“Prezidentin seçimi insanların sağlamlığıdır” Siyasət

“Prezidentin seçimi insanların sağlamlığıdır”

Sahib Alıyev: “Karantin rejimi də bu üzdəndir”

“Dövlətimiz koronavirus pandemiyasının həm sağlıq, həm də iqtisadi baxımdan vurduğu zərərləri minumuma endirmək üçün nə lazımdırsa, hamısını bütün incəliklərinədək ölçüb-biçərək etməyə çalışır, edəcək də. Biz bu zaman ilk növbədə iqtisadiyyata zərər dəyməsinə yol verməməkmi, yoxsa insanların sağlamlığını qorumaqmı dilemmasıyla üzləşəndə cənab Prezidentin seçimi insanların sağlamlığı olub ki, karantin rejimi də bu üzdəndir”.
Bunu “Xalq cəbhəsi”nə millət vəkili Sahib Alıyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda Prezident İlham Əliyevin çıxışını şərh edərkən bildirib. Sahib Alıyev deyib ki, üstünlük insanların sağlamlığına verilib, ancaq makroiqtisadi və maliyyə sabitliyinin qorunub-saxlanması üçün də dövlət əlindən gələni edir: “Düzdür, 2020-ci ildə iqtisadi artım proqnozlaşdırılan səviyyədə olmayacaq və bəlkə də heç olmayacaq, amma bunun mənfi təsirini insanlar öz dolanışıqlarında elə də çox hiss etməyəcəklər.
Koronavirus pandemiyasının iqtisadiyyata vurduğu zərbənin mənfi təsirini Azərbaycan vətəndaşı öz dolanışığında ona görə elə də çox hiss etməyəcək ki,
1) infilyasiyanın sürətli artımına yol verilməməsi üçün tədbirlər görülür, 2) manatın məzənnəsi dəyişməyəcək, bunu cənab Prezidentin özü vurğuladığından niyəsini açıqlamağa ehtiyac duymuram, 3) sosial xərclərdə heç bir ixtisar olmayacaq, 4) bu il üçün nə qədər planlaşdırılmışdırsa, bir o qədər köçkünümüz ( 7 min) və şəhidlərimizin ailələri (1500) yeni mənzillə təmin olunacaqlar.
Bundan başqa pandemiyaya görə öz işini müvəqqəti itirən 600 mindən çox adama dəstək göstərilir, göstəriləcək, 50 mindən artıq ödənişli ictimai iş yerləri açılacaq, 17 min tələbənin təhsil haqqını dövlət ödəyəcək, sahibkarlara köməklik olunacaq. Ünvanlı sosial yardım alanların sayı artırılaraq 70 minə çatdırılıb, mümkündür ki, yenə artırılsın. Özünüməşğulluq proqramının genişlənməsində, mikrobiznes subyektlərinin artmasında effektli yeniliklər gözlənilir və sair”.
Millət vəkili əlavə edib ki, 2020-ci il islahatların dərinləşdirililməsiylə tarixə düşəcək: “İqtisadiyyatda bu özünü özəlləşdirmənin daha geniş şəkildə aparılmasında - liberallaşmada, kapitalın və mülklərin amnistiyasında, gizli iqtisadiyyata vurulan sarsıdcı zərbədə, idarəetmə və struktur təkmilləşdirilməsinin yeni sahələrə tətbiqində, investisiya proqramlarının, dövlət qurumlarının xərclərinin optimal, daha şəffaf tərtibində göstərəcək.
İslahatlar siyasətdə Milli (millimi?) Şura kimi dövlətə düşmənçilik yanaşması sərgiləyən və xarici güclərə bağlı qruplar istisna olmaqla müxalifət partiyalarıyla başladılan dialoqun genişləndirilməsi, onların ölkədəki proseslərə təsirlərinin əhəmiyyətli şəkildə artması, bütövlükdə demokratiyanın yeni mərhələsinə keçid və dövlət başçımızın təbirincə desək, yeni siyasi konfiqurasiyanın yaranmasıyla yadda qalacaq.
Dövlət həm iqtisadi, həm siyasi, həm də geosiyasi müstəvidə yeritdiyi müstəqillik siyasətindən bir addım da olsun geri çəkilməyəcək. Beynəlxalq Valyuta Fondundan borc almaq üçün sıraya düzülən 150 dövlətin arasında Azərbaycanın yoxluğu, Davos Forumu çərçivəsində aparılan danışıqlar, Münhen Təhlükəsizlik Konfransında sərgilənən mövqeylə duruş, Türk Şurasının sonuncu Zirvə görüşündə nəzərə çarpan reallıqlar, bütün beynəlxalq qurumlar Dağlıq Qarabağdakı qanunsuz rejimin orada keçirilən qondarma seçkini tanımadıqlarını bildirməsi fonunda susmağa üstünlük verən Avropa Şurası Parlament Assambleyasını cənab İlham Əliyevin kəskin və kəskin olduğu qədər də haqlı tənqidi və sair faktlar da bir növ bunun təsdiqidir.
İqlim dəyişikliyi nəticəsində 10, 20 il sonra Azərbaycanda geniş şəkildə səhralaşma başlaya bilər ki, biz indidən bu reallığa hazır olmalıyıq. İlk növbədə sudan daha qənaətlə və effektli istifadəni bacarmalıyıq. Ona görə də cənab Prezident suvarmada innovasiyanın geniş tətbiqi və sızıntıları aradan qaldırmaq üçün su kanallarının yenindən qurulması tapşırığını verdi. Yeri gəlmişkən, Tərtər də su çatışmazlığından əziyyət çəkən rayonların sırasındadır və mən büdcə müzakirələrində də, hökumətin hesabatında da bundan ən önəmli çıxış yolu kimi məhz ölkə rəhbərinin tələb etdiyi məsələni göstərmişdim. Quraqlıq şəraitində subartezian quyuların çoxluğu yeraltı su balansını pozduğudan hökuməti təcili şəkildə suvarmada İsrail və digər qabaqcıl ölkələrin təcrübəsindən geniş şəkildə faydalanmağa çağırmışdım.
Dünən keçirilən toplantıda iki reallıq da açıqlandı. Onlardan biri bundan ibarətdir ki, Milli (millimi?) Şura deyilən qruplaşma və yan-yörəsindəkilər bu çətin günlərdə də öz amplualarındadırlar. Onlar cənab Prezidentin də bildirdiyi kimi “ölənlərin, xəstələrin sayının artmasını istəyirlər, buna sevinirlər” ki, dövlət başçımız düz deyir, onun da bir adı var-düşmənçilik. Amma xislətlərindən və bağlı olduqları çevrələrin tapşırığıyla bu cür hərəkət edənlərlə yanaşı bəzi hallarda özünün bir tikəsini ikiyə bölüb qohumuna, qonşusuna, çox vaxt isə heç tanımadığına verən minlərlə soydaşımız var ki, dövlət başçısı onların hamısına öz təşəkkürünü çatdırdı. Dayanışma, dövlət-vətəndaş birliyi, birgəliyi deyilən, məhz budur!”.

Əli