Bu əsl siyasi korrupsiyadır Siyasət

Bu əsl siyasi korrupsiyadır

Azərbaycanın Los Ancelesdəki Baş konsulluğu: "Amerika siyasi sisteminin təcili şəkildə ciddi islahatlara ehtiyacı var"

Azərbaycanın Los Ancelesdəki Baş konsulluğu Kaliforniya ştatı Senatının Dağlıq Qarabağa dair qərəzli qətnaməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, məlum olduğu kimi, Kaliforniyadakı erməni lobbisinin güclü təzyiqləri altında anti-Azərbaycan xarakterli AJR 32 saylı qətnamə artıq bir neçə müddətdir ki, Kaliforniya Senatının gündəliyində idi.
Qətnamə gündəliyə gətirilən andan Azərbaycanın Los Ancelesdəki Baş konsulluğu tərəfindən bütün senatorlara dəfələrlə məktub göndərilib, onlarla çoxsaylı görüşlər keçirilib, qətnamənin tam qərəzli olduğu, ABŞ xarici siyasətinə zidd olduğu, o cümlədən etnik təmizləməyə, qanunsuz işğala haqq qazandırdığı diqqətə çatdırılıb: "Bundan başqa, Kaliforniyadakı Azərbaycan icması səfərbər olmuş, Senata müxtəlif vasitələrlə öz etirazlarını çatdırmışdılar. Nəticədə 1 milyon erməninin yaşadığı Kaliforniya kimi ştatda erməni lobbisinin dəridən-qabıqdan çıxmasına, Kaliforniyanın qanunverici orqanının iki erməni deputatının bütün səylərinə, ermənilər tərəfindən hədə-qorxu, şantaj və digər vasitələrlə senatorlara göstərilən təzyiqlərə baxmayaraq, avqustun 27-də keçirilən səsvermədə 40 senatordan 17-si qətnamənin lehinə səs verməkdən imtina edib".
Bəyanatda deyilir ki, qərəzli qərarın qəbulu əsl siyasi korrupsiyadır: "Buna başqa ad vermək mümkün deyil. Bu həmçinin, ABŞ demokratiyasının və siyasi sisteminin qüsurlu olmasının bariz göstəricisidir. Hansısa etnik lobbi razı qalsın deyə, ABŞ-ın rəsmi mövqeyinə və milli maraqlarına zidd olan belə qətnamənin qəbulunun mümkün olması göstərir ki, Amerika siyasi sisteminin təcili şəkildə ciddi islahatlara ehtiyacı var".
ABŞ-ın Azərbaycandakı Səfirliyinin mətbuat xidmətindən isə bildiriblər ki, Kaliforniya Ştatının Senatı tərəfindən Dağlıq Qarabağa dair qəbul edilən qətnamə bir qanunvericilik orqanının bildirdiyi rəydir və bu rəy ABŞ-ın məsələyə dair xarici siyasətini dəyişmir: "Birləşmiş Ştatların xarici siyasəti federal hökumat tərəfindən müəyyənləşdirilir. Ştatlar öz fikirlərini bildirməkdə azaddırlar lakin onların rəyi milli xarici siyasəti təmsil etmir".

TURQUT