə ümidlidir. 1921-ci ildə Qarsda imzalanan müqaviləyə görə Türkiyə Naxçıvanın təhlükəsizliyinin qarantıdır. Rəsmi Bakı türkiyəli rəsmilərin bu müqaviləni daima İrəvanın diqqətinə çatdırılmasında maraqlıdır. Digər tərəfdən rəsmi Bakı Naxçıvanda türkdilli dövlət başçılarının, müdafiə nazirlərinin və başqa beynəlxalq səviyyəli görüşlərin təşkilinə çalışır ki, Azərbaycanın müttəfiqləri bu bölgənin təhlükəsizliyinə diqqəti artırsınlar".
Ekspert diqqətə çatdırdı ki, Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Naxçıvan görüşündə iki konkret qərar da verildi: "Birincisi, müdafiə nazirləri hər 6 aydan bir görüşəcəklər və 3 ölkə birgə hərbi təlimlər keçirəcək. Rəsmi Bakı hərbi təlimlərdən birinin Naxçıvanda keçirilməsində maraqlıdır. Cənubi Qafqazda Türkiyə, Gürcüstan və Azərbaycanın iştirakı ilə "kiçik NATO"nun formalaşması Vaşinqton və Brüsselin də maraqlarına cavab verir. Birincisi, bu hərbi ittifaqla Rusiyanın sıxışdırmağa çalışdığı Gürcüstana Azərbaycan və Türkiyənin dəstəyi artır. İkincisi, Azərbaycan-Türkiyə-Gürcüstan hərbi ittifaqı Rusiyanın Cənubi Qafqazda hərbi hegemonluğunun qarşısını alır".