Əli Hüseynli: “Ali Məhkəmədə 9 vakant hakim ştatı yaradılıb” Siyasət

Əli Hüseynli: “Ali Məhkəmədə 9 vakant hakim ştatı yaradılıb”

“Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində hakimlərin iştirakı ilə geniş müzakirələr keçirilib və məhkəmə-hüquq siyasəti sahəsində görülən işlər barədə məlumat verilib”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında, Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında, bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında məsələnin müzakirəsi zamanı I vitse-spiker Əli Hüseynli deyib.
O bildirib ki, ölkədə 12 yeni məhkəmə yaradılıb: “Hakim ştatlarının sayı 200 vahid artırılıb, artıq hakimlərin fasiləsiz seçilməsi təcrübəsi yaradılıb. Ali Məhkəmənin qarşısında mühüm vəzifələr qoyulub. Hakimliyə namizədlərin hamısı parlamentin bugünkü iclasında iştirak edir. Hazırda Ali Məhkəmədə 41 hakim ştatı mövcuddur, 9 vakant hakim ştatı yaradılıb. Ali Məhkəməyə Apelyasiya instansiya məhkəmələrinin ən nüfuzlu hakimlərinin təyin olunması təklif edilib”.
Ə. Hüseynli bildirib ki, Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev, Bakı Apelyasiya Məhkəməsinin hakimi İlham Əhmədov, Şirvan Apelyasiya Məhkəməsinin hakimi Fehruz Abbasov və Şəki Apelyasiya Məhkəməsinin hakimi Mübariz Hüseynov öz ərizəsi ilə vəzifələrindən azad olunublar: “Bu gün bizim qəbul etdiyimiz qərar onların vəzifələrindən azad olunmaları ilə bağlıdır. Ümumilikdə hakim korpusuna yeni təyinatların aparılan islahatlara müsbət təsir göstərəcəyini düşünürəm”.