Azərbaycan dövlətlər və xalqlar arasında körpü yaradır Siyasət

Azərbaycan dövlətlər və xalqlar arasında körpü yaradır

Qoşulmama Hərəkatının Təmas Qrupunun Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutan videokonfrans formatında Zirvə görüşü pandemiya şəraitində keçirilən ilk ən böyük toplantı kimi mühüm əhəmiyyətə malikdir. Bu görüş həm də Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının dünyada baş verən proseslərə daha çevik reaksiya verə biləcək bir platformaya çevrildiyinin göstəricisi kimi də xüsusi önəm daşıyır.
Bu fikirləri açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.
Qeyd edib ki, Azərbaycan ayrı-ayrı beynəlxalq təşkilatlara sədrlik etdiyi bütün dönəmlərdə üzərinə götürdüyü öhdəliklərə böyük məsuliyyətlə yanaşıb, Prezident İlham Əliyevin şəxsində yüksək liderlik keyfiyyətləri və təşəbbüskarlıq nümayiş etdirib. Ölkəmizin beynəlxalq təşkilatlara sədrliyi dönəmində bir çox ilklərə imza atılıb, yeni ideyalar və təşəbbüslər irəli sürülüb. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına rotasiya qaydasında sədrliyi dönəmində Prezident İlham Əliyevin təşəbbüsü ilə “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda keçirilən və böyük rezonans doğuran yüksək səviyyəli iclası buna misal gətirmək olar. Xatırladım ki, Azərbaycanın BMT TŞ-yə sədrlik etdiyi dönəmədək, heç bir ölkə, ö cümlədən Azərbaycan istisna olunmaqla, İslam Əməldaşlıq Təşkilatına və BMT-yə üzv olan 56 müsəlman ölkəsinin heç biri BMT-İƏT əməkdaşlığı kimi önəmli bir məsələnin müzakirəyə çıxarılmasına cəhd göstərməmişdi.
Onun sözlərinə görə, başqa bir nümunə Azərbaycanın Türk Dövlətləri Əməkdaşlıq Şurasına (TDƏŞ) sədrliyi dönəmində üzv dövlətlərin gələcək münasibətlərinin təməlini təşkil edəcək təşəbbüslər irəli sürülüb və Türk Akademiyası tərəfindən birgə tarix dərsliklərinin hazırlanması, ali və təhsil müəssisələrində üzv ölkələrin dillərinin öyrənilməsi, Türk Universitetlər Birliyinin yaradılması və s. kimi strateji önəm kəsb edən qərarlar qəbul edilib. TDƏŞ çərçivəsində Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən tarixi tədbirlərdən biri də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin Bakıda keçirilən forumu və Forumda “Türkdilli dövlətlərin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası”nın qəbul edilməsidir.
“Göründüyü kimi, beynəlxalq təşkilatlara Azərbaycanın sədrlik etdiyi dönəmlərdə, yaxud ölkəmizin bu və ya digər qurumun üzvü kimi irəli sürdüyü təşəbbüslərdə regional, subregional və qlobal həmrəyliyə nail olunması, bunun üçün möhkəm təməllərin yaradılması ön planda dayanır. Bu isə liderlik xüsusiyyətlərinin özünü daha qabarıq şəkildə büruzə verməsi, prosesə daha qlobal və strateji müstəvidən yanaşılması, qarşılıqlı faydalılıq prinsipinin bütün digər məqamlardan üstün tutulması deməkdir.
Azərbaycanın qlobal pandemiya şəraitində irəli sürdüyü təşəbbüslərə yüksək səviyyədə verilən dəstəyin əsasında da, məhz yuxarıda sadaladığım amillər dayanır. Ölkəmiz dövlətlər, xalqlar arasında kommunikasiyanın qurması, körpü yaradılması istiqamətində mühüm bəşəri əhəmiyyət kəsb edən missiyasını uğurla davam etdirir” , - deyə ekspert vurğulayıb.