883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib Siyasət

883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib

"Mərkəzi Seçki Komissiyasının (MSK) “Qaynar xətt”i ona görə yaradılıb ki, zənglərə operativ cavab verilsin".
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
O bildirib ki, “Qaynar xətt”ə edilən zənglərə operativ və qanunvericiliyin tələblərinə uyğun olaraq cavab verilməlidir.
Məzahir Pənahov qeyd edib ki, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 77721 yerli müşahidəçi, 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.
Qeyd edək ki, Azərbaycan Respublikasının bütün seçki dairələrində müşahidə aparılması üçün ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi yanvarın 30-dək olan dövrü əhatə edib. Müəyyən seçki dairəsinin hüdudlarında müşahidə aparmaq üçün isə vətəndaşlar ərizələrini müvafiq dairə seçki komissiyasına fevralın 4-dək təqdim etməli idilər.
Məzahir Pənahov əlavə edib ki, həmçinin seçkilərdə 1129 səlahiyyətli nümayəndə, 7603 məşvərətçi səs hüquqlu komissiya üzü, 2085 vəkil qeydiyyatdan keçib.
Xatırladaq ki, Azərbaycan Milli Məclisinə seçkilər fevralın 9-da keçiriləcək.
MSK sədri bildirib ki, məntəqələrdə seçicilərin rahat səs vermək hüququnu təmin etmək üçün şərait yaradılıb: “Seçki subeyktlərinin hüququnun qorunması bizim borcumuzdur. Buna heç kəs xələl gətirə bilməz. Seçkilərdə heç kimin hüququnun pozulmasından söhbət gedə bilməz. Bütün seçki subyektlərinin hüquqlarını qorumaq MSK-nın borcudur. Bütün xoşagəlməz hallarla bağlı hər kəs MSK-ya müraciət edə bilər. MSK-ya hər hansı müraciət daxil olsa, biz oraya gedəcəyik”.
Məzahir Pənahov bildirib ki, namizədlərin təşviqat materiallarını fevralın 8-i saat 08:00-dan tez müvafiq lövhələrdən yığışdırmaq olmaz.
Qeyd edək ki, Seçki Məcəlləsinin 72.3, 74.1.2, 74.1.4, 75.2-ci maddələrinə əsasən, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən aparılan seçkiqabağı təşviqat kampaniyası səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır. Fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar bu müddət fevralın 8-i saat 08:00-a qədər olan dövrü əhatə edir.